Ermənistanla Azərbaycan arasında davamlı sülhü hansı güclər istəmir? – SİYAHI 

Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında davamlı sülhü hansı güclər istəmir? – SİYAHI 

135667

Hər dəfə Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlıq başlananda ermənilər təxribata əl atırlar. Bu dəfə də ənənə pozulmadı. Dünən səhər saatlarından başlayaraq Basarkeçər rayonundan ərazilərimiz ağır texnikalardan atəşə tutuldu və canlı itki verdik. 

Ermənistanın bütün cəhdlərinə rəğmən ordumuz tərəfindən təxribatlara layiqli cavab verildi. Bəs, danışıqlar ərəfəsində bu təxribatın törədilməsində hansı güclər maraqlıdır?

Çox təəssüf ki, hərbi təxribatlarda Ermənistanın daxilində və xaricində kifayət qədər maraqlı qüvvələr var.

Birincisi, Ermənistandakı hərbi müxalifət danışıqların uğurla yekunlaşmasını istəmir. Təsadüfi deyil ki, Ermənistan ordusunun komandanlığı Paşinyanı qəbul etmir. Və onun göstərişlərini də çox zaman eşitmir. Ona görə də ordudakı anti-Paşinyan qüvvələri davamlı şəkildə təmas xəttində təxribatlar törədirlər.

İkincisi, Rusiya Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir. Sülh olacağı təqdirdə ruslar bu bölgədən sıxışdırılıb çıxarılacaq. Ona görə də Moskva sözdə sülh desə də, əməldə bunun əleyhinə gedir. Rusiya Cənubi Qafqazda yalnız bir halda sülh istəyir. O da ancaq Kremlin moderatorluğu əsasında hazırlanarsa... Çünki, belə olan təqdirdə Rusiya bölgədə öz təsir imkanlarını saxlayacaq. Amma Qərbin təklif etdiyi sülh sazişi rusların qorxunc röyasıdır.

Üçüncüsü, İran Azərbaycanla Ermənistan arasında nəinki davamlı sülhün, heç hansısa təmasların olmasını belə istəmir. Rəsmi Tehran bu iki ölkə arasında müharibənin yenidən alovlanmasını istəyən bəlkə də tək dövlətdir. Sülh bütün hallarda Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın maraqlarının təmin olunması isə molla-fars rejimin ən son istəyəcəyi şeydir.

Dördüncüsü, Avropanın ən böyük dövləti olan Fransa da bu bölgədə davamlı sülhü istəmir. Bunun bir səbəbi Yelisey Sarayındakıların erməni milyarderlərindən maddi asılılığıdırsa, digər səbəbi Türkiyə faktorudur. Fransa öz maraqlarına görə Türkiyəni həzm edə bimir. Cənubi Qafqazda davamlı sülh isə Türkiyənin daha çox marağına uyğundur. Ona görə də rəsmi Paris hər vasitə ilə sülh danışıqlarına əngəl olur.

Beşincisi, ABŞ bu bölgədə sülhü istəmir. Səbəb çoxdur. Çünki, Azərbaycan və Ermənistan Ağ Evin əbədi və əzəli rəqibi Rusiyanın və eləcədə sevmədiyi rejimin hökmran olduğu İranın qonşluğunda yerləşir. Ona görə də Vaşinqton istəyir ki, rəqib dövlətlərin sərhədləri yaxınlığında hər zaman gərginlik olsun.

Altıncısı, Hindistan da bu bölgədə sülhün olmasını istəmir. Çünki, Azərbaycanın ən yaxın müttəfiqləri olan Türkiyə və Pakistanı Hindistan özünün ən qatı düşməni hesab edir. Ona görə də rəsmi Dehli istəmir ki, onun rəqiblərinin cinahları daha da güclənsin.

Bir sözlə, Cənubi Qafqazda davamlı sülhün olmasını heç bir güc istəmir. Ona görə də belə təxribatları biz hələ çox görəcəyik.

Sülh sazişi isə bütün hallarda 2023-cü ilin gündəliyində deyil. Cənubi Qafqazda davamlı sülhün olması üçün ən azından Qərbin əsas rəqibi Rusiya sıradan çıxmalıdır. Rusiyanın çökməsi və yaxud Kreml rəhbərliyinin siyasi səhnədən getməsi isə yaxın perspektivdə görünmür...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin