Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
İcazə verin, atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi Sizə çatdırım.
Tatarıstanlılar Azərbaycan xalqının dahi oğlu, adı doğma ölkəsinin tarixinə əbədi yazılmış, Tatarıstan-Azərbaycan əməkdaşlığının təşəkkülündə və inkişafında mühüm rol oynamış görkəmli siyasət və dövlət xadimini - çox hörmətli Heydər Əlirza oğlunu böyük minnətdarlıq və dərin hörmətlə xatırlayırlar.
Xalqlarımız arasında etimad və dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək üçün Sizin atanız, çox hörmətli Heydər Əlirza oğlu tərəfindən göstərilən səyləri davam etdirmək bu gözəl insanın nurlu xatirəsi qarşısında bizim ümumi borcumuzdur.
Ümidvaram ki, biz Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın Rusiya-Azərbaycan münasibətləri kontekstində dinamik şəkildə inkişafı, adlı-sanlı sələflərimizin məhsuldar təşəbbüslərinin layiqli davamçısına çevrilməyə qadir olan yeni məzmunla zənginləşməsi üçün zəruri olan hər şeyi birgə həll edəcəyik.
Sizə möhkəm cansağlığı, firavanlıq, gözəl Azərbaycanın rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram".
Eyni zamanda, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız – dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm.
Heydər Əlirza oğlu bütün həyatı boyu öz xalqına və Vətəninə sədaqətlə xidmət edib. Biz Azərbaycanın müasir tarixində onun xidmətlərinin silinməz izlərini görürük. Böyük siyasi xadimin ardıcıl fəaliyyəti sayəsində respublika çətin sınaqlardan uğurla çıxıb və bu gün tərəqqi yolu ilə inamla irəliləyir. Heydər Əliyevin xalqa müraciətində dediyi kimi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.
Belə də oldu. Siz, hörmətli İlham Heydər oğlu, atanızın, xalqın dahi oğlunun vəsiyyətlərinə sadiqsiniz. Əminəm ki, gələcəkdə də Sizi öz yolunuzda yalnız nailiyyətlər və qələbələr gözləyir.
Sizə səmimi-qəlbdən cansağlığı, rifah və ali dövləti vəzifənizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".
Bizim.Media