Türkofobiyadan yaranan DÖVLƏT – İran necə quruldu və onun missiyası nədir? – TARİXİ FAKTLAR

Hazırda oxunan: Türkofobiyadan yaranan DÖVLƏT – İran necə quruldu və onun missiyası nədir? – TARİXİ FAKTLAR

134962

Ən böyük dərs tarixi həqiqətlərdir. Nəyinsə mahiyyətinə varmaq istəyirsənsə, hökmən tarixə boylanmalısan. Bu mənada Qarabağ münaqişəsinin niyə 32 il çəkdiyini, Zəngəzur dəhlizinin açılmama və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının dalana dirənməsinin səbəblərini bu gündə yox, keçmişdə axtarmaq lazımdır. Ən əsası İranın Azərbaycanın müstəqilliyini qəbullana bilməməsinin sirləri də tarixin qalın qatlarında yatıb qalıb. Ona görə yaxın 100 ilə qısa ekskurs etmək istədik.

Osmanlı imperiyası və Qacar dövlətləri niyə eyni vaxtda çökdü?

Bildiyiniz kimi, 100 il qabaq Osmanlı imperiyası süqut edəndə bir sıra yeni dövlətlər yarandı. Bu imperiya sünni təmayüllü bir imperiya idi. Dağılan imperiyanın yerində yaranan dövlətlərin tam əksəriyyəti də təbii ki, sünni təriqətinin daşıyıcıları idi. Bu isə Qərbin maraqlarına uyğun deyildi. Dini həmrəyliyi aradan qaldırmaq üçün Qərb yeni bir layihəyə start verdi. Qısa zamanda yeni yaranan ərəb dövlətləri Qərbin təsiri altına düşdü. 
 

MÖVZU İLƏ BAĞLI:

İran XİN-in məxfi sənədləri ələ keçirilib? - AÇIQLAMA


Amma bu kifayət deyildi. Müsəlman dövlətlərinin mərkəzində radikal və pozucu bir dövlətə ehtiyac vardı. Yeni dövlət təkcə təriqətə görə yox, həm də radikallığına görə seçilməli idi.Belə bir dövlətin daşıyıcıları isə ancaq farslar ola bilərdi. Farslara isə ən yaxşı dəstəkçi ermənilər...

Ona görə də Qərbin və bolşevik Rusiyasının istəyinə əsasən dünyada 2 yeni dövlət-İran və Ermənistan yaradıldı. 

Baxın, Osmanlı İmperiyasının dağılması Qacarlar dövlətinin süqut etməsi ilə eyni vaxta düşüb. Osmanlı İmperiyasının dağılması və Qacarların süqutu əslində türkçülüyün çöküşü, islamın parçalanması idi. Osmanlının varisi kimi Türkiyə Cümhuriyyəti yaransa da onun sərhədləri imperiyanın ərazilərinin çox cüzi hissəsinə sahib çıxa bildi. 

Qacarların süqutundan sonra isə türklər burada hakimiyyətdən tamamilə uzaq salındı. Beləcə, türklərin 400 illik hakimiyyəti sonlandırılaraq əvəzində yeni fars dövləti yaradıldı. Qəribədir ki, o illərdə dünyada yeni yaranan dövlətlər demokratik yolu tutsa da, yeni yaranan İran dövlətində şah üsuli-idarəsi saxlanıldı. Bu da təsadüfi deyildi. Çünki, qeyri-demokratik dövlətlər beynəlxalq güclər tərəfindən daha rahat idarə olunur. Beləcə 1925-ci ildə hakimiyyətə gətirilən Pəhləvilər 1979-cu ilə qədər hakimiyyətdə qaldılar. Beləcə, tarixə yeni bir dövlətin adı -İran yazıldı. 1925-ci ilə qədər tarixi mənbələrin heç birində İran adlı dövlətə rast gəlinmir. 

İran dövlətinin yaranması Qərbin, həm də SSRİ-nin maraqlarına xidmət edirdi

Çünki, SSRİ-nin tərkibində 5 türk respublikası, 10-a yaxın türk və müsəlman muxtar respublikaları vardı. Onları rahat idarəetmək və milli və dini təəssübkeşliyi aradan qaldırmaq üçün İran kimi bir dölətin olması çox vacib idi. İran dövləti təkcə türkçülüyün düşməni deyildi, həm də İslam dəyərlərinə qarşı çıxan bir qurum idi. Şah dövründə İran bütün islami dəyərlərdən bir növ məhrum edildi. Qərbin yabancı həyat tərzi ölkəyə gətirildi. Daha çox Qərb mədəniyyəti təlqin edildi. Bu da təbii ki, Qərbin layihəsinin bir parçası idi. 

İran türk birliyinin bərqərar olmasında ən böyük maneədir

Bu ölkə ötən illərdə 30 milyondan artıq türkü təkcə bütün insani hüquqlardan məhrum etmədi, həm də onların Şimali Azərbaycanla və digər türk xalqları ilə əlaqəsini birdəfəlik kəsdi. Farslar həm Türkiyənin, həm də digər türk dövlətlərinə qarşı hər zaman düşmən mövqedən çıxış edib. Və bu sahədə  göstərişləri bir qayda olaraq Avropa dövlətlərindən və SSRİ-dən alıblar. 

Çox təssüf ki, tarixçilərimiz uzaq keçmişi yox, heç son 100 ildə regionda baş verən proseslərə lazımınca diqqət ayırmayıblar. Məsələn, bu günədək 1943-cü ildə ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinin İkinci dünya müharibəsi ilə bağlı müzakirələrin niyə məhz Tehranda keçirildiyi barədə heç bir əsaslandırılmış araşdırılmaya rast gəlinmir. Sual oluna bilər ki, niyə uzaq ABŞ dövlətinin başçısı müharibəni müzakirə etmək üçün Avropaya və yaxud dinc Asiya ölkəsinə deyil, məhz İrana gəldi? Həmçinin də bunu Böyük Britaniya və SSRİ lideri barədə də sual etmək olar.

Almaniya-Türkiyə ittifaqı kimlərin kabusu idi?

Məsələ ondadır ki, həm Birinci, həm də İkinci Dünya müharibəsində Türkiyə Almaniya ilə eyni ittifaqda idi. Üstəlik, SSRİ tərkibindəki türk xalqlarının Avropadakı mühacirləri Hitler Almaniyasını dəstəkləyirdi. Məsələn, müharibə illərində Məhəmməd Əmin Rəsulzadə dəfələrlə Berlində olub, almanlarla ən yüksək səviyyədə danışıqlar aparmışdı. Əgər SSRİ süqut etsəydi, onda yeni türk dövlətlərinin yaranma ehtimalı vardı. Və yaxud türk dövlətinə himayədarlıq Türkiyənin öhdəsinə verilə bilərdi.

Bu plandan təbii ki, həm Qərbin, həm də SSRİ-nin xəbəri vardı. Ona görə də onlar bu ideyanın qarşısını almaq üçün Tehranda toplaşdılar. İdeoloji və iqtisadi baxımdan bir-birinə düşmən olan SSRİ ilə Qərbi bir araya gəlməsinə tək səbəb fürer Almaniyasının SSRİ-ni ələ keçirməsindən sonra yeni türk dövlətlərinin yaranması qorxusu idi. Çünki, Hitlerin türklərə münasibəti ən pis halda loyal idi. Hələ Türkiyə ilə müttəfiqliyini demirik.

Böyük Azərbaycan layihəsi necə aradan qaldırıldı?

Almaniyanın SSRİ-yə hücum etməsi ilə eyni vaxtda İranda növbəti Azərbaycan milli hərəkatı başladı. 1941-ci ildə Rza şah taxtdan salınır. Və məhz həmin günlərdə Seyid Cəfər Pişəvəri azadlığa çıxır və yeni partiya yaradır. Və az sonra Azərbaycan Milli Hökümətinin yaranmasını elan edir. Təbii ki, İranda baş verən bu oyanış hərəkatı Qərbin və SSRİ-nin maraqlarına qətiyyən uyğun gəlmirdi.

Ona görə də üç dünya lideri 1943-cü ilin 28 noyabrında Tehrana gəlir. Maraqlıdır ki, təyyarə fobiyası olan Stalin Tehrana tez çatmaq üçün ömründə ilk dəfə təyyarəyə minir. Və 3 lider 3 gün gərgin müzakirələr aparırlar.

Tehran görüşü təbii ki, sonra baş verəcək proseslərin yönünü müəyyən etdi. Fürer Almaniyasına qarşı bu 3 dövlət bütün düşmənçiliklərinə rəğmən eyni mövqedən çıxış etdilər. Beləcə. Tehranda təkcə almanların durdurulma planı hazırlanmadı, eləcə də türklərin yenidən birləşmə ehtimalları aradan qaldırıldı. Tehran görüşündən sonra ABŞ və Böyük Britaniya Almaniyaya qarşı Qərb cəbhəsini açdı.  Ən başlıcası isə İranda başlanmış hərəkatın qarşısı alındı. Azərbaycan Milli Höküməti süquta uğradıldı. Şimali Azərbaycan sığınan Seyid Cəfər Pişəvəri isə 1947-ci ildə KQB-nin göstərişi və ermənilərin iştirakı ilə avtoqəzada öldürüldü. Beləcə, tükr faktoru İkinci Dünya müharibəsinin və fürer Almaniyasının taleyini həll etdi.

Bəs, Qərbin və SSRİ-nin türklərdən bu qədər ehtiyat etməsinin səbəbi nədir?

Bu sualın da cavabı tarixin mürgülüyən səhifələrində yatır. Çingiz xandan tutmuş səlcuqlara, Osmanlıdan tutmuş Səfəvilərə, Qacarlara qədər xristian aləmi türklərdən hər zaman ehtiyat edib, çəkinib. Və türklərin dünyanı hegemonluğuna gedən yolu Vatikanda hazırlanan planlar əsasında xristian dövlətləri ustalıqla kəsiblər. Nə yazıq ki, xristian dövlətləri bu məsələdə türk hökmdarlarını bir-birinə qarşı qoymaqla daha çox şeyə nail olublar. Məsələn, Çingiz xanın və onun davamçılarının Avropaya yürüşlərinə çox təəssüf ki, digər türk dövlətləri əngəl olublar.

Xristian aləmi bunun üçün səlçuqlulardan da, osmanlılardan da və səfəvilərdən də qədərincə bəhrələniblər.

Türklərin birliyinə və islam həmrəyliyinə əngəl olmaq İranın əsas vəzifəsidir

Son 100 ildə İran türk həmrəyliyinə gedən yolda ən böyük əngəldir. Ona görə də Qərb, Çin və Rusiya sözdə İrana qarşı çıxsalar da, reallıqda bu dövləti dəstəkləyirlər. Son 30 ildə “ərəb baharı” və daha başqa adlar altında bir sıra müsəlman ölkələrini xarabazarlığa çevirən Qərb dediyimiz səbəblərə görə İrana hərbi müdaxilə etmir. İqtisadi sanksiyalarla öz işini bitmiş hesab edir. Halbuki, bu sanksiyalar Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla müqayisədə xeyli zəifdir.

Bu da onu göstərir ki, Qərb İranın dağılmasını yox, zəif və daha rahat idarə olunmasını istəyir. Və buna da hələki nail olur. Təsadüfi deyil ki, Qərbdən fərqli olaraq Çin və Rusiya da İrana davamlı dəstək verir.

İransa Qərbin və Şərqin ortaq maraqlarından maksimum dərəcədə faydalanır. Hazırda Çin və Rusiya İrana investisiya yatırmaqda və qrant verməkdə yarışa çıxıblar. Qərb isə İranla sadəcə informasiya müharibəsi aparır. 

Amma bu güclərin heç biri İranın viran qalmasını istəmir. Çünki, İran dağılacağı təqdirdə Azərbaycan əhalisinə görə Türkiyədən sonra ikinci, ərazisinə görə isə üçüncü böyük türk dövlətinə çevrilə bilər. Ən əsası Azərbaycanın Türkiyə  və Türkmənistanla çox geniş quru sərhədləri yarana bilər. Bu isə artıq Böyük Turanın ən böyük halqası ola bilər. 

Zəngin karbohidrogen ehtiyatlarına və nəqliyyat dəhlizlərinə malik türk dövlətlərinin də qarşısında heç bir güc dayana bilməz. Ona görə də nə Qərb, nə də Rusiya və Çin heç zaman İranın parçalanmasına yol vermək istəməyəcək. 

İran da bunu bilir. Və var gücü ilə türkçülüyə qarşı və islam birliyini parçalamaq üçün əlindən gələni edir.

Elə Zəngəzur dəhlizini özünün qırmızı xətti elan etməsi də bunun sübutudur. Sonda onu da xatırladaq ki, İranın heç bir müsəlman ölkəsi ilə normal münasibəti yoxdur. Türkiyə, Azərbaycan, Pakistan rəsmi Tehranın düşmənləri sırasında ilk 3 yeri tutur. Əfqanıstan və ərəb ölkələri də bundan sonra gəlir. Bax, bu səbəblərə görə fövqəlgüclər İranın viran olmasını istəmirlər.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin