Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.
Sözügedən konfransda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışında regional proseslər, iqtisadi və siyasi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
İlham Əliyevin çıxışı bir sıra mühüm mesajlarla yadda qalıb.
Bizim.Media Prezidentin çıxışından önəmli mesajları təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “Ərazi bütövlüyü məsələsində Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var”
1. Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.
2. Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var.
3. Biz regionda baş verən proseslərə göz yuma bilmərik.
4. Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.
5. Biz onların konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq.
6. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik.
7. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir.
8. Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər.
9. Bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər.
10. İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik.
11. Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var.
12. Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir.
Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar.
13. Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi mövcuddur.
14. Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik.
15. Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir.
16. Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var.
17. Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik.
18. Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.
Rüfət Sultan, Bizim.Media