Ermənistan dilemma qarşısında qalmaqda davam edir. İrəvanın küçələrində çadrlar qurub inqilab etməyə çalışan qüvvələr hələ də aydınlaşdıra bilməyiblər ki, hansı “hava”ya oynasınlar!
Müxalifət bu hərakatın adını “inqlab çadrları” qoyaraq onu iki rəngə boyayıb. Şit qırmızı rəngdəki çadrlar özünə məxsus rəmz də daşıyır, daha böyük, bataqlıq rəngindəki çadrlar isə Ermənistanın indiki halı ilə tam mütanasibdir.
İndi Ermənistanda vəziyyət hər keçən saat daha da ciddiləşir. Lakin paralleldə siyasi gərginliyin yaxın zamanda həll olunacağı ilə bağlı gözləntilər də azalır.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan təcili iclas keçirdi – İrəvanda nə baş verir? - FOTO
Artan siyasi gərginliyin fonunda hərəkətliliyin azalması, siyasi proseslərin sadəcə açıqlamalar müstəvisində və mətbuatda getməsinə gətirib çıxarıb.
Baş Qərargah rəisi Onik Qasparyanın və 40 digər yüksək rütbəli zabitin Nikol Paşinyana xəbərdarlığından sonra hər kəs ordunun ciddi addımlar atacağını gözləyirdi.
Lakin xəbərdarlığın üzərindən keçən günlər ərzində ordu tərəfindən hər hansı konkret fəaliyyət icra olunmayıb.
Bu ilk növbədə ordunun hərbi çevriliş məsələsində o qədər də istəkli olmadığını göstərir. Baş Qərargah və digər ordu mənsubları olduqca ehtiyyatlı davranırlar və gözləmə mövqeyindədirlər.
Çünki Ermənistandakı güc strukturlarındakı bölünmə vahid bir xəttin müəyyən olunmasına imkan vermir. Polis və Milli Təhlükəsizlik Xidməti baş nazir Paşinyana sadiqdir və hələ də onu dəstəkləməkdə davam edir.
Bu şərtlər altında hərbi çevriliş cəhdi Paşinyana sadiq qüvvələrlə ciddi toqquşmaya gəririb çıxaracaq və bəlkə də, vətəndaş müharibəsində təkan verəcək. İndiki halda Ermənistanda heç kəs bu məsuliyyəti götürmək istəmir.
Paşinyan Onik Qasparyanın istefası ilə bağlı tələbini prezident Armen Sarkisyana göndərib. O isə istefa sənədini imzalamaqdan imtina edir. Armen Sarkisyan ilk növbədə Paşinyanla Qasparyan arasındakı balansı qorumağa çalışır.
Qasparyanı istefaya göndərməyin narazılığı daha da artıracağını, ordunun qəzəbinə səbəb olacağını başa düşür.
Eyni zamanda əgər prezident istefa tələbini qəbul edərsə, Paşinyanın mütləq gücün də qəbul etmiş olacaq. Ancaq Sarkisyan istənilən halda Paşinyanın əl qolunu bağlamağa çalışır.
Baş Qərargah rəisini istefaya göndərməməklə bir növ buna nail olmağa çalışır. Çünki istənilən halda Paşinyana təsir etmək üçün vasitə qazanmış olur.
Paşinyan isə parlamentdəki üstünlükdən istifadə edərək prezidenti impicmetlə hədələyir. Lakin son açıqlamalar göstərir ki, “Mənim addımım” fraksiyasının say üstünlüyü impicmenti icra edəcək qədər deyil. Parlament daxili də güc bölgüsü Paşinyanın istədiyi kimi fəaliyyət göstərməsinə maneə olur.
Armen Sarkisyan da bitərəf və fraksiyaya üzv olmayan deputatalara görüşüb, onları dinləyib.
Dolayısı ilə parlamentdə Paşinyanın mütləq çoxluğu əldə etməsinin qarşısını alıb. Bu isə o deməkdir ki, prezidentə qarşı heç bir qüvvə impicment verə bilməyəcək.
Müxalifət isə mitinqlərinə davam edir və ordunun onların arxasında olduğunu bəyan edir. Lakin mitinqlərdə iştirak sayı gedişatı dəyişəcək dərəcədə çox deyil. Müxalifət əsasən Polis və Milli Təhlükəsizlik Xidmətini prosesə cəlb etməyə çalışır.
Çünki yaxşı başa düşür ki, güc strukturlarındakı balans pozulmasa, hər hansı dəyişiklik sadəcə xəyal olaraq qalacaq.
Paşinyan da tərəfdarlarını mitinqə səsləyib. 1 mart tarixində Paşinyan tərəfdarlarının yeni mitinqi gözlənilir. Bu mitinq Paşinyan üçün olduqca əhəmiyyətlidir. Mitinqlərə çıxacaq əhali Paşinyanın ölkədəki siyasi nüfuzunun göstəricisidir.
Hazırda Ermənistan dövlət strukturlarının demək olar ki, hamısı ehtiyyatlı davranır. Çünki bariz üstün tərəf yoxdur.
Əgər meydanlarda Paşinyanın nüfuzunun az olduğu aydın olarsa, bir sıra qurumların tərəf dəyişdirməyi gözləniləndir. Paşinyan meydanda xalqın dəstəyini itirsə, ordunun əlinə imkan dümüş olacaq ki, xalqın iradəsini əsas alaraq Paşinyana qarşı aktiv fəaliyyətə keçsin.
Eyni zamanda Paşinyanın nüfuzunun olmadığı ortaya çıxdığı an Polis və MTX-də xalqın iradəsi adı altında qarşı tərəfə yönələcək. Prezidentin labüd dəstəyini də nəzərə alasaq, dəyişiklik qaçınılmaz olacaq.
Bu şərtlər daxilində Ermənistandakı siyasi gərginlik çıxılmaz bir nöqtəyə gəldiyini demək olar. Nəticə və hərəkətlilik yoxdur.
Nə ordu, nə Polis, nə prezident, nə də parlament hərəkətə keçə, proseslərin yekun həllini təklif edə bilmir. Hamının gözü meydanlardadır. Müxalifət və Paşinyan tərəfdarları mitinq keçirir.
Erməni xalqının mitinqlərdəki iştirak faizi kimin gərginlikdən uğurlu çıxacağını göstərəcək. Lakin ən maraqlısı da odur ki, erməni xalqı siyasi proseslərə qarşı biganədir.
Araz Əliyev, Bizim.Media