Üçtərəfli danışıqların ABŞ RAUNDU – Vaşinqtondan sülh xəbəri GƏLƏCƏKMİ?

Hazırda oxunan: Üçtərəfli danışıqların ABŞ RAUNDU – Vaşinqtondan sülh xəbəri GƏLƏCƏKMİ?

133701

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində Vaşinqtonun moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında "sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov ABŞ-a getdi - Mirzoyanla görüşəcək


Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politolq Elşən Mirzəoğlu bildirir ki, ABŞ Azərbaycanın sərhəd-keçid məntəqəsi yaratması məsələsinə anlaşılan mövqe sərgiləsə, Bakı da Vaşinqtonun münaqişənin tənzimlənməsi üçün irəli sürdüyü təkliflərinə müsbət yanaşacaq:

“Vaşinqton bir müddətdir münaqişənin tənzimlənməsi üçün yeni layihələrlə çıxış edir. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını da nəzərə alsaq, Vaşinqtonun Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması üçün diplomatik səylərini artırdığı göz önündədir”. 

Həmsöhbətimizə görə, Vaşinqtonun Paşinyan hökumətinə təzyiqləri də güclənəcək:

“Amma ABŞ dolayısı ilə Qarabağdakı separatçı hərəkətlərin bu və ya digər dərəcədə güclənməsinə də göz yumur. Azərbaycanın Laçın dəhlizində öz suveren hüquqlarından çıxış edərək, sərhəd-buraxılış məntəqəsini qurmasına qarşı ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyi beynəlxalq hüquq normaları uyğun olmayan mövqe sərgiləyiblər. Onlar məsləhət biliblər ki, Azərbaycan 2020-ci ilin Moskva razılaşmasının şərtlərinə uyğun hərəkət etsin.

Vaşinqton tərəflər arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ancaq Qarabağın müqəddəratı məsələsində Vaşinqtonun mövqeyi Parisin mövqeyindən bir o qədər də fərqlənmir. 

ABŞ Azərbaycanın sərhəd-keçid məntəqəsi yaratması məsələsinə anlaşılan mövqe sərgiləsə, təbii ki, Bakı da Vaşinqtonun münaqişənin tənzimlənməsi üçün irəli sürdüyü təkliflərə müsbət yanaşacaq.

Ümumiyyətlə, Bakı münaqişənin həlli ilə bağlı bütün tərəflərlə əməkdaşlığa hazırdır. Bu mənada geosiyasi qütblər arasında bu və ya digərinə xüsusi önəm, əhəmiyyət vermir. Əsas bölgədə sabitlik və təhlükəsizliyin təmini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin