İran radiolarının ölkəmizə müdaxiləsinin qarşısı nə vaxt alınacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İran radiolarının ölkəmizə müdaxiləsinin qarşısı nə vaxt alınacaq? – RƏSMİ AÇIQLAMA

133300

İran molla-fars rejimi bütün sahələrdə ölkəmizə qarşı hücuma keçib. Hücuma məruz qalan sahələrdən biri də Azərbaycanın efir məkanıdır. Ölkəmizin cənub zonasında İranın radio-televiziya kanalları açıq şəkildə yayımlanır. Hətta Hacıqabul rayonundan cənubda yerləşən əksər ərazilərdə, hətta Qəbələ-Ağdaş zonasında da İran radiolarını asanlıqla dinləmək olur. Bu isə təbii ki, informasiya təhlükəsizliyimizə ciddi təhdiddir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, İran uzun illərdi ki, sərhəd bölgələrində bizim efir məkanımızı, ümumiyyətlə radioməkanımızı zəbt edib:
 

MÖVZU İLƏ BAĞLI:

İran və Ermənistan ölkəmizə qarşı kibertəhdidlərdən əl çəkmir – RƏSMİ


“Ölkəmizin cənub bölgəsində nəinki radio və ya TV xidmətləri, həmçinin mobil və ya hərbi yönümlü radioxidmətlər üçün İran bizə bilərəkdən maneə yaradır. Uzun illərdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tələblərinə zidd olaraq İran bu təcavüzkar mövqeyindən əl çəkmir. Və özünün bütün radiovasitələrini tam gücü ilə Azərbaycan ərazisinə istiqamətləndirir.

Hətta Şəki-Balakən regionunadək İran radiovericilərinin dalğaları gəlib çatır. Əslində, pandemiyadan öncə Azərbaycan, İran və BTİ arasında bu istiqamətdə kordinasiya işləri aparılırdı. Lakin bildiyim qədər, bununla bağlı indiyədək hansısa bir müqavilə , razılaşma olmayıb. Və İran informasiya məkanımızı, efiri, milli radioməkanı zəbt etməkdə davam edir”.

Osman Gündüz onu da əlavə etdi ki, tez bir zamanda bu beynəlxalq mexanizmləri işə salmaq və İranının sərhəd bölgəmizdə radiomüdaxiləsini məhdudlaşdırmaq lazımdır:

“Paralel olaraq da, hökumət Azərbaycanın bütün sərhəd boyu radioxidmətləri gücləndirməli, yeni radiostansiyalar, TV kanallar yaratmalı, radioinfrastruktur qurmalıdır. Yəni, öz radioməkanımıza sahib çıxmalıyıq”.

Məsələ ilə bağlı RİNN Dövlət Radiotezliklər İdarəsinin mövqeyini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirildi ki, yaxın zamanlarda Azərbaycanda kənar (qonşu) yayımların respublika ərazisinə müdaxiləsinin qarşısının alınması üçün müasir dünya təcrübəsinin tətbiqinə başlanılacaq:

“Belə hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyə xarakterli sənədləri və qaydaları ilə tənzimlənir. Aidiyyəti dövlətlərin rabitə administrasiyaları ilə ikitərəfli koordinasiya görüşləri keçirilir, müvafiq proqram təminatları vasitəsilə texniki təhlillər aparılır və bir çox məsələlər öz həllini tapır. Əlavə olaraq, bu tip problemlərin həlli istiqamətində mütəxəssislərimiz beynəlxalq təcrübəni öyrənirlər. Yaxın zamanlarda müasir dünya təcrübəsinin ölkə ərazisində tətbiqinə başlanılması nəzərdə tutulur”.

Məlumatda o da qeyd edilir ki, qonşu ölkələrdən olan yayımların qəbul edilməsi demək olar ki, bütün dövlətlərin ərazilərində mövcuddur: 

“Kənar yayımların respublika ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi və yerli yayımlara maneə təsiri yaratmaması istiqamətində bütün qonşu dövlətlərin rabitə administrasiyaları ilə işlər aparılır. Bu tip yayımlar aşkar edildikdə mütləq şəkildə milli maraqlara, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının qərar və tövsiyələrinə uyğun olaraq aidiyyəti administrasiyalara rəsmi şəkildə məktublar göndərilir, onların aradan qaldırılması üzrə birgə tədbirlər görülür”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin