Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə bağlı səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbayan XİN-in məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və Ermənistan tərəfindən Praqa və Soçidə öz üzərlərinə götürdükləri öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir:
“Ermənistan tərəfinin bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artması məqsədi daşıyır.
44 günlük Vətən müharibəsindən sonra Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan tərəfinin vəziyyətin gərginləşməsinə xidmət edən addımları kimi Azərbaycana qarşı hərbi təxribatlara son qoyulmamasını, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edilməsini, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam olaraq çıxarılmamasını Ermənistan baş nazirinə xatırlatmaq kifayətdir.
Bu xüsusda, qeyd edilən təxribatların qarşısını alacaq bu məntəqənin təsis edilməsinin sülh prosesinə mənfi təsir etdiyi barədə fikirlər tamamilə qəbuledilməzdir. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək.
Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır.
Bununla yanaşı, Baş nazirin iddialarının əksinə, Üçtərəfli bəyanata əsasən Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə Baş nazirin cəfəng iddiası qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur.
Baş nazirin erməni sakinlərlə dialoq, “təhlükəsizlik zəmanəti” “mübahisələrin həlli mexanizmi”, “beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi” kimi məsələlər üzrə dəfələrlə təkrarlanmış arzu və iddiaları ilə əlaqədar qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərlə dialoqu ölkə qanunvericiliyi çərçivəsində həyata keçirəcək və üçüncü tərəflərin bu məsələyə müdaxiləsi qəbuledilməzdir.
Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara məsuliyyətlə və konstruktiv yanaşmağa, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:14 / 27.04.2023
Rəsmi Bakıdan Paşinyanın iddialarına SƏRT CAVAB
Hazırda oxunan: Rəsmi Bakıdan Paşinyanın iddialarına SƏRT CAVAB
Hazırda oxunan: Rəsmi Bakıdan Paşinyanın iddialarına SƏRT CAVAB
133122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.