ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Braun Aderholt Nümayəndələr Palatasının sədri, xanım Nensi Pelosiyə Xocalı faciəsi ilə bağlı məktub göndərib.
Bizim.Media xəbər verir ki, o, məktubuna “Fevralın 25-də Xocalıda öldürülən yüzlərlə azərbaycanlının xatirəsini yad etməyə çağırıram” sözləri ilə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ konqresmenindən Xocalı soyqırımı ilə əlaqədar BƏYANAT - FOTO
Məktubda 1980-ci illərin sonlarında Ermənistan ilə Azərbaycan arasında silahlı qarşıdurmanın olduğu xatırlanıb və bildirilib ki, bu qarşıdurma Xocalı faciəsinə gətirib çıxardı və yüzlərlə insanın həyatının itirilməsi ilə nəticələndi:
“Ailələr məhv edildi, Xocalı şəhəri tamamilə dağıdıldı. 1994-cü ildə atəşkəs haqqında danışıqlar aparıldı, lakin münaqişə həll olunmamış qaldı. Ardınca 2020-cı ilin sentyabrında Azərbaycan və Ermənistan arasında döyüş başladı. İndi dualarım odur ki, Dağlıq Qarabağda sülh olsun, son otuz ildə davam edən əngəllər aradan qaldırılsın. Təhlükəsizlik təmin edilsin, regional əməkdaşlıq bərpa olunsun”.
ABŞ-lı siyasətçi Azərbaycanla diplomatik münasibətlərin məhz Xocalı faciəsi ilə eyni ildə qurulduğunu bildirib:
“1992-ci ildən bəri Azərbaycan ABŞ-ın terrorla mübarizədə əsas tərəfdaşı oldu, iki xalq ticarət əlaqələrini inkişaf etdirdi. Sazişlər və ikitərəfli investisiya müqavilələri imzalandı”.
Robert Braun Aderholt bu cür vəhşiliklərin yenidən baş verməməsi üçün birlikdə işləməyi tövsiyə edib.
Qeyd edək ki, Respublikaçılar Partiyasını təmsil edən siyasətçi 3 yanvar 1997-ci ildən bu yana Alabama ştatının 4-cü seçki dairəsindən ABŞ Konqresinin Nümayəndələr Palatasına üzv seçilir.
Bizim.Media