Ukraynada düşmən, Qarabağda DOST– Qərb və Rusiyanın Cənubi Qafqazda maraqları niyə üst-üstə düşür?

Hazırda oxunan: Ukraynada düşmən, Qarabağda DOST– Qərb və Rusiyanın Cənubi Qafqazda maraqları niyə üst-üstə düşür?

132702

Azərbaycanın öz suveren və konstitusion hüquqlarının bərpası istiqamətində atdığı son addım çox qəribədir ki, bəzi aparıcı dövlətlərin ürəyincə olmayıb. Laçında Beynəlxalq hüquqa söykənən sərhəd-keçid məntəqəsinin yaradılmasını çox təəssüf ki, özünü “ədalətin müdafiəçisi” və “sülhün təminatçısı” adlandıran Avropa dövlətləri və ABŞ yumşaq desək “tələsik addım” adlandırıb. 

Narahatçılıqlarını da belə ifadə ediblər ki, Azərbaycanın bu addımı 10 noyabr bəyanatına ziddir. Baxmayaraq ki, həm Vaşinqton, həm də ki, bəzi Avropa dövlətləri 10 noyabr bəyanatında və sülh danışıqlarında Rusiyanın iştirakı faktını heç zaman qəbul etməyib.
Amma nədənsə son 2 gündə Qərb 10 noyabr bəyanatının pozulması iddiasını irəli sürür. Təbii ki, bu da maraqlı suallar ortaya çıxarır.

Birincisi, Azərbaycanın öz ərazi bütövlüyü və suveren hüquqlarının bərpası istiqamətində atdığı addım Rusiya üçün niyə narahatlıq yaradır?

İkincisi, dünyada Rusiyaya qarşı böyük iqtisadi-hərbi və siyasi kampaniya aparan Qərb nədən bu məsələdə Rusiya ilə eyni mövqedən çıxış edir? 

Üçüncüsü, Qərb nəyə görə ədalətin yox, şərin yanaında dayanır? Bəs, bu dövlətlərin bəyan etdikləri dəyərlər harda qaldı?    

Suallara ətrafında danışan politoloq Cümşüd Nuriyev fikirlərini Bizim.Media-ya belə ifadə etdi:

“Qərb ona görə bu məsələdə Rusiyanın mövqeyini müdafiə edir ki, ortaq maraqlar var. ABŞ-da, Aİ-də Qarabağ adıyla Qafqaza girmək istəyir. Onların bura gəlişini zəruri edən tək səbəb isə Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanması ola bilər. Bu müharibəni isə ən yaxşı alovlandıracaq qüvvə Rusiyadır. 

Bu da o deməkdir ki, Qərb Rusiyanın mövqeyini yox, öz maraqlarını müdafiə edir. Burda digər məsələ xristian həmrəyliyidir. Həm Qərb, həm də Rusiya Ermənistanı xristian ölkə olduğuna görə müdafiə edir.

Bu da o deməkdir ki, xristian dünyası islamofobiyadan, türkfobiyadan və digər fobiyalardan hələ də qurtula bilmir. Ona görə də Qərb bu məsələdə Rusiya ilə həmfikir olduqlarını ortaya qoyur. Amma. Bunlar hamısı boş şeydir. Azərbaycan bu məsələdə çox qətiyyətlidir”.
Səsləndirdiyimiz suallarla bağlı danışan REAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Azərbaycanın Laçında - öz sərhəddində Konstitusiyasına və beynəlxalq hüquqa əsaslanaraq sərhəd-keçid məntəqəsi qurmasına bəzi ölkələrdən və təşkilatlardan gələn reaksiyanı öyrəndikcə, oxuduqca aydın olur ki, bunlar çox yumşaq notlarla, “xala xətrin qalmasın”  yanaşması ilə verilən bəyanatlardır:

“Bunun da bir sıra səbəbləri var:

Birincisi, əgər indi Qərb, “Qarabağ xalqı öz müqəddəratını təyin edə bilər”, - desə, “Xankəndinə gedən yola Azərbaycan nəzarət edə bilməz, bu humanitar məsələdir”, - söyləsə, həmən Kreml onların başına çökərək, “Bəs Donbas xalqı, Krım da öz müqəddəratını təyin edib də, niyə qəbul etmirsiz”, - deyəcək, “Bəs Krıma gedən yollara Ukrayna niyə etiraz edir, siz niyə o yolları vurursuz, axı bu da humanitar məsələdir”- söyləyərək hücuma keçəcək.

İkincisi, Qərbdə də “erməni məsələsindən” yorulublar, artıq heç bir dividend gətirmir.  Əvvəllər bu Türkiyəyə və Azərbaycana təzyiq kimi işlək idi. Amma indi Ankara vecinə almır, rəsmi Bakı isə Qərbin ən yaxın müttəfiqinə çevrilib. Qərbin bu gün Azərbaycana daha çox ehtiyacı var. 

Üçüncüsü,  Ukrayna xalqının qəhramanlıq mücadiləsi dünyanı sürətlə “post-Putin” və zəifləmiş Rusiya dönəminə hazırlaşmağa vadar edir. Cənubi Qafqazda və Orta Asiyada Rusiyadan boşalan yeri nə İran, nə də AB və ABŞ-dən ayrı olaraq təkbaşına Fransa tuta bilməz.

Artıq oturuşmuş əlaqələri və təsir mexanizmləri olan tək ölkə Türkiyədir.  NATO üzvü olan Türkiyənin bu boşluğu doldurması Qərb üçün də maraqlıdır. Amma tam ürəyincə deyil.

Ona görə də, xaricdən gələn reaksiyalara bənd olmadan gələcək yeni fraqmental dünyada öz yerimizi daha möhkəm təməllər üzərinə inşa etməliyik, bunun üçün isə sülh, sistem islahatları və böyük “çətir” önəmlidir. Zatən Türkiyənin NATO-nun ən vacib və güclü ikinci ölkəsi olması bizim üçün artıq kiçik “çətir” effekti yaradıb, yaradır və yaradacaq…”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin