“Prezident İlham Əliyev 4 saat davam edən mətbuat konfransında region və dünya üçün vacib olan çoxsaylı məsələlərə aydınlıq gətirib.
İstənilən sualı cavablandırmaqdan imtina etməyən Prezident İlham Əliyev bir daha aydın fikirli strateq, səmimi bir lider və praqmatik siyasətçi kimi dünyada və bölgədə baş verən hadisələrə öz baxışlarını və dövlətimizin mövqeyini açıq-aydın şəkildə ifadə etdi və bir daha beynəlxalq medianın rəğbətini qazandı”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Cavanşir Feyziyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
İranın “Mehr” agentliyi Prezidentin mətbuat konfransından nə yazdı?
Deputat qeyd edib ki, Prezident 30 il ərzində beynəlxalq qurumların Azərbaycan ərazilərinin işğalına biganəliyi, bütün bu illər ərzində işğalçı Ermənistana verilən qeyri-qanuni gizli dəstək və Azərbaycan Ordusunun qələbəsini təmin edən bütün amilləri geniş şərh edib.
“Prezident cavablarında azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən başlamış region ölkələri arasında gələcək siyasi-iqtisadi əlaqələrin geniş diapazonuna qədər bütün məsələlərə aydınlıq gətirib.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, Türkiyə-Ermənistan münasibətləri, Ermənistan siyasətinin arxaikliyi və qeyri-konstruktivliyi haqqında məlumat verib”.
İlham Əliyev çıxışı zamanı 10 noyabr Bəyanatın bütün müddəalarının icra olunmasının zəruriliyini qeyd etdiyini bildirən millət vəkili, erməni siyasətçilərini hər hansı fərqli fikirlərə düşməkdən çəkinməklə bağlı çağırış etdiyini də vurğulayıb.
“Prezident Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün bütün qeyri-sağlam iddialarından əl çəkib öz qonşuları ilə, ilk növbədə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə başlamalı və bölgəmizdə sülhün davamlı olması üçün öz töhfəsini verməyə çalışmalı olduğunu Beynəlxalq mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.
Bundan başqa Prezident 30 il ərzində ölkəmizə qarşı apardığı təcavüzkar siyasətə baxmayaraq bu gün Azərbaycan və Türkiyənin Ermənistanı bölgə miqyaslı layihələrə dəvət etdiyi və bunun ilk növbədə erməni xalqına fayda gətirə biləcəyi jurnalistlərə izah edib”.
C. Feyziyev həmçinin bildirib ki, Prezident Azərbaycanda yaşayan ermənilərin taleyi ilə bağlı verilən suala onların Azərbaycan vətəndaşları olaraq Konstitusiyamızın onlara verdiyi bütün hüquqlardan hər bir vətəndaş kimi faydalanacağını qeyd edib:
“Hər hansı bir ayrı-seçkiliyin yolverilməz olduğunu qətiyyətlə bildirən ölkə başçısı faktiki olaraq erməni sakinlərə öz həyatlarını yeni səhifədən başlamaq mesajını çatdırıb. Əslində bölgədəki bugünki reallıq 1988-ci ilin başlanğıcı ilə demək olar ki, eynilik təşkil edir.
O zaman Qarabağda yaşayan ermənilər yanlış siyasətə uyaraq Ermənistandakı millətçi qüvvələr tərəfindən ortaya atılmış bədnam “miatsum” hərəkatına qoşuldular və bununla da özlərini 30 il davam edəcək fəlakətə düçar etdilər.
Bu gün reallıq 30 il əvvəlki vəziyyətə qayıdıb və edilən səhvləri bir daha təkrar etməmək fürsəti yaradıb. Əgər ermənilər bu fürsəti düzgün dəyərləndirib ondan yararlana biləcəklərsə, Azərbaycan dövləti onların bu ərazilərdə daimi təhlükəsizliyini və firavan yaşayışını təmin edəcək. Mətbuat konfransında Azərbaycan Prezidentinin ermənilər və dünya üçün verdiyi ən ciddi mesajlardan biri məhz bu idi”.
Vüsalə Balayeva, Bizim.Media