NATO-nun keçmiş baş katib Anders Foq Rasmussenin Ermənistana səfəri bir sıra şübhəli məqamları ortaya çıxarıb. Çünki, bu səfər sona qədər gizli saxlanılırdı.
Lakin sabiq baş katibin Ermənistana səfəri yerli KİV tərəfindən geniş işıqlandırıldı. Və verdiyi açıqlamalarda Rasmussen həm iki ölkə arasında sülhün vacibliyindən danışdı, həm də Qarabağın statusunun müəyyən edilməsi vacibliyini dilə gətirdi.
Rasmussenin ikibaşlı bəyanatları onu göstərir ki, onun səfəri erməni diasporunun hazırladığı siyasi şoudur. Və bu səfərin təşkilində əsas məqsəd diasporun boş dayanmadığnı, Ermənistanın maraqlarının beynəlxalq aləmdə “uğurla” müdafiə edildiyini göstərməkdir.
Təbii ki, hazırda işsiz olan Rasmussen də İrəvana elə belə yox, yaxşı rüşvət müqabilində gəlib.
Bunu aparıcı KİV-lər də etiraf edir. Məsələn, dünyaca nüfuzlu “Euronews” nəşrində NATO-nun sabiq sədri Anders Foq Rasmussenin pul qarşılığında Ermənistan lehinə lobbiçilik etdiyi ilə bağlı ayrıca bir məqalə dərc edilib.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, NATO-nun keçmiş başçısı və qurumun gələcək addımlarından xəbərdar biri kimi Rasmussenin Ermənistana gəlməsi və iki ölkə arasında münaqişənin həlli istiqamətində fikir söyləməsi yolverilməz haldır:
“Özünə hörmət edən siyasətçi belə səfərlərdən qabaq ən azından qurumun hazırkı rəhbəri ilə razılaşmalıdır. Görünən odur ki, belə bir razılaşma ortada yoxdur. Deməli, Ramussen aldığı külli miqdarda rüşvətin qarşılığında Ermənistana gəlib. Və onu danışdıran da həm aldığı pul, həm də ki, erməni diasporunun yeni layihəsinə ayaq verməsidir. Ermənilərin heç zaman dövləti olmayıb. Erməniləri hər zaman kilsə idarə edib. Kilsə də ermənilərdən pul yığmaq üçün hər zaman Qarabağ kimi həssas məsələlərlə bağlı çağırışlar edib. 44 günlük müharibədən sonra kilsənin gəlirləri kəskin azalıb. Ona görə də ermənilər yeni layihələr fikirləşirlər. Belə layihələrdən biri də Rasmussen kimilərin Ermənistana gətirilməsidir”.
Cümşüd Nuriyev təəssüflə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülhdən danışan Rasmussen həm də Avropanın Ermənistanı silahlandırmasını vacib hesab edir:
“Əgər o Rusiya ilə Ermənistan münasibətlərini gərginləşdirmək məqsədi ilə gəlibsə, onda başqa cür danışmalıydı. Ən azı Ermənistanın KTMT-dən çıxması məsələsini sürətləndirməli idi. Ona görə də Rasmussenin həm gəlişi, həm çıxışları xoş hal deyil. Yaxşı olardı ki, XİN NATO-ya müraciət edərdi. Çünki, Azərbaycan NATO ilə Şərq tərəfdaşlıq layihəsi üzrə əməkdaşlıq edən 6 ölkədən biridir. Və Azərbaycanın Aİ ilə çox yaxşı münasibətləri var. Artıq 10 Aİ üzvü ilə Azərbaycanın ikitərəfli, normal münasibətləri var. Ona görə də Rasmussenin səfəri həm də bu münasibətlərə kölgə salır”.
Politoloq Rasmussenin Qarabağın statusundan danışmasına da münasibət bildirib:
“Siyasətdə bu boyda ikiüzlülük, riyakarlıq olmur. Rasmussenin bu səfəri birbaşa pula xidmət edir. Çox təəssüf ki, Azərbaycan-Ermənistan münasibətləri bəzi üzdəniraqların siyasətdə sınaq meydanına çevrilib. Qərbin hər yerindən duran gədəsi bu məsələyə burun soxur, münasibət bildirir. Halbuki, bu problem iki dövlət arasında olan bir məsələdir. Ona görə də Rasmussenin bu səfəri sırf təxribat xarakteri daşıyır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:30 / 22.04.2023
NATO-nun sabiq şefi erməni diasporunun OYUNCAĞI ROLUNDA – Rasmussenin məqsədi NƏDİR?
Hazırda oxunan: NATO-nun sabiq şefi erməni diasporunun OYUNCAĞI ROLUNDA – Rasmussenin məqsədi NƏDİR?
Hazırda oxunan: NATO-nun sabiq şefi erməni diasporunun OYUNCAĞI ROLUNDA – Rasmussenin məqsədi NƏDİR?
132098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.