Paşinyanın KTMT ÇAĞIRIŞI – Nikolun növbəti hiyləsi, yoxsa QƏRBƏ XƏYANƏT?

Hazırda oxunan: Paşinyanın KTMT ÇAĞIRIŞI – Nikolun növbəti hiyləsi, yoxsa QƏRBƏ XƏYANƏT?

132083

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır". 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün jurnalistlərə müsahibəsində deyib.  

Paşinyan təklifi ilə yanaşı KTMT-dən umacaqlarını da dilə gətirib:  

“Ermənistanın KTMT qarşısında öhdəlikləri olduğu kimi, KTMT-nin də Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri var”. 

Bu azmış kimi bir qədər də qabağa gedən baş nazir KTMT missiyasının Ermənistan üçün Qərbin yardımlarından daha vacib sayıb:

“Avropa İttifaqı Missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”.

İlk baxışdan elə görünür ki, Paşinyanın Qərbdən əli üzülüb. Ona görə də bir müddət əvvəl lazımsız qurum adlandırdığı KTMT-yə yenidən qucaq açır. Və yada salaq ki, ötən il Paşinyan hətta KTMT-nin Ermənistanda hərbi təlimlər keçirilməsini lazım bilməmişdi. Bu mənada Paşinyanın birdə-birə baxış bucağını 180 dərəcə dəyişməsi bəzi şübhələr doğurur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Əziz Əlibəyli bildirib ki, Paşinyan əslində özü öz siyasəti üzərində revanş edir:

“Çünki, ölkəsinə Qərbin missiyasını gətirdikdən sonra Rusiyanı narazı salmışdı. İndi də səhvini kompensasiya etmək üçün KTMT-ni çağırır. Bununla belə burda bir neçə şübhəli məqam var. Yada salaq ki, bir neçə gün əvvəl Rusiya rəsmilərindən biri Ermənistanın suverenliyinə kölgə salacaq bir fikir səsləndirmişdi. Paşinyanın narahatlığı bəlkə də bu bəyanatla bağlıdır.

KTMT-nin Ermənistana gəlməsi ideyasını Paşinyan Qərbdən də ala bilər. Ola bilsin ki, Qərb KTMT qüvvələrinin Ermənistana gəlməsi ilə bölgədə münaqişəni yenidən alovlandırmaq istəyir. 
Burda üçüncü bir xətt də görünür. NATO-nun keçmiş şefinin Ermənistana gəlişi. Bu adamın Qarabağ üzərindən müəyyən manipulyasiyalara getmək fikri də ola bilər. Qərbdə belə bir fikir gəzir ki, Qarabağın “blokadaya alınması” Rusiya sülhməramlılarının üzündən baş verir”. 

Politoloqun fikrincə bütün hallarda Paşinyanın KTMT ilə bağlı fikirləri daha çox daxili auditoriya üçün hesablanıb:

“Yada salaq ki, KTMT üzvlərinin ən azı 70 faizi Azərbaycana qarşı səmimi dostluq münasibətindədir. Ona görə də KTMT missiyasının Ermənistana gəlişi ölkəmiz üçün heç bir narahatlıq yaratmır”.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin