1991-ci ildə Almatıda imzalanan sənədə əsasən MDB-yə üzv dövlətlər bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacaqları və respublikaların mövcud dövlət sərhədlərinin dəyişdirilməyəcəyi barədə öhdəlik götürürlər. Bu isə o deməkdir ki, İrəvan Almatı bəyannaməsilə Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
44 günlük müharibədən sonra Ermənistan rəsmiləri bir neçə dəfə verdikləri açıqlamalarla bunu təsdiqləyiblər. Amma maraqlısı odur ki, Almatı bəyannaməsində Ermənistanın hələ də işğalda saxladığı Qazaxın 7 və Naxçıvanın bir kəndi barədə heç bir müddəa yoxdur.
Belə olan halda, tərəflər arasında haçansa imzalanacaq sülh sazişində dövlətlərin əraziləri Almatı bəyannaməsinə uyğun tanınarsa, görəsən anklav kəndlərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, anklav kəndlərin taleyi məsələsi hər iki tərəfin öz öhdəsinə buraxılıb:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın növbəti TƏXRİBAT HAZIRLIĞI – “Mülki əhali silahlandırılır”
“Almatı bəyannaməsində anklav kəndlərlə bağlı heç bir məqam yoxdur. Almatı bəyannaməsi sovet dövrünün gerçəklikləri əsasında sərhədlərin müəyyənləşməsinin nəticəsidir. MDB dövlət başçıları həmin dövrdə qlobal, strateji məsələləri müzakirə etdiklərindən onlar üçün anklav kəndləri məsələsi tamamilə maraqsız məsələ olub.
Azərbaycan aydın şəkildə bəyan edib ki, anklav kəndlərinin qayıtmasını istəyir. Ermənistan bununla bağlı fərqli təklif irəli sürərsə, anklav kəndlərin əvəzində hansısa bir bərabər ərazilər, bədəl təklif etməlidir.
Yəni, anklav kəndlərin əvəzində Ermənistandan eyni ərazi Azərbaycana verilə bilər. Burada həlli mümkün olmayan məsələ yoxdur. Hər şey tərəflərin xoş niyyətindən asılıdır.
Proses belədə qarşılıqlı güzəşt əsasında həllini tapa bilər. Anklav kəndləri məsələsi odur ki, Azərbaycan və Ermənistan tərəfinin öhdəsindədir. Məsələnin həlli də çox asandır. Ya Ermənistan həmin 8 anklav kəndi Azərbaycana qaytarır, ya da əvəzində başa-baş olmaqla hansısa bir müvafiq ərazini verir”.
Rüfət Sultan, Bizim.Media