Bir neçə müddətdir ki, Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından bəzi hissələri sizə təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır.
Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...
Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/130870.html
Yalqızlığın yüz günü - III hissə...
Bizim söhbətimizi raket atəşinin səsi dayandırdı. Həmsöhbətlərim bir-birinə baxdılar.
- Sizinkilər əziyyət çəkirlər - deyə polkun başçısı dilləndi, - bizi atəşə tutublar.
Bu, həqiqət idi. Gürcü tərəfindən atırdılar. Həmvətənlərimdən kimsə siyasətimə olan münasibətini bu cür ifadə edirdi.
Üç gündən sonra atəşkəs barədə razılıq yenidən pozuldu.
Bir vaxt cəbhənin hər iki tərəfində yaxınlarının ölümü, mülkiyyətlərinin itirilməsi, məlumat hücumu, ekstremizm və ekstremal şəraitdə yaşamaqdan doğmuş nifrət hamını bürüyürdü. Bir tərəfdə atəş açılan kimi, əks tərəfdən də cavab atəşi eşidilirdi.
Kexvi kəndinin yaxınlığında osetin qaçqınlarının avtobusuna naməlum şəxslər hücum edərkən biz ATƏT faktlarını dəqiqləşdirən missiyanı gözləyirdik. Bu, dözülməz dəhşətli vəziyyət idi.
Kexvi yaxınlığındakı hadisə diversiya-terror hərəkətlərinin böyük siyahısına yazıldı: məktəbin yandırılması, dəmiryolu körpülərinin partladılması, girov götürülməsi, sülh içərisində yaşayan əhalinin qorxudulması. Bütün bunlar öz xalqına qarşı müharibə idi və bu müharibəni başlayanlar bizim düşmənlərimizlə birgə hərəkət edirdilər.
Qatillər Sxinvalidə əldə olunmuş razılaşmanı pozdular. Növbəti gün Rusiya Federasiyasından Gürcüstana çəkilmiş boru ilə nəql edilən qaz dayandırıldı. Elan olundu ki, guya Gürcüstanın enerji blokadasını qonşu Şimali Osetiya hakimiyyəti yaradırdı, amma bilirdim ki, onlar müstəqil şəkildə bu cür qərar qəbul edə bilməzdilər. Şimali Osetiyada qazı bağlayan əllər, istər-istəməz Qərbi Gürcüstanda partlayış törədən əllərə yardım edirdi.
Bütün bunların üzərinə yaxın dostum, «Demokratiya islahatları hərəkatı»nın təsisçisi, Rusiyanın vitse-prezidenti, general Aleksandr Rutskoyun zəng edib hədələməsi də əlavə olundu: «Mən havaya eskadrilyalar buraxdıracam və Tbilisini bombalatdıracam».
Bu, hər şey demək deyildi. Kəşfiyyat xidmətimizin məlumatına görə, mayın 26-da eks-prezident tərəfdarlarının silahlı çıxışları planlaşdırılırdı.
* * *
«Diplomatik sökülmə»nin qeyd olunan həftələrin əsas hadisəsi ABŞ-ın dövlət katibi Ceyms Beykerin gəlişi idi. Bu hadisə mayın 25-də, bizim milli bayramımız - Gürcüstan dövlətçiliyi bərasının əvvəlki günü idi. Ceyms öz komandası ilə Lissabondan Tbilisiyə gəldi. O, Tbilisiyə gəlmək üçün Lissabondakı çıxışını qısaltmışdı. Konfransda keçmiş Sovet İttifaqı ölkələri üçün yardım məsələsi müzakirə olunurdu. Bu cestin siyasi və insani əhəmiyyətini məndən yaxşı heç kəs dəyərləndirə bilməzdi.
Digərlərinin iştirakı ilə Tbilisinin hava limanında hamının yanında C. Beyker dedi:
- Biz öz gəlişimizlə ölkənizin rəhbərliyinə siyasi dəstək gətirdik. İnanırıq ki, Gürcüstan demokratiya quruculuğu yolundan əl çəkməyəcək”¦
Beyker mənim həmkarlırımla başqa cür danışırdı:
- Biz dostumuz Eduard Şevardnadzenin yeni Gürcüstan qurmaq istəyinə dəstək olmaq istəyənlərin və arzulayanların hamısına siyasi siqnal göndərmək üçün gəldik. ABŞ sizin ölkənin müstəqilliyini digərləri kimi tez tanımadı. Mən bunun səbəbini baş nazir Siquaya izah etdim. İki əsrdir ki, Amerika demokratiya və azadlıq prinsiplərini möhkəm müdafiə edir və onun üçün digər ölkələrdə bu prinsiplərə qarşı olan münasibət böyük əhəmiyyətə malikdir. Biz Gürcüstanda bu prinsiplərin müdafiə olunmasına əmin deyildik, amma indi burada Eduarddır və biz ona inanırıq. Əgər Gürcüstan bütün dünyada tanınan normaları qoruyaraq, azad seçkilər keçirərsə, biz onun ən yaxın tərəfdarı olacağıq. Bu, hər hansı bir demokratiya üçün çox çətin imtahandır.
Bu sözlər mənim ünvanıma deyilməmişdi. Bizim hər ikimiz Ceymsin bu sözləri kimə və nə üçün deməsini yaxşı bilirdik. Təklikdə isə sadəcə olaraq soruşdu:
- İşlər necədir?
Cavab əvəzində dedim:
- Siz vaxtında gəldiniz.
Bəli, Beyker nə vaxt gələcəyini bilirdi. Mən onun intuisiyasını və qeyrətini həmişə yüksək dəyərləndirirdim, amma indi bu, məni sadəcə olaraq heyran qoyurdu. Bu cür məqamda onun Tbilisidə olması mənim üçün çox əhəmiyyətli idi. Məqam isə hər şeylə birgə, həqiqətən də, çox əhəmiyyətli idi: 1992-ci ilin 26 may tarixində Gürcüstan öz dövlətçiliyinin bərpasının 74-cü ildönümünü qeyd edirdi.
Gözəl bir gün idi - açıq, təmiz, günəşli hava, ümumiyyətlə belə bir gün necə olmalı idisə, eləcə idi. Mən öz dostuma bu günün mənim üçün və gürcülər üçün nə demək olduğunu danışmaq istəyirdim.
Mən və Beyker hakimiyyət iqamətgahından çıxdıq və hava limanı tərəfə yola düşdük. «Rustaveli prospektini görmək istəmirsiniz ki?» - deyə C.Beykerdən soruşdum. - O, bizim yeni tariximizin abidəsidir». Beyker razılaşdı və istiqamətimizi dəyişdik. Qış müharibələri nəticəsində viran qalmş evlərin yanından keçdik. Kortejimiz «Respublika» meydanına yaxınlaşırdı. Uzaqdan nəsə gurultu səsi eşidildi. Mühafizə rəisinə radiotelefonla bildirdilər ki, meydana 50 min adam toplaşıb. Digər məlumatlara görə isə meydandan bir az kənarda, filarmoniyanın böyük konsert zalının binası yaxınlığında eks-prezidentin tərəfdarları mitinq keçirirdilər. Bütövlükdə 2 min nəfərə yaxın idilər. Bilirdim ki, «Respublika» meydanına tərəf getməyə cəhd göstərəcəkdilər. Onlara mane olacaqdılar, amma yenə də narahat oldum.
Adamlarla dolu meydanı gördükdə narahatlığım keçdi. Səhnədə qırmızı-ağ rəngdə nəsə fırlanırdı - Xoreoqrafiya ansamblı «Tiuluri» rəqsi ifa edirdi. Avtomobilimiz dayandı. Onun pəncərələri tərəfə dost simaları yaxınlaşırdı. Kimsə qışqırdı: «Ay millət, Beyker və Eduard buradadır!». Dövlət katibi mühafizəçisinin necə gərgin vəziyyətə düşməsinin şahidi oldum. Onun üz cizgiləri gərginlik ifadə edirdi.
- Çıxaq? - deyə qonaqdan soruşdum.
- Siz necə hesab edirsiniz? - deyə sakit cavab verdi.
Adamların yaratdığı canlı dəhlizdən keçdik və səhnəyə yaxınlaşdıq. Bizə tərəf yüzlərlə əl uzanırdı. Beykeri alqışladıqlarını eşidirdim. Ana dilində xaricinin ünvanına deyilmiş xoş sözlər eşitmək qəribə hissdir. Bu xalqın hissləri mənim üçün aydın idi.
Kimsə sənin bayramını səninlə bölüşürsə, deməli o, sənin əzizindir. O isə sadə insan deyildi, eləcə də hörmətli qonaq - böyük ölkənin yüksək nümayəndəsi idi. O, ölkəmizin ağır günündə yanımıza gələrək, öz şəxsi təhlükəsini vecinə almırdı. Kiminsə qüvvətli əlləri bizi səhnəyə çıxardı. Ağpapaqlı və qırmızıçuxalı oğlanlar səhnəni boşaltdılar. Ceyms səhnənin kənarına getdi və bizim və əcdadlarımızın gözlədiyi sözləri dedi. ABŞ-ın dövlət katibi, 70 il bundan əvvəl Gürcüstan müstəqilliyini tanımaq istəməyən bir dövlətin nümayəndəsi burada, Tbilisinin mərkəzində bizimlə birgə bu günü bayram edir və bizi təbrik edirdi.
Beyker uçdu və hər şey detektiv filmlərdə olduğu kimi öz sürətilə gedişini davam etdirdi. Kiminsə real mövcud olan, amma görünməyən əlləri hadisəni qumar kağızları kimi bir-birinə qarışdırırdı.
Lakin indi oyuna başqaları da qoşulmuşdular. XX əsrin başlanğıcında dünya başqa cür idi. Bu mənə ümid verirdi. Artıq Gürcüstan üzərindən 1921-ci ildə keçdikləri kimi keçə bilməzdilər. Onu da qeyd etmək istəyirəm ki, Gürcüstanın demokratiya quruculuğu yolu ilə getməsi dünya liderləri üçün böyük əhəmiyyətə malik idi. Görünür, hesab edirdilər ki, bu ölkənin başında mənim kimi tanınmış bir lider dayanmışdı, həm də çoxlarının dostu idim.
C.Beyker Amerikaya qayıdan kimi ilk təcili yardımı (100 min ton buğda, onu prezident Buş (böyük) ayırdı) Gürcüstana göndərdi. O, bizim imdadımıza yetişdi.
Qeyd etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları rəhbərliyi, onun prezidentinin kim olmasına baxmayaraq, Corc Buş (böyük), Bill Klinton, Corc Buş (kiçik) sistematik olaraq bizə siyasi, iqtisadi, maliyyə, humanitar, sosial və müdafiə proqramları ilə yardım edirlər. Rusiya ilə çətin əlaqələr zamanı ABŞ bizim qalxanımıza çevrildi.
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinə imza atanlardan və qarantlarından biri də elə ABŞ-dır. O isə Gürcüstan üçün maliyyə gəliri qarantı deyil, eləcə də neft, qaz və ən əsası beynəlxalq siyasi-iqtisadi məkanda əhəmiyyətli funksiya və təhlükəsizlik deməkdir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Gürcüstan üçün gəlirsiz olması barədə çox danışırlar, amma bəyan etmək istəyirəm ki, bu, sadəcə olaraq bir yalandır. Heydər Əliyev fenomeni və onunla mənim xüsusi əlaqələrim olmasaydı, bu iki məsələnin necə həll olunacağını Allah bilirdi.
Yaxşı yadımdadır, Heydər Əliyev bir neçə görüşdən sonra Tbilisidə dedi: «Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan üçün gəlirli olmasından ötrü Azərbaycan öz ərazisində nəql olunan neftin tarif gəlirlərindən Gürcüstanın xeyrinə imtina edir. Bu isə bizim büdcəmiz üçün 40-50 milyon dollar gəlirə bərabərdir. Gürcüstana nəql olunan qazın 6%-i pulsuz, 12%-i isə güzəştli qiymətlərlə veriləcək. Dünya qiymətləriylə isə Gürcüstan özünə lazım olan qədər qaz ala bilər. Bu isə Rusiyanın Xəzər dənizinin neft və qaz ehtiyatlarının yalnız onun ərazisindən nəql olunması tələbinin fonunda həyata keçirildi».
Ardı var...
































































































