Ermənistanın dövlət kimi qədim Azərbaycan torpaqlarında yaradıldığı danılmaz faktdır. Bunu təkcə Azərbaycan tarixi mənbələri yox, həm də bir çox dünya ölkələrinin elm adamları, siyasətçiləri də təkrar-təkrar söyləyirlər.
Məlum olduğu kimi 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar qəbul edib.
Həsən bəy Ağayev sədrlik etdiyi Milli Şuranın iclasında bu qərar belə izah olunub:
“Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür”.
Bu faktı erməni tarixçiləri də zaman-zaman etiraf ediblər. Ən əsası bu faktı ermənilərin tarix boyu himayədarı olan fransızlar da etiraf edib.
Bizim.Media fransızların etirafı ilə bağlı daha bir faktı üzə çıxarıb. Beləki, Fransanın ən köklü qəzetlərindən biri olan “L’Œuvre” (L’oeuvre) qəzeti bu barədə hələ 103 il əvvəl yazıb. Qəzetin 14 iyul 1920-ci il tarixli 1748-ci nömrəsində “Ruslarla ermənilər arasında” (Entre Russes et Arméniens) adlı yazıda bu məsələdən bəhs edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan əhalisinə Zəngəzur dəhlizi lazımdırmı? – Sorğunun ŞOK NƏTİCƏSİ
Sözügedən yazı bir daha Zəngəzurun Azərbaycanın ərazisi olduğunu və Rusiya tərəfindən Ermənistana hədiyyə edilməsini təsdiqləyir.
“Sovet Rusiyası iyulun 1-də Ermənistan Respublikası ilə bağladığı müqaviləyə əsasən Azərbaycanın ərazisində yerləşən Zəngəzur bölgəsini Ermənistana verdi…” - qəzetdə dərc olunan məqalədə bildirilir.
Qeyd edək ki, Azərbaycan Milli Şurası 29 may 1918-ci il tarixli qərarından sonra 1920-ci ilin yayında aparılan danışıqlardan sonra həmin ilin noyabr ayının 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur Ermənistana verilib.
Surxay Atakişiyev, Bizim.Media