“Farsların tarixi məqsədi İstanbulu xristianlara qaytarmaqdır” – İlahiyyatçı Tural İrfandan SENSASİON AÇIQLAMALAR

Hazırda oxunan: “Farsların tarixi məqsədi İstanbulu xristianlara qaytarmaqdır” – İlahiyyatçı Tural İrfandan SENSASİON AÇIQLAMALAR

130569

“Molla-fars rejiminin casus-terrorçu şəbəkəsinin fəaliyyəti bir günün, beş günün işi deyil. Bunun tarixi-ideoloji mahiyyəti və əsrlərdən bəri gələn konkret hədəfləri var”. 

Bununla fikirləri Bizim.Media-ya müsahibəsində Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İnsanları din adı altında zərərli təbliğata necə cəlb edirlər? – Deputatdan AÇIQLAMA


Həmin müsahibəni təqdim edirik:

-Tural bəy, İran dövlət olaraq terrorçu mahiyyəti ilə fərqlənir. Hətta, terrorçuluğun farsların ideoloji xəttinə çevrildiyini də müşahiə edirik. Bəs, bu cür terror mahiyyəti haradan qaynaqlanır?

- Hazırki İran rejimi fars şüubiyyə ideoloji xətti üzrə irəliləyir. Şüubiyyə fars millətçiliyindən daha çox fars düşüncəsinə, farsçılığın klassik siyasi, dini, ideoloji ənənələrinə əsaslanır. Müasir şüubiyyədə İslamdan öncəki qədim fars inanclarının, dövlət quruluşlarının, həmçinin İslamdan sonrakı məzhəbləşmənin və daha sonralar ortaya çıxardıqları sistemlərinin də qatqısı var.

Yaddaş üçün qeyd edim ki 614-cü ildə Sasanilər Dəməşq və Qüdsü də işğal edib xristianlar üçün müqəddəs sayılan xaçı Mədainə apardılar. Həzrəti Məhəmməd peyğəmbər 629-cu ildə Sasani şahı Xosrova İslama dəvət məktubu göndərdi.

Xosrov məktubu parçaladı və Peyğəmbərin ünvanına təhqiramiz sözlər dedi. Peyğəmbərdən sonra ikinci xəlifə olan Həzrət Ömər bin Xəttab 636-cı ildə Qadisiyyə savaşında Sasaniləri yendi, paytaxt Mədain (Ktesifon) müsəlmanların əlinə keçdi, 3-cü Şah Yezdəgerd ailəsi ilə əsir düşdü. 
Lakin Farslar Sasani imperiyasının fəthini rahat həzm etmədilər. Öncə şüubiyyədən Əbu Lulu Firuz adlı şəxsi göndərərək fateh xəlifəni qətlə yetirdilər.

Daha sonra Ömərin ölüsündən də heyif almaq üçün əfsanələr uydurmağa başladılar ki, guya Peyğəmbərin qızı, Həzrət Əlinin həyat yoldaşı Həzrət Fatiməni Ömər öz adamları ilə qapının arasında sıxaraq şəhid edibmiş, qarnındakı uşaq da düşübmüş.

Məqsəd isə Sasani imperiyasını yıxan xəlifənin obrazını kiçiltmək, onun günahkar şəxs olduğunu elan etməklə etdiyi fəthlərin də yanlış siyasətin məhsulu olduğunu əsaslandırmaq idi.

- Bəs, farslar islamı qəbul etdikdən sonra öz ideoloji xəttlərini necə davam etdirdilər?

- İslamı qəbul edən farslar taktikalarını dəyişdilər. Onlar digər müsəlmanlardan fərqləndirən cərəyan, təriqət qurmağa, onun siyasi, hüquqi əsaslarını formalaşdırmağa, tarixi dayaqlarını uydurmağa başladılar. Bunun üçün də müsəlmanların ən həssas yerinə toxunmaq, yekdilliklə fəzilətlərini qəbul etdikləri Əhli-Beytin istismarını məqsəd qoydular. 

Bu gün müsəlmanların məzhəblərə bölünərək bütün yönlərdə ixtilafına səbəb olmuş, qəbul edilən hədislər topluları yazılmış 10 hədis kitabının hamısının müəllifi farsdır. Baxmayaraq ki, əhli-şiənin ən qədim səhih hədis mənbəsi, Zeydi məzhəbinin banisi sayılan İmam Hüseynin nəvəsi İmam Zeydin “Əl-Müsnəd” əsəridir.
Lakin bu əsərin də ən orijinal və ilkin hədis - fiqh toplusu olmasına baxmayaraq, müəllifi fars olmadığına və əsərdə məzhəb ixtilafına yer verən hədis bulunmadığına görə mənbə olaraq əsas götürülmür. Şüubiyyə həm əhli sünnə, həm də əhli şiə içərisində vaxtilə çox peşəkarlıqla işləyib. 

- Belə çıxır ki, farsların şüubiyyə nəzəriyyəsi formasını dəyişsə də məzmununu əsrlər boyu saxlayıb?

- Bəli, müxtəlif vaxtlarda xilafəti parçalayıb dövlət də qurdular. Büveyhilər, Qərmətilər, Fatimilər, Ələmut Həşşaşiləri kimi dövlətlər sırf fars şüubiyyə ideologiyasının siyasi təkərləri üzərində hərəkət edirdi.

Bu dövrlərin üzərində dayanmaq uzun vaxt aparardı. Amma bir faktı deyim ki, vaxtilə fars mənşəli Həşşaşi-Qərmətilər islam aləmində ən qatı terror aktlarını həyata keçirirdi. 

Həşşaşilər indiki İranda, Ələmut qalasında yerləşərək Hindistandan növbənöv həşiş və narkotik maddələr gətirərək qalada becərib fədailəri aludə edirdilər. Qum şəhərində doğulan Həsən Səbbahın başçılıq etdiyi təşkilat saxta cənnət düzəldərək fədailəri aldadır, canlarını fəda etdikdən sonra həmin cənnətə gedəcəklərinə inandırırdı.

Astranomiya, tibb, riyaziyyat, fizika, fəlsəfəni dərindən bilən Həsən Səbbah hətta tilsim, cadu və hipnoz kimi işlərin sayəsində fədaini öncə qarşısına alıb həşiş suyu içirdir, adam özündən getdikdən sonra da onu sürüyüb qalasında düzəltdirdiyi bağçaya uzadırmış.

Adam bir azdan ayılıb ətrafında cürbəcür meyvələr, yaşıllıq, gözəl qızlar, rəqqasələr, süd arxları, şərab küpələri görür və kefə davam edirmiş. Yenidən sərxoş olub özündən gedəndən sonra onu yenidən sürüyüb "Seyyiduna" (əfəndimiz) adlandırılan Həsən Səbbahın hüzuruna qoyurmuşlar. 
Ayılıb nə baş verdiyini anlamayan, yarı bihuş olan cahil adama "şeyx" inandırırmış ki, özünün kəraməti ilə o guya gedib cənnətdə kef çəkib gəlib. Əgər kef çəkdiyi həmin cənnətə birdəfəlik getmək istəyirsə, mütləq tapşırılan casusluq və terror işlərini icra etməlidir.

Bələcə, bundan sonra həmin şəxsə təlim keçilir, İsmaili, Batini - şüubiyyə ideyaları öyrədilir, tam casusluğa və terrora hazır duruma gətirilirmiş.

- Bəs, farsların bu nəzəriyyəsinə qarşı çıxanların aqibəti necə olub?

- Təbii ki, çox pis. Əsrlər boyu ideoloji xətt, məfkurə eyni olaraq qalıb. İndiki İran rejimi ideoloji bazasını, dini-fəlsəfi və siyasi əsasının önəmli bölümünü Səfəvilərdən götürür və bunu etiraf edir. Sonralar Nadir şah şüubiyyədən qurtulmaq və məlum ideoloji xətti dəyişmək istəsə də bacarmadı, onun özünü də aradan götürdülər. 

Ən nəhayət, hazırki Suriya rejiminin etiqadı Nuseyri - Əliallahilikdir. Ələmut Həşşaşilərin zamanında Suriyada bir neçə qala da onların əlində idi. Hülakü xan Ələmutu barıt və neftlə partladandan sonra qaçanlar Suriya ərazisinə sığındılar.

Hazırda Suriya rejiminə rəhbərlik edənlərin kökü və inancı, ideologiyaları, rəngi fərqli olsa da, mahiyyətcə fars şüubiyyəsinin mənsublarıdır.

- Şüubiyyə ideologiyasının son hədəfi nədir?

- Məqsədləri, əsasən xaç yürüşlərini bərpa etmək arzusunda olan dövlətlərə casusluq və müsəlmanlara qarşı terrorla Sasani imperiyasını bərpa etməkdir. Qüdsü əldə edərək xaçlılara təhvil vermək, bunun nəticəsində də Sasani imperiyasının bərpasına xal qazanmaqdır.

Bundan başqa, Xaç yürüşlərinin bərpa olunmasına təkan vermək, İstanbulun Bizans - Romanın simvolu olaraq səlibçilərə keçməsini hədəfləməkdir. 

Hazırki İranın türklərə düşmən olan Ermənistan, Fransa kimi dövlətlərlə sıx əlaqələri, Çin, Hindistan kimi müsəlmanlara qarşı qırğınlar törədən güclərlə müttəfiqliyi heç də təkcə iqtisadi, hərbi, siyasi əlaqələrə görə deyil. Bu sıx əlaqələr ideoloji müttəfiqlikdir. 

İranın əsl məqsədinin, hədəfinin şiəlik, İslam dövləti və ya inqilabı olması inandırıcı deyil. Apardığı İslama yad olan terror siyasəti, müsəlman görünüb anti-müsəlman olaraq davranması, nə İslam dövlətinə, nə ümmətinə uyğun olmayan ideologiya izləməsi onun məhz Sasani imperiyasını bərpa etmək niyyətindən xəbər verir. 
Odur ki, İbn Xəldun demişkən, tarixə nəticəsinə görə qiymət verərək hazırki İran rejiminin bu həddə dünya üçün, İslam aləmi üçün, Türk dünyası üçün ciddi problemə çevrilməsinin səbəbi kimi tarixdən obyektiv və soyuq başla ibrət alıb nəticə çıxarmaq gərəkdir.

Habelə, mövcud vəziyyəti nəzərə alaraq dövlətimizin daha da qüdrətlənməsi, milli birliyimizin daha da sıxlaşması, Türk dövlətlərinin, müsəlman ölkələrinin də İran təhlükəsi qarşısında vəhdət təşkil edərək səfərbər olması naminə ayıq-sayıq, bəsirəti açıq olmalıyıq. 

İçində fars şüubiyyəsi gizlənmiş, adi görünən cəhalətə, xurafata son verib, elmə, imana, inkişafa doğru irəliləməliyik.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin