Ermənistan hökumətinin qərbyönlü siyasəti və faktiki olaraq Rusiyanın Ermənistana hərbi dəstəyini dayandırması ikinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlərin tədricən pisləşməsinə gətirib çıxarıb. Nəticədə Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi artıb.
Bizim.Media xəbər verir ki, bu, əsasən Azərbaycanla sərhəddə toqquşmalar və İrəvanın dəfələrlə Rusiyadan və KTMT-dən hərbi dəstək almaması dövründə pik həddə çatıb.
Düzdür, İrəvana Azərbaycanla sərhəddə KTMT-nin hərbi missiyasının yerləşdirilməsi təklif edilib, lakin Nikol Paşinyan hökuməti bundan imtina edib.
Digər tərəfdən, son vaxtlar Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar bərpa olunub və rəsmi Moskva bundan müxtəlif səviyyələrdə səmimi narahatlığını bildirib. Kremldə hesab edirlər ki, Qərbin vasitəçiliyi Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq planının bir hissəsidir.
Buna baxmayaraq, son günlər Rusiyanın ekspert və diplomatik dairələri Moskvanın regionu tərk etmək niyyətində olmadığı və üstəlik, özünü hələ də Ermənistanın, eləcə də Qarabağ ermənilərinin yeganə “xilaskarı” hesab etdiyi barədə xəbərlər tirajlayırlar.
Rusiyalı sosioloq və beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Tokarev mövzu ilə bağlı bunları bildirib:
“Cənubi Qafqaz Rusiyanın milli maraqlarının zonasıdır. Bu baxımdan Kreml bu bölgədən çıxmayacaq. Ayrı-ayrı dövlətlər bizi regiondan sıxışdırıb çıxarmağa, Ermənistanla flört etməyə çalışsalar da, Rusiya buradan getməyəcək.
Mən inanmıram ki, birdən-birə milli maraqlarımızdan imtina edəcəyik.. Rusiya Ermənistanın, Ermənistan isə Rusiyanın müttəfiqidir. Bu müttəfiqlik çox təəssüf ki, mediada bəzən məsxərəyə qoyulur. Amma istədikləri reallığa çevrilməyəcək”.
Təxminən eyni mövqeyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də erməni mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin əsasını Rusiya və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir.
“102-ci hərbi baza fəaliyyət göstərir, sərhədçilərimizin sayı artıb, Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdə müşahidə məntəqələri yerləşdirilib. Təbii ki, regional təhlükəsizliyin təmin edilməsində mühüm amil Qarabağdakı sülhməramlı kontingentimizdir.
Təəssüf ki, vaxtaşırı onun ünvanına tənqidi fikirlər səsləndirilir, lakin bu, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin və güzəranının təmin edilməsində əsas amildir”, - deyə Rusiya səfiri vurğulayıb.
Kopırkin onu da qeyd edib ki, Rusiya heç bir şəkildə rəsmi İrəvanla bağladığı öhdəliklərindən imtina etməyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:56 / 09.04.2023
Rusiya özünü Ermənistanın “xilaskarı” kimi görür - Cənubi Qafqazı tərk etməyəcək?
Hazırda oxunan: Rusiya özünü Ermənistanın “xilaskarı” kimi görür - Cənubi Qafqazı tərk etməyəcək?
Hazırda oxunan: Rusiya özünü Ermənistanın “xilaskarı” kimi görür - Cənubi Qafqazı tərk etməyəcək?
129795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.