İran parlamentinin ölkəmizə qarşı bəyanatına deputatlardan SƏRT REAKSİYA – “Bu, həyasızlıqdır”

Hazırda oxunan: İran parlamentinin ölkəmizə qarşı bəyanatına deputatlardan SƏRT REAKSİYA – “Bu, həyasızlıqdır”

129092

Molla-fars rejimi daha bir anti-Azərbaycan xarakterli addıma imza atıb. Belə ki, İran parlamentinin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul edilib.

Bəyanatda Azərbaycan əleyhinə absurd fikirlər səslədirən molla-fars rejiminin parlamentariləri ölkəmizin İsraildə səfirlik açmasını və Tel-Əvivə səfir göndərməsini “inanılmaz” və “islam dünyası əleyhinə davranış” kimi qələmə verib.
Üstəlik, iranlı deputatlar  “müsəlmanların artıq Azərbaycan Respublikasının dövlət rəsmilərini fələstinlilərin sionist rejim tərəfindən qətliam edilməsi və cinayətlərə məruz qalmasında şərik hesab edərək” Azərbaycan rəsmilərinə qarşı təhdidlərlə çıxış ediblər. 

Özləri yetmirmiş kimi, ərəb ölkələri, islam dünyası, xüsusilə İslam Əməkdaşlıq Təşkilatını, həmçinin “dünyanın azadlıqsevər nümayəndələri” kimi təqdim etdikləri, əslində isə terror təşkilatı olan qruplaşmaları Azərbaycanın İsraildə səfirlik açmasını pisləməyə çağırıblar. 

Mollalar daha da irəli gedərək, İranın Xarici İşlər Nazirliyindən bütün müsəlman ölkələrə bəyanat göndərərək bu istiqamətdə zəruri diplomatik fəaliyyətləri göstərməsini istəyiblər. 
İran parlamentinin bu bəyanatına Milli Məclisin deputatları sərt reaksiya veriblər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu bəyanatdan sonra molla-fars rejiminin ağılının itirməsinə heç bir şübhə yerinin qalmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

İran mediası ölkəmizi necə hədəf alıb? – İyrənc kampaniyanın PƏRDƏARXASI


“Onlar həddlərini o qədər aşıblar ki, beynəlxalq hüquq normalarına və ölkələrin suveren addımlarına hörmət etmədən çıxışlar edirlər. Guya ki, Azərbaycan özünün xarici siyasətini İranla razılaşdırmalıymış... Bu sadəcə həyasızlıqdır. Fars-molla rejimi əgər belə bir cəsarətin sahibidirsə, onlara qan udduran İsrailin qarşısına çıxsınlar, arxada sözlə yox, üzdə əməllə İsrailə cavabı versinlər. 

Amma rəsmi Tehran bunu etmir. Çünki, İsraildən qorxur. Digər tərəfdən iranlı deputatlar islam ölkələrinə də çağırışlar edir, Azərbaycana qarşı tədbirlər görməyə səsləyirlər. Amma onlar unudurlar ki, əksər islam ölkələrinin İsraillə çox yaxşı diplomatik və dostluq münasibətləri var. Yəni, Azərbaycan Təl-Əvivlə rəsmi əlaqə quran ilk müsəlman ölkəsi deyil. 
Hələ onu demirəm ki, əksər islam ölkələrindən fərqli olaraq İsrail 44 günlük müharibədə Azərbaycana çox böyük dəstək verdi. Azərbaycanın haqq işini müdafiə edən 3 ölkədən biri İsrail idi. Halbuki, o zaman rəsmi Tehran Ermənistana hərbi və siyasi dəstək verirdi. Ona görə də İran parlamentinin son bəyanatını əsassız və qərəzli bir addım kimi dəyərləndirirəm”.

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə İran parlamentinin bu bəyanatını, onların erməni qardaşlarına növbəti dəstəyinin ifadəsi kimi dəyərləndirib: 

“Heç kimə sirr deyil ki, İranın Ermənistana verdiyi dəstək günbəgün daha da güclənir. Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük müharibədəki və ondan sonrakı uğurlarını İran həzm edə bilmir. Ona görə də Azərbaycan beynəlxalq aləmdə hansısa uğur qazananda rəsmi Tehran bu cür kampaniyalara başlayır.

İran parlameninin qəbul etdiyi bəyanat boş və cəfəngdir. Bu bəyanatın heç bir hüquqi və siyasi əhəmiyyəti yoxdur. Hadisələrin inkişafı göstərir ki, molla-fars rejimin sonu yaxınlaşıb”.

Onu da bildirək ki, İran parlamentinin bəyanatında Fələstin məsələsinin qabardılması da absurddur. Çünki Azərbaycan İsraildəki səfirliyə paralel olaraq, Fələstində də konsulluq açmaq qərarını verib.

Əvəzində, molla rejimi Fələstində fəaliyyət göstərən “Həmas”, “Hizbullah” kimi terrorçu qrupları maliyyələşdirməklə qardaş dediyi müsəlmanların qanına bais olur.

Ümumilikdə isə, İran hakimiyyəti bu tip bəyanatlar verməklə Azərbaycanla münasibətlərin normallaşması perspektivinin üzərindən də xətt çəkir. Görünən qədərilə, molla rejimi hakimiyyətdə qaldıqca, Tehran-Bakı münasibətlərinin normallaşması real deyil.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin