Mətbuatda 12 partiyanın Azərbaycan Liberal Partiyasına birləşəcəyilə bağlı məlumatlar yayılandan sonra təşkilatın lideri Lalə Şövkətin yenidən siyasətə qayıdacağı ilə bağlı iddialar artmağa başlayıb.
Qeyd edək ki, Lalə Şövkət ALP lideri kimi qalsa da, uzun müddətdir ki, siyasətdən kənardır.
Bizim.Media-ya açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib ki, proporsional seçki sistemi bərpa olunarsa, Lalə Şövkət partiya siyahısının önündə yer alacaq:
MÖVZU İLƏ BAĞLI:
12 partiya Lalə Şövkətin ətrafında birləşir? – AÇIQLAMA
“12 partiyanın ALP-yə birləşəcəyi informasiyası əsasında mətbuat bu qərara gəlib ki, Lalə Şövkət yenidən siyasətə qayıdır.
Qarşıdan gələn seçkilərdə proporsional seçki sisteminin bərpası gözlənilir. Bu əsasda dəridən-qabıqdan çıxırıq ki, Lalə xanım da partiyamızın lideri olaraq seçkilərdə iştirak etsin.
Proporsional seçki sisteminin bərpası fonunda partiyamızın seçki siyahısında birinci sırada seçkiyə qatılması üçün Lalə xanımı inandırmaq bizə asan olacaq. Amma belədə hələ ki, onu inandıra bilmirik”.
Qeyd edək ki, ictimai-siyasi xadim Lalə Şövkət 1993-1994-cü illərdə dövlət katibi, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındaki Daimi Nümayəndəsi kimi yüksək vəzifələrdə çalışıb.
O, 1995-ci ildə Azərbaycan Liberal Partiyasını təsis edib. Lalə Şövkət hal-hazırda ALP-nın fəxri lideri olsa da, uzun müddətdir ki, siyasətdən uzaqdır.
Onu da əlavə edək ki, son günlərdə 12 siyasi partiyanın ALP-yə birləşəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu siyasi partiyaların Lalə Şövkətin liderliyi ətrafında toplanacağı qeyd olunur.
Rüfət Sultan, Bizim.Media