“Aİ-nin Ermənistandakı missiyası kəşfiyyatçılardan ibarətdir” – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Aİ-nin Ermənistandakı missiyası kəşfiyyatçılardan ibarətdir” – SENSASİON AÇIQLAMA

128696

Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yerləşdirilən Avropa İttifaqı missiyasının fəaliyyəti heç də birmənalı qarşılanmır. Xüsusilə də, missiyanın Azərbaycanın razılığı olmadan bölgəyə gəlməsi daha çox etirazlara səbəb olub.

Digər tərəfdən, missiyanın ən ciddi tənqidçisi qismində Rusiya çıxış edir. Belə ki, Kreml rəsmiləri açıqlamalarında Aİ kontingentinin fəaliyyətinin regionda stabilliyi poza biləcəyini tez-tez vurğulayırlar.

Aİ missiyasının tərkibi isə başqa bir müzakirə mövzusudur. Belə ki, onların kəşfiyyat məqsədilə bölgəyə göndərilmiş xüsusi-xidmət orqanlarının əməkdaşları olmaları ilə bağlı mətbuatda çoxsaylı iddialar səsləndirilir. 

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Aİ-nin missiyası kəşfiyyat materialları toplamaqla Azərbaycan Ordusunun dislokasiya yerlərini Ermənistana sata bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Aİ-nin Ermənistandakı missiyası ilə bağlı sensasion məlumatlar - VİDEO 


Həmsöhbətimizin fikrincə, onların hərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmaları ölkəmiz üçün bir qədər təhlükəlidir:

“Aİ-nin Ermənistandakı bu missiyası Azərbaycana hər hansı bir təsir göstərə bilməz. Azərbaycan Ordusu elə bir səhvə yol vermir ki, sözügedən missiya ondan yararlanıb, ölkəmizə qarşı hansısa addımlar atsın. Bütün hallarda missiyanın atdığı addımlar Azərbaycan üçün xoş olmayan haldır. Onlar kəşfiyyat materialları toplamaqla Azərbaycan Ordusunun dislokasiyasını Ermənistana sata bilərlər”. 

C. Nuriyevin fikrincə, Aİ missiyasını Azərbaycan-Ermənistan sərhədindən daha çox, Ermənistan-İran sərhədi maraqlandır:

“Avropa İttifaqının mülki missiya adı ilə Ermənistana gələn kontingentində Almaniyanın bundesferi (Almaniya Silahlı Qüvvələri), Fransa, Belçika və digər Aİ ölkələrinin kəşfiyyatı iştirak edir. Onları da Azərbaycan-Ermənistan sərhədindən daha çox, Ermənistan-İran sərhədi maraqlandırır. Çünki bu sərhəddə Rusiya qoşunları dayanıb. Azərbaycan-Ermənistan sərhədi isə hələ delimitasiya, demarkasiya olunmayıb. Yəni, missiya təkcə ruslarla bağlı məlumat toplamır”. 

Ekspert bildirir ki, sözügedən missiya həm də sərhəddə Azərbaycan Ordusunu təxribata çəkməyə çalışır:

“Bununla da, Azərbaycanı cəzalandırmaq üçün hay-küy yaratmaq istəyirlər. Digər tərəfdən, Aİ missiyası rus ordusunun Azərbaycan ərazisində müvəqqəti yerləşən qüvvələrinin də çıxarılmasına nail olmaq istəyir. Ümumiyyətlə, bu missiya Ermənistanı Rusiyanın siyasi təsir caynağından qurtarmağa xidmət edir. Amma onlar öz missiyalarına uyğun hərəkət etmirlər. Hazırda Ermənistan-Azərbaycan sərhədində Aİ ilə KTMT arasında nüfuz savaşı gedir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin