Fazil Mustafaya qarşı terror aktının arxasındakı İRAN İZİ... – Görünürmü?

Hazırda oxunan: Fazil Mustafaya qarşı terror aktının arxasındakı İRAN İZİ... – Görünürmü?

127780

Xəbər verdiyimiz kimi, martın 28-i axşam saatlarında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa evinin qarşısında hücuma məruz qalıb. Avtomobili atəşə tutulan deputat iki güllə yarası alıb, durumunun hazırda stabil olduğu bildirilir.

Hadisə ilə bağlı artıq Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxs və şəxslərin tutulub, istintaqa cəlb olunması istiqamətində zəruri tədbirlər görür.

Dövlət Təhlükəsizliyi Xidmətinin sui-qəsdlə bağlı açıqlaması isə bir sıra mətləblərə aydınlıq gətirib. DTX hadisəni terror aktı kimi dəyərləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail mediası: Fazil Mustafanın həyatına qəsd iranlılar tərəfindən törədilib - FOTO


Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq tədbirləri davam etdiyi üçün hadisənin hansı qüvvə tərəfindən törədildiyi ilə bağlı dəqiq məlumat vermək mümkün deyil. Buna rəğmən, bir çox siyasilər və ictimaiyyət nümayəndələrinin açıqlamalarında terror aktının arxasında İrana bağlı güclərin olması iddiaları səsləndirilib.

Təbii ki, bu cür iddiaların səsləndirilməsinin də obyektiv səbəbləri var:

1. Fazil Mustafa İranı, Tehranın Azərbaycana qarşı siyasətini ən sərt tənqid edən siyasilərdən bəlkə də birincisidir. O, mütəmadi olaraq mətbuata açıqlamalarında və parlament kürsüsündən İranı, bu ölkənin ölkəmizdəki agent şəbəkəsini açıq şəkildə ifşa edən bəyanatlarla yadda qalıb.

2. Deputat uzun müddətdir ki, İrana, Xameneiyə simpatiya ilə baxan qruplar tərəfindən sosial şəbəkələrdə mütəmadi qaydada təhdid və təhqir edilirdi. Millət vəkili, bu cür halların bir çoxunu öz sosial şəbəkə hesabı vasitəsilə də işıqlandırmışdı.

3. Hadisə baş verdikdən sonra, qeyd etdiyimiz qruplar tərəfindən sevinc dolu paylaşımların olduğunu da gördük. 

4. Terror aktı İsraildə Azərbaycan səfirliyinin açılmasından bir gün əvvəl törədilib. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov və parlamentin 8 deputatının açılış mərasiminə getdiyi bir vaxtda Fazil Mustafa hücuma məruz qaldı.

5. Hücumdan bir gün əvvəl, martın 27-də DTX tərəfindən xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər saxlanılması ilə bağlı videosujet yayımlandı. Həmin videoda saxlanılan dəstə üzvləri, Azərbaycanın siyasi-ictimai xadimlərindən birini izlədiklərini, ona qarşı sui-qəsd planlaşdırdıqlarını açıq etiraf edib.

Sadalananlardan da göründüyü kimi, terror aktının İrana bağlı qüvvələr tərəfindən törədilməsi ehtimalları kifayət qədər ciddidir. İstənilən halda, ölkəmizdə siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün artan cəhdlər heç bir fayda verməyəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin