Bir güllə belə atmadan... – Separatçılar “olum, ya ölüm” SEÇİMİ QARŞISINDA 

Hazırda oxunan: Bir güllə belə atmadan... – Separatçılar “olum, ya ölüm” SEÇİMİ QARŞISINDA 

127393

Xəbər verdiyimiz kimi, martın 25-də silahlı qüvvələrimiz sülhməramlıların müvəqqəti nəzarət zonası olan ərazilərimizdə daha bir qanunsuzluğun qarşısını alıb. Belə ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri görülüb və Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolları nəzarətə götürülüb.

Özü də bir güllə belə atmadan.

Məlum olduğu kimi, 2022-ci ilin 12 dekabrından öncə separatçıları sülhməramlıların da müşayəti ilə Laçın yolundan istədikləri kimi istifadə edirdilər. Qeyd olunan tarixdən etibarən isə, Laçın yolu üzərində başlanan aksiya bu niyyətlərin reallaşmasının önünə sədd çəkdi.

Lakin ayı ilə əlbir olan tülkülər özlərini dağ-daşa salıb yenə də Qarabağa silah daşımağın yolunu tapdılar. Hələ bir qədər də irəli gedib, Xankəndi-Kosalar-Mirzələr-Turşu yolunda bərpa işlərinə də start verdilər. Amma bunun da ömrü uzun çəkmədi. 25 martda ordumuzun irəliləməsilə separatçıların qaçaqçılığı üçün də yol qalmadı.
 

MÖVZU İLƏ BAĞLI:

“Laçın dəhlizinin bağlanması an məsələsidir” - Xankəndi etirazlarının MÜMKÜN NƏTİCƏLƏRİ 


Artıq, faktiki olaraq, Qarabağa qanunsuz daşımalar üçün istifadə oluna biləcək bütün marşrutların önü kəsilib.

Qarabağdakı lokal-nəzarət tədbirləri onu deməyə əsas verir ki...

Birincisi, separatçıların Ermənistanla əlaqəsi tamamilə Azərbaycanın nəzarətinə keçdi.

İkincisi, sülhməramlıların onsuz da bərbad olan reputasiyası daha da pisləşdi. Xüsusilə də, Qarabağın erməni icmasının nəzərində. Azərbaycan ictimai fikrində sülhməramlılara qarşı mövqenin mənfi olduğu bəlli idi. Yolların nəzarətə götürülməsindən sonra rus hərbçilərinin reaksiya belə verməməsi, əl-qollarının bağlanması onları, separatçıların da gözündən salacaq. Çünki separatçıların varlığının son dayağı məhz sülhməramlılardır.

Üçüncüsü, Azərbaycan bir güllə belə atmadan öz maraqlarını təmin edə biləcəyini əyani nümayiş etdirdi. Bu isə siyasi cəhətdən də olduqca əhəmiyyətli idi. Çünki əksəriyyət, Qarabağda hər hansı əməliyyatın Azərbaycanı Ermənistanın havadarları ilə üz-üzə qoyacağını iddia edirdi. Azərbaycan tərəfi isə zəruri irəliləmələrlə heç kimə əks-reaksiya imkanı belə buraxmadı.

Dördüncüsü, separatçı rejimin sonu göründü. Ona görə ki, separatçılar varlıqlarını əllərindəki silahlı gücə və arxalarındakı sülhməramlılara borclu idilər. Silahların daşınmasının önü kəsildi, rus hərbçilərinin isə acizliyi sübut olundu. Yəni, zaman keçdikdə terrorçu rejim daxilində durumun gərginləşməsi qaçılmazdır.

Amma bir faktı gözdən qaçırmaq olmaz.

Belə ki, küncə qısılmış vəhşi heyvan daha təhlükəli olur, hücum etməkdən başqa çıxış yolu qalmır. Hazırda separatçıların durumu da məhz küncə qısılmış vəhşi heyvanı xatırladır. Yəni, üzərlərində təzyiq artıb, daha da sıxıldıqca separatçıların mümkün təxribat ehtimalı güclənəcək. Sülhməramlıların acizliyi, separatçıların məngənədə ilişib qalması şəraitində, Qarabağda ordumuza qarşı növbəti təxribatların olması real görünür.

Azərbaycanın isə mövqeyi bəllidir: təxribatlara ən sərt şəkildə cavab veriləcək. Bir sözlə, separatçıların ağıllı davranıb, Azərbaycana inteqrasiyaya razılıq verməsi ehtimalının azlığını nəzərə alsaq, yaxın perspektivdə Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı zəruri addımların atılması real görünür.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin