"Yeni Müsavat"ın saytında bizim Elçibəylə bağlı fikirlərimizə hörmətli Pənah Hüseynin yanaşmasını təəccüblə qarşılamadım. Bizim fikirlərə narazılıq ifadə edənlərin əksəriyyətindən fərqli olaraq Pənah bəyin əsaslandırması terminoloji, politoloji və teoloji baxımdan qüsurlu olsa da, polemika mədəniyyətinə əməl etdiyinə görə faydalı hesab oluna bilər.
Terminoloji baxımdan niyə qüsurlu deyirəm? Azərbaycan dilinin izahlı lüğətində, digər politolji lüğətlərdə "lider" sözünün açıqlaması əsasən hansısa təşkilatın, hərəkatın, dövlətin, qurumun mövcud başçısı üzərinə indekslənir. Məsələn, MHP lideri Baxçəli (yəni Türkeşə MHP lideri demək qüsurludur), Müsavat lideri Arif Hacılı (yəni İsa Qəmbərə artıq Müsavat lideri demək qüsurludur), YAP lideri İlham Əliyev (H.Əliyevə YAP lideri demək qüsurludur) deyilə bilər, bu nöqteyi-nəzərdən Əbülfəz Elçibəyə də bu gün keçmiş liderim demək daha doğrudur və biz də bunu hər dəfə deyirik. Qabda hansı aşın bişməyindən xəbərsiz bəzi dostlarımızın nədən narazı olmasını anlamaq mümkün deyil. Biz Əbülfəz Elçibəyin şəxsiyyətinin böyüklüyünü, tariximizdə rolunu ən yüksək səviyyədə qiymətləndiririk, ancaq o zaman qəbul etdiyimiz bir sıra fikirlərinin bu günlə uzlaşmadığını dilə gətiririk, burada Əbülfəz bəy üçün xüsusi canfəşanlıqla müdafiə səngəri qazmanın nə mənası qalır? Yoxsa Əbülfəz bəyin dürüstlüyünə kölgə salırıq, yoxsa onun insani keyfiyyətlərini aşağılayırıq, yaxud onu nüfuzdan salmağa cəhd edirik? Bir nəfər YAP-çı iki il öncə Əbülfəz bəyi aşağılayan fikir səsləndirmişdi, iki-üç gün gözlədim, bu canfəşanlıq edənlərin heç birindən səs gəlmədi, yenə də ən sərt formada adamın cavabını verdim, bundan sonra da heç şübhəsiz belə olacaq. İndi də ortaya hansısa fərqli münasibət qoymuşam, onu müzakirə edib cavablandırmaq əvəzinə səmimiyyətləri yaxın tarixin, həm də Elçibəyin özünün sınağından çıxmayanların bizim səmimiyyətimizi şübhə altna almasını acı gülüşlə qarşılamaqdan başqa çarəm qalmır.
Politoloji baxımdan qüsurlu olduğunu niyə yazıram? Güman edirəm ki, hörmətli Pənah bəy bir siyasi platformanın marjinallaşmasını hansısa təhqir və ya aşağılama kimi anlamışdır. Axı bu bir həqiqətdir ki, Azərbaycanda millliyətçilik bir ideoloji cərəyan olaraq cəmiyyət həyatına minimum təsir imkanlarına sahibdir, Türkiyədə isə qeyd etdiyim kimi, son seçimlərdə 11 faizlik nəticəyə ancaq yaxınlaşa bildi, bunun adı marjinallaşma deyilsə, bəs nədir? Hörmətli Pənah bəy əgər milliyətçiliyin qatı müdafiəçisidirsə, o zaman qurucusu olduğu Xalq partiyasının adının seçimində niyə milliyyətçi ideologiyaya tam şəkildə istinad etməyib? Əgər hörmətli Pənah Hüseyn, Əbülfəz Elçibəy ideyalarının davamçısıdırsa, o zaman Əbülfəz bəyin əsas ideyası olan Xalq Cəbhəsi ideyasından təşkilati baxımdan kənarda fəaliyyət göstərməyi özünə necə rəva bilib? Niyə uzun illərdir Əbülfəz Elçibəyin öncüllük etdiyi Bütöv Azərbaycan Birliyinin və bu ideyanın ardıcıl təbliği ilə məşğul olmur?
Teoloji baxımdan qüsurluluq nədədir? Hörmətli Pənah bəy sabitqədəm əqidə məsələsinə işarə vuraraq, bu gün ənənəvi Azərbaycan müxalifətində populyar olan "hamamın yanında yaşamağa görə təmizlik iddiasında olmaq" mərəzini xatırlatmış olur. Dini bilgiləri kifayət qədər olduğuna inandığım Pənah bəyə izah etmək istəyirəm ki, əqidədə nisbilik olmur, ancaq sabitlik əqidənin əsas atrubutudur. Sabit əqidə isə özünü Allaha tərəddüdsüz imanda ifadə edir. Siyasətdə əqidə olmur, bunu ifadə edənlər terminin mahiyyətini anlamadıqlarından leksikonlarında bu ifadəyə baş vururlar. Siyasətin insanlara xidmət sferasından biri olduğunu nəzərə alarsaq, burada ideya bağlılığı və ya mövqelər olur. Kimisə sabit şəkildə hansısa ideyaya bağlı olmamaqda ittiham etmək mümkündür, mövqe dəyişməkdə qınamaq yol veriləndir, ancaq Yaradana bağlılıq əqidəsinin, imanının sabitliyini sorğulamaq kimsənin məsuliyyətinin altına girə biləcəyi yük deyil.
Rəsulzadə-Elçibəy yolu ifadəsini də şüar olaraq biz də çox işlətmişik, ancaq bunun mahiyyətinin nə dərəcədə ekvivalentlik ifadə etdiyini iddia etmək müzakirəyə açıq məsələdir. Rəsulzadə ilə Elçibəyin, ideyaları, amalları, niyyətləri həqiqətən də birdir, ancaq tarixə, cəmiyyət həyatına, siyasətə baxışları arasında əsaslı fərqlər mövcuddur. Bunları isə dəfələrlə müqayisəli təhlillər apararaq ortaya qoyduğumuza görə əlavə toxunmağa zərurət görmürəm. Allah bu günki liderlərin canını sağ etsin, Rəsulzadə, Elçibəy kimi öndərlərimizin də ruhunu şad etsin!
Fazil Mustafa, millət vəkili, BQP başqanı































































































