İranın SİYASİ ƏXLAQSIZLIĞI - Şəxsiyyətlərimizi hədəf alan iyrənc kampaniyanın İLGİNC SƏBƏBLƏRİ

Hazırda oxunan: İranın SİYASİ ƏXLAQSIZLIĞI - Şəxsiyyətlərimizi hədəf alan iyrənc kampaniyanın İLGİNC SƏBƏBLƏRİ

126809

“İran” adlanan molla rejimi və onun tör-töküntüləri öz çirkin niyyətlərindən əl çəkməyərək, Azərbaycana, dövlətimizin qədim tarixinə, dünya şöhrətli tanınmış şəxsiyyətlərinə, hətta dövlətimizin başçısına qarşı yalanlar uydurmaqda, bununla da həddini aşmaqda davam edirlər. 

Bu günlərdə İran hökumətinə bağlı jurnalist, “Shargh” qəzetinin analitiki Salar Seyf Azərbaycan Prezidentinə xitabən paylaşım edib:

“Əliyev və himayədarlarına aydın mesajımız: Bir gün gələcəyik...”. 

“Əliyevə demək lazımdır ki, fars şairi Nizami Gəncəvi “Xosrov və Şirin” əsərinə görə məşhurlaşıb və tanınır. Hansı ki, burada Fars çarı və onun erməni şahzadəsi haqqında bəhs edilir. Ona görə də Əliyevin bu tarixə heç bir aydiyyatı yoxdur".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov qeyd edir ki, Azərbaycan müstəqillik əldə edəndən üzü bəri bu məsələ dəfələrlə İran tərəfindən gündəmə gətirilib: 

“Nizami Gəncəvinin əsərləri ümumbəşəri əhəmiyyətə malikdir. Azərbaycan türkü olaraq Nizami Gəncəvinin türk mənşəli olması ilə fəxr edirik. O, şeirlərini həmin dövrün poetik ənənələrinə uyğun olaraq əsasən fars dilində yazıb. Yadımdadır, Ruhani Təhlükəsizlik Şurasının sədri olanda Azərbaycana ilk səfəri zamanı onu müşayiət edənlərdən biri Nizami Gəncəvinin fars mənşəli olduğunu söyləyəndə, layiqli cavabını alaraq susdurulmuşdu. İran Azərbaycanın əsəblərilə oynamağa, ölkəmizə qarşı belə çirkin kampaniyalarla münasibətləri daha da gərginləşdirməyə çalışır.

Lakin İran rəhbərləri, əba altında gizlənən saxta mollaları və onların millət vəkillərinin çığır-bağırına baxmayaraq, karvan öz yolundadır. Bütün dünya Nizami Gəncəvini Azərbaycan şairi kimi tanıyır. Nizami Gəncəvi təkcə “Xosrov və Şirin” əsərilə tanınmayıb. Onun “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl” kimi əsərləri də var. Hansı ki, bu əsərlərdə də türk ruhu özünü aydın və qabarıq şəkildə göstərir”. 

Həmsöhbətimiz qeyd edib ki, İranın bu sayaq yalan kampaniyasında erməni ənənələri hiss olunur:

“Bütün bunlar eyni ənənədən, eyni qan qohumluğundan qaynaqlanır. Ermənilər Azərbaycan irsini mənimsəməyə cəhd etdiyi kimi, İran bu şirkin əməlindən geri qalmır. Amma unudur ki, min il boyu İranda hakimiyyət Azərbaycan türklərinə məxsus olub. Türk fenomeni İranı qorxuya salır”. 

A.Qurbanov deyir ki, Tehran bu kimi hədələrilə guya regionda öz mövqeyini yüksəltmək istəyir:

“Lakin Ərdəbilin imam cüməsinin dediyi kimi, burada “Şirin quyruğu deyil, tülkünün quyruğu görünür”. Tehranın belə hərəkətləri onların əlində siyasi arqumentin olmadığının göstəricisidir”. 

Ekspert bildirir ki, hazırda Cənubi Azərbaycanda həm Azərbaycan Respublikası, həm də onun rəhbərinin nüfuzu yüksəlib:

”Bu da Tehranı narahat etdiyindən belə uydurmalara, təxribatlara əl atırlar. Amma bununla heç nə əldə edə bilməyəcəklər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin