Fransanın XXI əsr DEMOKRATİYASI - Makron korsikalılara niyə azadlıq vermək istəmir?

Hazırda oxunan: Fransanın XXI əsr DEMOKRATİYASI - Makron korsikalılara niyə azadlıq vermək istəmir?

125291

Bu gün bütün dünyada təməl insan hüquqlarından biri də hər kəsin öz ana dilində danışıb, təhsil ala bilməsidir. Bütün hüquqi, demokratik dövlətlər vətəndaşlarına, etnik azlıqlara ana dilindən sərbəst istifadə etməyə şərait yaratmağa borcludur. 

Öz vətəndaşlarını bu hüquqdan məhrum edən ölkələr isə beynəlxalq müstəvidə tənqid hədəfinə çevrilir. Bu günün Fransasında olduğu kimi.

Məlumat üçün bildirək ki, martın Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsinin qanunsuz olması barədə qərar çıxarıb. Fransa məhkəmsi bununla da yetinməyib, “Korsika xalqı” ifadəsinin mövcudluğunun ölkə konstitusiyasına zidd olduğu qənaətinə gəlib.

Bu da “fransız demokratiyası”

Dünyanın harasında olmasından asılı olmayaraq, bir xalqı dilindən məhrum etməyin heç bir hüquqi əsası, səbəbi ola bilməz. Ancaq bunu edən Fransa kimi özünü hüquq, demokratiya beşiyi kimi təqdim edən bir dövlətin “ədalətli məhkəməsi”dirsə, bu artıq biabırçılıqdır. 
 

MÖVZU İLƏ BAĞLI:

"Korsikalıları ana dilindən məhrum etmək Fransa siyasətinin tərkib hissəsidir" - Deputat


Elə bu səbəbdəndir ki, BMT-nin etnik azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Korsikada yalnız fransız dilindən istifadəni icazəsi ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Yəni, Fransanın hüququ tapdalamasını dünyanın ən böyük təşkilatının müvafiq sahə üzrə rəsmisi də təsdiqləyir. 

Ancaq nə fayda. Fransa üçün ali hüquqi dəyərlərin heç bir qiyməti yoxdur. Heç tarix boyu da olmayıb. Yüzillər boyu Afrikada milyonlarla insanı qətlə yetirən Fransa elə bu gün də kolonial siyasətini davam etdirir. Bu vəziyyət hər kəsə gün kimi aydın olsa da, Fransa hökuməti başını quma soxmuş dəvəquşu kimi davranmaqdadır.

Bir neçə gün öncə Ruanda Prezidenti gerçəkləri Makronun üzünə vuranda, Fransa prezidentinin özündən çıxması da göstərdi ki, Paris üçün tökdüyü qanların əhəmiyyəti yoxdur. Fransız romantikası Makron hakimiyyətini realizmdən o qədər uzaqlaşdırıb ki, doğruları eşidəndə cin vurmuşa dönürlər. Yəni, BMT-nin, ya da digər ölkələrinin xəbərdarlıqlarının da, çətin ki, Parisə bir təsiri olsun.

Bu məsələnin birinci tərəfi...

Digər tərəfdən, Afrika bəlkə də gözdən-könüldən iraq qala bilər. Ancaq Korsika Fransanın düz yanında, Avropanın qəlbindədir. Yəni, Fransa 21-ci əsrdə, Avropanın ortasında korsikalılara qarşı aqressiv müstəmləkəçilik, etnik ayrı-seçkilik siyasəti yürüdür. Koriskalıların dilini əlindən almaqla, faktiki olaraq bu xalqı tarix səhnəsindən silməyə çalışır.

Bir faktı da qeyd edək. “Fransaya şöhrət qazandıran tarixi şəxsiyyət kimdir” sualının cavabı əksəriyyət üçün Napoleon Bonapartdır. O da korsikalı idi və fransızca normal danışmağı belə bacarmırdı. 

Fransa hökumətinin korsikalılara qarşı siyasətindəki təzadlar saydıqlarımızla yekunlaşmır. Bildiyimiz kimi, bu gün Fransa hər imkan düşəndə Azərbaycanı ittiham edərək ermənilərin hüquqlarını qorumağa çağırır. “Qarabağda ermənilərin hüquqları pozulur” nağıllarını tirajlamaqla Azərbaycanı “qeyri-humanist”, “anti-demokrat” davranmaqda ittiham edir.

Hansı ki, Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi görür. Fransanın korsikalılara qarşı etdiyindən fərqli olaraq, onlarla bir masaya oturub, bərabər hüquqlarla təmin edir. Üstəlik, ermənilərin öz ana dillərində danışmaq hüququnu tanıdığını da rəsmi Bakı dəfələrlə bəyan edib.  

Bu da əsl təzad:

Bir tərəfdə tarix boyu xalqına qarşı törətdiyi qətliamları geridə buraxıb, ermənilərə öz vətəndaşları ilə bərabər hüquqlar verən Azərbaycan, digər tərəfdə isə tarixinin ən şanlı səhifələrini yazmış koriskalıları öz ana dilindən belə məhrum edən Fransa. Yəni, Fransa Azərbaycana hüquqdan dərs verəcək sonuncu ölkədir...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin