İranda yoxa çıxan Azərbaycan vətəndaşı ilə bağlı rəsmi qurumlara müraciət edildi

Hazırda oxunan: İranda yoxa çıxan Azərbaycan vətəndaşı ilə bağlı rəsmi qurumlara müraciət edildi

124550

İranda yoxa çıxan Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin tapılması üçün rəsmi qurumlara müraciət olunub.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında 26 yaşlı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O qeyd edib ki, ötən gün Azərbaycanın Almaniyadakı səfirliyinə bu barədə məlumat verib və onların tövsiyəsi ilə də Xarici İşlər Nazirliyinə rəsmi məktub ünvanlayıb:

“Hazırda aidiyyəti qurumlarımız onun tapılması üçün çalışırlar. Ötən gün sənədlərini məndən alıblar. Amma hələ bir məlumat yoxdur".

Dilarə Əsgərovanın sözlərinə görə, oğlu Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib:

“Lakin dostlarından öyrəndiyimə görə, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlıdır, sosial şəbəkələrdə görünmür. Düşünürəm ki, telefonu itmiş olsaydı, hardansa sosial şəbəkə üzərindən mənimlə əlaqə saxlayardı. Lakin o vaxtdan bəri heç bir xəbər yoxdur.
Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən aldığımız məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. Artıq 6 gün keçir”.

Dilarə Əsgərova onu da qeyd edib ki, oğlunun tanış olduğu xanımın kimliyi barədə tələbə yoldaşlarından məlumat almağa çalışıb, lakin onu tanıyan olmayıb:

“İndi dostları iranlı tələbələrdən bir məlumat öyrənməyə çalışırlar. Bəlkə onların vasitəsilə qızı tapmaq olar. Almaniyada "Şəxsi məlumatların qorunması haqqında" Qanuna görə Universitet heç bir məlumat verə bilmir. Bunun üçün iş açılmalıdır, məhkəməyə müraciət edilməlidir. Lakin universitet rəhbərliyindən nömrəmi istəyiblər. Mənimlə əlaqə saxlayacaqlarını bildiriblər".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin