Baş Prokurorun KÖMƏKÇİSİ: “Ermənistan təbiətimizə 16 milyard manatdan çox zərər vurub" - MÜSAHİBƏ

Hazırda oxunan: Baş Prokurorun KÖMƏKÇİSİ: “Ermənistan təbiətimizə 16 milyard manatdan çox zərər vurub" - MÜSAHİBƏ

123407

44 günlük Vətən müharibəsindən sonra ölkəmiz tərəfindən Ermənistana qarşı bir sıra beynəlxalq məhkəmələrdə dövlətlərarası iddialar qaldırılıb. 2021-ci ilin sentyabrında ölkəmiz BMT-nin 1965-ci il tarixli “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının Ermənistan tərəfindən pozulması faktlarına dair Beynəlxalq Ədalət Məhkəməsinə iddia ilə müraciət edib.

Bəs müraciətlər və Azərbaycanın iddiaları üzrə proseslər hansı mərhələdədir?

Mövzu ilə bağlı Bizim.Media-ya müsahibə verən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib ki, hazırda sözügedən istiqamətlərdə ciddi işlər aparılır. 

Baş prokurorun köməkçisi ilə xüsusi müsahibəni təqdim edirik:

- İlqar bəy, işğal başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq məhkəmələrə müraciətlər edib.

Bu barədə Baş Prokurorluq mütamadi olaraq məlumatları ictimaiyyətlə paylaşır. Hazırda işlər hansı mərhələdədir?  

- 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz tərəfindən Ermənistana qarşı bir sıra beynəlxalq məhkəmələrdə dövlətlərarası iddialar qaldırılıb. İddiaya mahiyyəti üzrə baxılması hələ bir müddət, bəlkə də bu proses bir neçə il sürəcək. Hazırda baxılan məsələlər iddianı təmin etmə tədbirlərini əhatə edir. 

- Bir müddət əvvəl Ermənistan tərəfi də Azərbaycana qarşı iddia qaldırmışdı. Gülməli də görünsə, onların iddiası nədir?

- Ermənistan tərəfinin məhkəmədə qaldırdığı sonuncu məsələlərdən biri Laçın-Xankəndi yolunda ekofəallarımız tərəfindən ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı keçirilən aksiyanın guya Azərbaycan hökuməti tərəfindən təşkil olunduğuna dair vəsatət idi. Məhkəmə də haqlı olaraq qarşı tərəfin fərziyələrini qəbul etməyək həmin vəsatəti rədd edib. İkinci vəsatət guya ölkəmiz tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərin elektrik enerjisi, təbii qaz və kommunikasiya təminatında müdaxilələrin edilməsi və bununla da onların hüquqlarının pozulması ilə bağlı olub. Məhkəmə tərəfindən yenə də ölkəmizin haqlı mövqeyi təsdiqlənmiş və Ermənistan tərəfinin iddiaları rədd edilmişdir. Üçüncü vəsatət isə bütün yüklərin, şəxslərin və avtomobillərin keçidi ilə bağlı idi və qarşı tərəfin istəyi Məhkəmə tərəfindən tam nəzərə alınmadı.

- Bizim qaldırdığımız vəsatətlə bağlı məsələlərlə hansı yerdədir?

- Bizim Ermənistana qarşı qaldırdığımız vəsatət ondan ibarət idi ki, 2020-ci 10 noyabr tarixində müharibə bitdikdən və üçtərəfli bəyanatdan sonra çoxsaylı azərbaycanlı hərbçilər və mülki şəxslər qarşı tərəfin basdırdığı minaların qurbanı olmuş və ya xəsarət almışlar. Faktlarla bağlı tərəfimdən qaldırılmış cinayət işlərinin istintaqı ilə müəyyən edilmişdir ki, basdırılmış minaların bir qismi 2021-ci il istehsalıdır, yəni söhbət müharibənin bitdiyindən sonra basdırılmış minalardan gedir. Sözügedən vəsatətimiz də məhz bu xüsusda qaldırılıb. Məhkəmənin bizim vəsatətə dair qərarı ondan ibarət oldu ki, Azərbaycan tərəfinin təqdim etdiyi sübutlara qısa müddət ərzində tam təfsilatı ilə qiymət verə bilmir və bu məsələyə iddiaya mahiyyəti üzrə baxılan zaman hüquqi qiymət veriləcəkdir. 

- İlkin araşdırmalara görə, ekoloji, mədəni irs baxımdan Azərbaycana neçə milyard zərər dəyib?

- İşğal altında saxlanılmış ərazilərdə təbiət obyektlərinin, yəni meşə və mineral-xammal yataqlarının qanunsuz istismarı nəticəsində vurulmuş zərərin ən azı 16.200.059.474,80 manat (16.2 milyarddan çox) olması müəyyən edilib. Azərbaycan Respublikasının işğaldan azad olunmuş 741 yaşayış məntəqəsindən 539-na (rayon tabeli 8 şəhər, 11 qəsəbə, 520 kənd) istintaq idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib. İstintaq hərəkətləri ilə həmin ərazilərdə əvvəllər mövcud olmuş:

yaşayış tikililərindən 95787-nin, 
inzibati binadan 2167-nin, 
tarixi, dini və mədəniyyət abidələrindən 183-nün, 
qəbirstanlıqdan 367-nin, məsciddən 54-nün tamamilə məhv edilməsi və ya istifadəyə yararsız vəziyyətə salınması, tikinti materialı kimi tikililərin bünövrələrinə qədər sökülüb daşınmaqla talanlar edilməsi faktları müəyyən edilib. 

Bütün bunların maddi dəyərləndirilməsi isə əlaqədar insatnsiyalar üzrə aparılır.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin