Sadə oxucular üçün xəbər saytlarının kontentinin heç də qane edici olmadığını qeyd etməliyik.
Xəbərlərin məzmunundan, analitik dərinliyə, dizayn görüntüsündən görülən işin keyfiyyətinə qədər bir çox sahədə qonşu ölkələrlə fərqləri dəhşətli ölçüdədir.
MÖVZU İLƏ BAĞLI:
“Sputnik Azərbaycan” məsələsi parlament səviyyəsində müzakirə olunmalıdır - Cümşüd Nuriyev
Sputnik Azərbaycanın materialları əvvəlcə Moskvada senzuradan keçirilir – Politoloqlar ittiham edir
Sadə müqayisə aparmaq üçün iki fərqli qonşu ölkədə - Azərbaycan və Ermənistanda fəaliyyət göstərən eyni xəbər platformasının fəaliyyət istiqamətlərini nəzərdən keçirə bilərik. Sputnik Armenia və Sputnik Azərbaycan.
Sputnik Beynəlxalq İnformasiya Agentliyi “Rossiya Seqodnya”nın tərkibində fəaliyyət göstərən layihədir. Bu qurum yerli hüquqi qeydiyyatı olan Novosti Azərbaycan MMC-ə məxsusdur.
2006-cı ildən Novosti Azərbaycan İnformasiya Agentliyi Rusiyanın RİA-Novosti agentliyi ilə əməkdaşlıq etmək məqsədilə yaradılıb.Sputnik layihəsi isə qlobal media məkanında fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb və təxminən 30 dildə yayımlanır.
2014-cü ildən etibarən agentliyə erməni əsilli jurnalist Marqarita Simonyan rəhbərlik edir.
Simonyan 2013-cü ildən"Rossiya seqodnya" agentliyində çalışır və 2015-ci ildən etibarən "Rossia Today" telekanalının baş redaktorudur.
Hər iki xəbər saytı eyni platformanın tərkibindədir və fəaliyyət istiqamətləri oxşardır.Rusiya meylli gündəmi formalaşdırmaq və bunun yanında da oxucular üçün maraqlı xəbərlər təmin etmək.
Lakin belə çıxır ki, Sputnik Armenia qarşısına qoyulan vəzifələri daha yaxşı icra edir, nəinki Sputnik Azərbaycan? Hətta deyərdik ki, Sputnik Armenia Azərbaycan oxucusu və xəbər saytları üçün Sputnik Azərbaycandan daha faydalı məlumatlar təmin edir.
Sputnik Azərbaycanın nə işlə məğul olması, nəyə xidmət etməsi isə sual altındadır. Nə ciddi xəbər, nə operativlik, nə də gündəm yaradacaq analizlər var..sadəcə digər xəbər saytlarının oxşar kontentinin eynilə tirajlanması.
Maraqlısı odur ki, Sputnik kimi bir şəbəkəni quran və Azərbaycanda fəaliyyətini təmin edənlər hazırlanacaq xəbərlərin keyfiyyətini də yəqin ki, nəzərə alıblar.
Çünki bu saytların fəaliyyətinin təmin olunması üçün müəyyən maliyyə dəstəyi ayrılır və bu maliyyə dəstəyi keyfiyyətli xəbərlərin tirajlanmasına, ən əsası da oxucu kütləsi formalaşdırmağa sərf olunur. Lakin nə üçünsə, Sputnik Azərbaycanda biz bunun şahidi olmuruq.
Burada diqqət çəkən əsas məqam Sputnik Azərbaycanın fəaliyyətsizliyi olsa da, Sputnik Armenianın məzmun strategiyasına da deyinməliyik.
Necə olur ki, Sputnik Armenia Azərbaycan oxucusunu maraqlandıran mövzulara deyinə bilir, amma bunu Sputnik Azərbaycan edə bilmir?
Məsələn, müharibə dövründə Sputnik Armenia saytı ciddi şəkildə Ermənistanın mövqeyini əks etdirən xəbərlərə yer verir, cəbhədə baş verən hər hadisəni Ermənistanın maraqlarına uyğun şəkildə tirajlayırdı.
Xarici ölkənin Ermənistandakı media platforması olmaqdan çıxaraq fəal təbliğat maşınına çevrilən Sputnik Armenia Azərbaycan oxucuları üçün də xəbər mənbəsi rolunu oynayırdı.
Eyni platformanın Azərbaycan qolu olan Sputnik Azərbaycan isə Azərbaycanın maraqlarına və mənafeyinə uyğun ciddi hər hansı kontentə ver vermirdi. Sayt oxucular üçün sanki başqa ölkədə fəaliyyət göstərdiyi təəsüratını yaradırdı.
Günü bu gün də Sputnik Azərbaycanın bu istiqamətdəki fəaliyyətində hər hansı dəyişiklik yoxdur.
Əsasən hava xəbərlərindən və oxucular üçün maraq kəsb etməyən daxili xəbərlərdən ibarət olan Sputnik Azərbaycanın xəbər lenti müharibə dövründəki monotonluğunu qoruyub saxlayır.
Sevgililər günündən, yumurta və pomidordan, dəhliz və qadınlardan danışan Sputnik Azərbaycan, gündə bir neçə ciddi daxili və xarici analitik yazı verən, xəbər lentində Azərbaycan haqqında 3-4 xəbərə rast gəlinən Sputnik Armeniyadan hərtərəfli şəkildə geri qalır. Sputnik Azərbaycanın Ermənistanla bağlı mövqeyi isə 3 günə 1 xəbərdən ibarət olur.
Sputnik Azərbaycanın rəsmi xəbərlərin kopyalanaraq tirajlanmasından başqa yeni kontent yaratmaqdakı uğursuzluğunu xəbərlərinin baxış saylarından da görmək mümkündür.
Bu məqamı gizlətməyə belə ehtiyac duymayan Sputnik Armenia 32 baxış olan xəbərləri ilə fəxr edir deyəsən?
Bəlkə də, Sputnik Azərbaycan qarşısında keyfiyyətli xəbər və oxucu kütləsi formalaşdırmaq kimi bir vəzifə qoyulmayıb, bəs onda bu xəbər saytının mövcudluğuna nə gərək var? Əgər bir oxucu olaraq maraqlı məlumatları Sputnik Armeniyadan alınırsa, Sputnik Armenia bu işi daha yaxşı görürsə, Sputnik Azərbaycana nə ehtiyac var?
Sputnik Azərbaycan ola ola Azərbaycan oxucusu Sputnik Armenianın xəbərlərinə istinad edirsə, deməli Sputnik Armenia Azərbaycan oxucusunun hansı xəbərlərlə maraqlandığını, hansı xəbərlərə reaksiya verdiyini daha yaxşı bilir.
Saytda iki xəbər Azərbaycan oxucusunu ələ almaq üçün verilirsə, üçüncü xəbər də onu lazımlı istiqamətə yönləndirmək üçün istifadə olunur.
Beləcə oxucuların həm Azərbaycan xəbər saytlarına olan etimadı azaldılır, həm də xarici dövlətlərin maraqlarına uyğun istiqamətlərə yönləndirilməsi həyata keçirilir.
Məlumdur ki, müxtəlif xəbər saytları öz oxunma və baxış saylarını müəyyən etmək üçün müxtəlif media ölçü sistemlərinin xidmətlərindən istifadə edirlər.
Bu cür media ölçü sistemləri onlardan istifadə edən saytlar vasitəsilə ölkə gündəmindəki mövzuları, oxucuların maraq dairələri və xəbərlərə yanaşmaları ilə bağlı ətraflı məlumat əldə edirlər.
Daha sonra bu məlumatlar ölkə gündəminin formalaşdırılmasına və informasiya siyasətinin müəyyən istiqamətə yönləndirilməsinə nail olurlar.
Rəvan Əliyev, Bizim.Media