İran hazırkı vəziyyətə nə qədər davam gətirəcək? – Aksiyalar, edamlar....

Hazırda oxunan: İran hazırkı vəziyyətə nə qədər davam gətirəcək? – Aksiyalar, edamlar....

122785

Ölkə ərazisində sabitliyi təmin edə bilməyən İran hökuməti regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edir ki, bu da ikrah hissi doğurmaya bilməz.

Bizim.Media xəbər verir ki, dünən İranın Tehran, Kərəc, İsfahan, Rəşt və digər şəhərlərində kütləvi aksiyalar davam edib. Aksiya iştirakçıları getdikcə daha radikal şüarlar səsləndirirlər.

Məsələn, aksiyaların ilk günlərində, sadəcə olaraq, “Qadınlara azadlıq” şüarları səsləndirilirdisə, hazırda artıq birbaşa “Xamneyiyə ölüm!”, “Rədd olsun diktator!” şüarları eşidilir ki, bu da əhalinin hakimiyyətdən tamamilə üz döndərdiyini deməyə əsas verir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, aksiyalar başladığı gündən hakimiyyət xalqın səsinə qulaq asaraq problemləri aradan qaldırmaq əvəzinə, tamamilə əks mövqe nümayiş etdirərək insanlara divan tutmağa başladı.

Xatırladaq ki, ötən il Tehranda əxlaq polisinin zorakılığına məruz qalan gənc qızın ölümü İran ictimaiyyətinin səbir kasasını daşdırdı. Xalqın günahkarları cəzalandırmaq və mənasız qanunları aradan qaldırmaq tələbinin qarşısına hakimiyyətin, necə deyərlər, top-tüfənglə çıxması əhalini daha radikal addımlar atmağa sövq etdi.
Daha sonra yanlış addımlarını düzəldib insanları sakitləşdirmək əvəzinə, hökumət tərəfindən kütləvi həbslər və edamlar başladı. Artıq 100-dən çox aksiya iştirakçısı edam olunub, 500-dən artıq şəxs müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Bütün bunlar onu deməyə əsas verir ki, İran hakimiyyəti hər hansı islahat apararaq ölkədə azad mühit yaratmaq fikrində deyil. Buna İranda artıq hamı başa düşüb və təsadüfi deyil ki, İranı tərk edənlərin sayı gündən-günə artmaqdadır.

Hələ aksiyalardan əvvəl İranı ildə 60 mindən çox adam tərk edərək Kanada və ABŞ-yə köçürdü.

Miqrasiya ilə məşğul olan bəzi şirkətlərin məlumatına görə, pandemiyanın səngiməsi ilə İranı tərk edənlərin sayı kəskin artıb. Belə ki, 2020-ci, 2021-ci və 2022-ci illərin hər birində İranı təqribən 120 min vətəndaş tərk edib. Həkimlər, mühəndislər, iş adamları, elmlə məşğul olanlar - bir sözlə, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan şəxslər ölkəni tərk edib daha azad yaşamaq üçün başqa ölkələrə üz tuturlar.

Hazırda ABŞ-də 6 milyondan çox iranlı emiqrant yaşayır ki, bu şəxslərin əksəriyyəti ixtisaslı kadrlardır. Almaniya və İsveç kimi ölkələr də İrandan gələn ixtisaslı həkimləri işlə təmin edirlər.

Kanadada 4 milyona yaxın iranlı yaşayır ki, bunlar da əsasən bank sahəsində çalışanlar və iş adamlarıdır.

Göründüyü kimi, hakimiyyətin həyata keçirdiyi saxta ideoloji xətt, insanların özünü reallaşdırmaq şanslarının olmaması, radikal qanunlar və digər məhdudiyyətlər İrandan kütləvi köçün əsas səbəbləri sırasındadır.
Belə vəziyyətin İranda nə qədər davam edəcəyini zaman göstərəcək. Hələlik isə İranın böyük şəhərlərində insanlar etirazları, hakimiyyət isə edamları davam etdirir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin