17 fevral tarixində BMT-nin Baş katibi Antoniu Quterreş pandemiya ilə mübarizə çərçivəsində yaranmış son vəziyyət və problemlər barəsində çıxış edib.
Baş katib öz çıxışında üzv dövlətləri vaksinin daha ədalətli paylanması üçün təcili olaraq koronavirus əleyhinə qlobal vaksinasiya planı hazırlamağa səsləyib.
MÖVZU İLƏ BAĞLI:
Məcburi köçkünlərin qayıdışı BMT ilə müzakirə edildi
Planın hazırlanması ilə “böyük iyirmiliyin” üzvlərindən təşkil olunacaq işçi qrupun məşğul ola biləcəyini qeyd edən Quterreşin sözlərinə görə, COVID-19 qarşı istehsal olunan vaksinlərin 75 faizi cəmi on dövlətin əlində cəmləşib, 130 ölkə isə bircə doza belə vaksin ala bilməyib.
BMT Baş katibinin çıxışı eyni zamanda dünya miqyasında pandemiya ilə mübarizə çərçivəsində yaranan qeyri-bərabərliyi və ikili münasibəti də gözlər önünə sərib.
Lakin bu günün prizmasından baxıldığında BMT Baş katibinin bu çıxışı problemlə bağlı olduqca gecikmiş addım hesab oluna bilər. Hələ yeni peyvəndlərin sınaqdan keçirildiyi və istehsalına başlanıldığı bir dövrdə gələcəkdə bu cür problemlərin yaşanacağı ilə bağlı xəbərdarlıqlar səsləndirilirdi.
BMT Baş katibinin məlum çıxışından aylar öncə, 3 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı mövcud məsələyə toxunmuş, dünya dövlətlərini qarşıdan gələn təhlükə barəsində xəbərdar etmişdi.
“Qoşulmama hərəkatı”nın sədri kimi 120 dövlət adından çıxış edən Prezident dünya ölkələrin böyük əksəriyyətini yaxından maraqlandıran və narahat edən bir məsələni gündəmə gətirmişdi.
Bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini qeyd edən Prezident, beynəlxalq ictimaiyyəti bu sahədə birlik və qarşılıqlı əməkdaşlığa dəvət edirdi.
Prezidentin Baş Assambleyadakı müvafiq çıxışında Antoniu Quterreşdən aylar öncə COVID-19-un fəsadlarının aradan qaldırılması və yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün vahid strategiyaların hazırlanmasının vacibliyi vurğulanırdı.
Dünyanın inkişaf cəhətdən geri qalmış ölkələri adından ədalət çağırışı edən Prezident təkcə pandemiya ilə bağlı problemlərə deyil, bu gün və qarşıdakı illərdə də mövcud olacaq, ciddi problemlərin yaranmasına səbəbiyyət verəcək məsələlərə də toxunub.
İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığının yaşanması və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə kimi problemlər dünya ölkələrini təhdid edən əsas problemlər kimi qeyd olunurdu.
Görünən odur ki, Azərbaycan Prezidentinin aylar öncəsindən verdiyi proqnozlar bu gün özünü doğruldub. Qoşulmama hərəkatı adından səsləndirilən fikirlər gələcək ehtimallardan xəbər verirdisə, bu gün artıq bu ehtimallar reallığa çevrilib.
Bu nümunə üstün analiz qabiliyyətin xəbərçisi olmaqla yanaşı həm də Azərbaycanın dünya siyasətində oynadığı rolun da önəmi bir daha göstərir.
“Qoşulmama hərəkatın” liderlik edən Azərbaycan uzun müddət regional konfliktlərlə sərhədlənmiş olması səbəbi ilə qlobal dəyişikliklər və dəyişən dünya nizamında öz sözünü diktə edə bilmirdi.
Lakin bu günün Azərbaycanı artıq qalib ölkə, qüdrətli dövlətdir. Bu gün bütün dünya Azərbaycanla hesablaşdığı kimi, Azərbaycan da qlobal problemlərin həlli məsələsində öz rolunu əminliklə icra edir
Rəvan Əliyev, Bizim.Media