Bu gün 2022-ci ilin fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanmasından bir il ötür. 43 müddəadan ibarət sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurmalıdırlar.
Ötən bir il ərzində müqavilədən irəli gələn öhdəliklərin icrası istiqamətində hansı addımlar atılıb? Rusiya üzərinə düşən öhdəliklərə nə dərəcədə əməl edir, ümumiyyətlə edirmi?
Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, Moskva strateji müqaviləyə sadiqlik nümayiş etdirmir:
“Strateji müttəfiqlik haqqında bəyannamədən irəli gələn bir sıra öhdəlikləri ötən bir il ərzində Rusiya yerinə yetirməyib. Müqavilənin 1 və 4-cü bəndində dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsinə hörmətlə yanaşmaq, 18-ci bənddə separatizm və ərazi bütövlüyünə qarşı olan cəhdlərlə birlikdə mübarizə aparılması nəzərdə tutulub.
Buna baxmayaraq, Qarabağ İqtisadi Rayonunda erməni separatçıları hələ də qondarma rejim yaratmaq, onun strukturlarını formalaşdırmaq və silahlanmaqda davam edirlər.
Amma strateji tərəfdaşımız olan Kreml nəinki bu özbaşınalığın qarşısını alır, əksinə, belə vəziyyətin yaranmasına müəyyən dərəcədə şərait də yaradır. Bu da onu göstərir ki, Moskva müqaviləyə sadiqlik nümayiş etdirmir. Kreml bir tərəfdən separatçıların nümayəndələrini qəbul edir, onları təlimatlandırır, ev tapşırıqları verir. Qarabağda “rus icmasını” yaratmağa cəhd edirlər. Ötən müddət ərzində Rusiya müqavilənin bəndlərindən irəli gələrək Qarabağdakı separatizmə qarşı birgə mübarizə istiqamətində heç bir addım atmayıb”.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan isə digər sənədlər kimi, Rusiya ilə bağlanan bu müqaviləyə də sadiqdir:
“Beynəlxaql tribunalarda Rusiyaya qarşı yönələn aksiyalarda Bakı iştirak etmir. Bir sözlə müqavilə Moskvanın günahı üzündən işlək mexanizm halında deyil. Rusiya müttəfiqlik müqaviləsini yerinə yetirmək niyyətindən uzaqdır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:30 / 22.02.2023
Rusiya ilə MÜQAVİLƏNİN 1 İLİ: “Moskva imzaladığı sənədə sadiqlik nümayiş etdirmir”
Hazırda oxunan: Rusiya ilə MÜQAVİLƏNİN 1 İLİ: “Moskva imzaladığı sənədə sadiqlik nümayiş etdirmir”
Hazırda oxunan: Rusiya ilə MÜQAVİLƏNİN 1 İLİ: “Moskva imzaladığı sənədə sadiqlik nümayiş etdirmir”
121899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.