Zəngəzur mahalında yaşayan ermənilər təlaş içindədir. Buna səbəb Ermənistanın “Qraparak” qəzetinin yaydığı müəmma dolu yazıdır.
Qəzet “məxfi” sənədə istinad edərək bildirib ki, guya rəsmi Bakı və İrəvan Ermənistanın Sünik, yəni Zəngəzur mahalının Gorus-Davidbek yolunun 21 km-lik hissəsini Azərbaycana təhvil verir.
Bizim.Media məsələ ilə bağlı politoloq Əli Hacızadəyə sual ünvanladı.
MÖVZU İLƏ BAĞLI:
“Zəngəzurda bu kəndin bir hissəsi də Azərbaycana verilir” - Avetyan
O bildirdi ki, son zamanlar Ermənistan mətbuatında və sosial şəbəkələrin erməni seqmentində bu tip yazı və məlumatlara rast gəlinir:
“Bu məlumatların ümumi istiqaməti “Filan yer Azərbaycana verildi” tezisindən ibarətdir. Əslində isə Azərbaycana, dövlətimizin rəsmi sərhədlərindən kənarda verilən bir ərazi yoxdur".
"Sadəcə olaraq bəzi ermənilər real sərhəddin haradan keçməsini bilmir, bəzi dairələr isə bu tip xəbərləri sırf daxili siyasi maraqları üçün yayır və istifadə edir”.
Eyni sualla müraciət etdiyimiz digər politoloq Ramiz Sevdimalıyevin fikrincə, Ermənistan tərəfinin ərazilərimizi işğal etdiyi azmış kimi, hətta həmin ərazilərdə, əsasən də Zəngəzur mahalında dövlət sərhədlərini Azərbaycan ərazilərinə sürüşdürüblər:
“Yəni süni şəkildə, qeyri-qanuni olaraq öz ərazilərini genişləndiriblər. Azərbaycan isə əldə olunan razılığa əsasən öz dövlət sərhədlərinin hamısını bərpa edir. Bu baxımdan, sözügedən 21 kilometrlik yol Azərbaycanın ərazisindən keçir".
"Həmin yol ölkəmizə qaytarılır. Ermənistanın təlaş içində olması isə oradakı ağır vəziyyətlə bağlıdır”.
İşğal olunan ərazilərdə tikilən erməni evlərinin hamısı qeyri-qanunidir və onlar həmin əraziləri tərk etməlidirlər”.
Ramiz Sevdimalıyev bildirdi ki, erməni mətbuatında belə xəbərlərin tirajlanması Paşinyan hakimiyyətinə qarşı erməni müxalifətinin istənilən imkanlardan istifadə etməsi ilə əlaqədardır:
“Ermənistanda belə xəbərlər həmişə hər hansı bir kütləvi aksiyadan öncə daha çox tirajlanır. Məqsəd isə, əhalini etirazlara kökləməkdir. 20 fevralda Ermənistanda “Vətənin xilası” hərəkatı kütləvi aksiyalar planlaşdırır və istəyir ki, ora daha çox insan cəlb olunsun”.
Bu səbəbdən də, İrəvan hökümətinə qarşı hiddət və etiraz doğuran xəbərlər yayılır.
Anar Rəhimov, Bizim.Media