Politoloq Əvəz Həsənov son sutkada verdiyi müsahibədə səsləndirdiyi bəzi ziddiyyətli fikirlərə görə ölkə mediasında, sosial şəbəkələrdə çoxsaylı ittihamlarla üzləşən xarici işlər nazirinin müavini Araz Əzimovun müdafiəsinə qalxaraq onun haqlı olduğunu bildirib.
Onun Moderator.az - a açıqlamasını təqdim edirik:
"Araz Əzimov çox təcrübəli, prinsipial və bəzən diplomatlar üçün xüsusi olmayan hərəkətləri: piyada gəzmək, velosiped sürmək, kostyumsuz gəzməyə meyli ilə seçilən diplomatdır. Onun Vyanada jurnalistə verdiyi müsahibə bu gün sosial şəbəkələri çox məşğul edib. Onun Bəşər Əsəd haqqında dediyi sözlərini mahiyyətinə varmadan hamı “təhlil”x9d edir.
Araz Əzimov rəsmi dövlət nümayəndəsi kimi, Suriyada bütün səhvləri və günahlarını nəzərə almadan dövləti təmsil edəcək və onun təhlükəsizliyinin qarantı olacaq insanın prezident olmasına (bunun B.Əsəd olub-olmamasının artıq əhəmiyyəti yoxdur) işarə vurur. Prezidentin ordusu isə qanuni institut kimi Suriya xalqının taleyi ilə bağlı proseslərdə ölkələr tərəfindən qəbul olunmasına ən çox mənəvi haqqı çatır.
İndi bir dövlətin rəsmisi başqa bir dövlətin seçilmiş prezidentinin hakimiyyətdə olduğu bir vaxtda ölkədə təhlükəsizliyin qarantının kim olmasını deməlidir?:
- Suriya Ərərb ordusu (Bəşir Əsədin tərəfdaşları);
- Suriya müxalifətinin ordusu;
- Kürdlərin özünü müdafiə dəstələri;
- İŞİD
- Cabhat al-Nusra.
Suriyanı elə qarışdırıblar ki, orada mövcud olan qruplaşmalar hərəsi bir dövlətin marağının təmin olunmasında alətə çevrilir. Azərbaycan bu qarışıqlıqda olduqca ehtiyyatlı olmalı, Suriya xalqına humanitar dəstəyi göstərməyə hazır olmalı, maraqlı tərəflərin cəlb olunması ilə Suriya münaqişəsinin həllinə nail olunmasına çalışmalı (terrorçular istisna olmaqla), eyni zamanda Suriyanı dağılmaqdan qorunmasında dünya birliyinin yanında olmalıdır. Azərbaycan dövlətinin əsas prioritetləri bunlardan irəli gələcəksə öz neytrallığını qoruması çətin olmayacaq."





























































































