“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra ölkənin siyasi arenasında təmsil olunmaq üçün yeni tələblər meydana çıxdı. Xüsusilə də, qeydiyyat məsələsində tələblərin sərtləşdirilməsi partiyaların yeni konfiqurasiyaya uyğun addımlar atmasına zəruri edib.
Belə ki, qanuna əsasən, partiyalar dövlət qeydiyyatına alınması üçün 5 min üzv sayına malik olmalı və bununla bağlı lazımi sənədlər 180 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
Artıq fəaliyyəti daha aktiv olan partiyaların əksəriyyəti qeydiyyat üçün işlərə start veriblər. Lakin çox sayda partiyadan hələ də səs-soraq yoxdur.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, siyasi partiyaların qanunla bağlı şikayətlərinin əsası yoxdur:
“Qanun moderndir, həm də Azərbaycan Konstitusiyasına uyğun hazırlanıb. Elə partiyalar var ki, “bir papkası var, bir də özü”, heç sədrinin arvadı, ailəsi də partiyaya üzv deyil. Ona görə də, bizdə qeydiyyatda olan partiyaların sayı 59-a çatmışdı.
10 milyonluq xalqın 59 cür mövqeyi ola bilməz. Azərbaycanda ən yaxşı halda 5-6 partiya olmalı idi. Qeydiyyat məsələsi başlayan kimi, o partiyaların çoxu gündəmdən çıxacaq.
Həmin partiyalar yaxşı olar ki, bir blokda birləşsinlər. Bir ölkədə Xalq Cəbhəsi adı ilə 6 partiya ola bilməz. Bir xalqı şəxsi maraqlar üçün bu qədər parçalamaq və siyasi don geydirmək xalqa xəyanətdir. Bu qanundan əsas narazı olanlar, gündüz müxalifət, gecə iqtidar olanlar və icazəli müxalifətdir”.
Cümşüd Nuriyev Azərbaycanda 5-6 partiyanın qalacağı qənaətində olduğunu qeyd edib:
“Hətta bu da böyük sual altındadır. Məsələn, iqtidaryönümlü partiyalardan YAP-dan başqa real güc görünmür. Özünü demokratik sayanlarsa bir araya gəlsələr belə, onların da 5 min üzv sayına çata biləcəkləri hələ sual altındadır. Çünki müxalifət öz aralarında didişməklə məşğuldur. Şəxslər öz eqolarını milli maraqlardan üstün tuturlar. Ona görə, həmin partiyaların birləşib-birləşməyəcəkləri də məlum deyil. Müxalifətdəki siyasilərin şəxsi maraqları bir araya gəlmələrinə imkan verməyəcək.
Doğrudur, hay-küy salan destruktiv adamlar var. Lakin adamlar hələ partiya demək deyil. Partiya eyni əqidədə olan vətəndaşların toplusu olmalıdır. Eyni zamanda, Azərbaycan xalqı o qədər də siyasiləşməyib və müxalifətə inam azdır”.
Politoloq qanunun Azərbaycan siyasəti üçün yenilik olacağını vurğulayaraq əlavə edib ki, yeni meydana çıxacaq müxalifət partiyaları konstruktiv mahiyyət daşıyacaq.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 22.02.2023
Siyasi arenada YENİ KONFİQURASİYA – “Azərbaycanda uzağı 5-6 siyasi partiya qalacaq”
Hazırda oxunan: Siyasi arenada YENİ KONFİQURASİYA – “Azərbaycanda uzağı 5-6 siyasi partiya qalacaq”
Hazırda oxunan: Siyasi arenada YENİ KONFİQURASİYA – “Azərbaycanda uzağı 5-6 siyasi partiya qalacaq”
121762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.