Fevralın 20-dən Avropa İttifaqının Ermənistandakı Missiyası ilk patrulunu həyata keçirib.
Bununla da, regionda qalma müddəti 2 il nəzərdə tutulan 100 nəfərlik Aİ missiyasının fəaliyyətinə faktiki olaraq start verilib.
Əvvəlcə missiya barədə...
Ümumiyyətlə, regiona Avropa İttifaqı missiyasının göndərilməsi məsələsi ilk dəfə oktyabrın 6-da keçirilən Praqa görüşündə müzakirəyə çıxarılıb.
Həmin görüşdə Azərbaycan tərəfinə də missiyanın göndərilməsi təklifi verilsə də, rəsmi Bakı bundan imtina etmişdi. Nəticədə, Ermənistan və Fransanın birgə səyləri nəticəsində bölgəyə iki aylıq qısamüddətli missiya göndərildi.
Həmin missiyanın müddəti dekabrda başa çatdıqdan sonra isə uzunmüddətli monitorinqlərin təşkili məsələsi ortaya atıldı. İlk olaraq, missiyanın 200 nəfərlik olması nəzərdə tutulurdu. Lakin bu plan baş tutmadı və sonda Ermənistana yalnız 100 nəfər göndərildi.
Bir müddət əvvəl, Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Vilayət Quliyev Avropa İttifaqı ölkələrinin missiyanın xərclərini qarşılamaq üçün tərəfdaşlar axtardığını qeyd etmişdi:
“Avropa Birliyinin Ermənistana göndərəcəyi 200 nəfərlik monitorinq missiyasının ilk dörd aylıq xərci 8 milyon avro təşkil edəcək və təbii ki, bu pul missiyaya qatılan dövlətlərin vergi ödəyicilərinin cibindən çıxacaq. Vəziyyəti belə görən Aİ birlik üzvü olmayan Avropa ölkələrini də missiyada iştirakla "şərəfləndirməyə" çalışır. Bir şərtlə ki, onlar göndərəcəkləri personalın bütün xərclərini (maaş, yol pulu, sığorta, ölkə daxilindəki hərəkət, yemək və digər xərclər) öz üzərlərinə götürsünlər”.
Görünən qədərilə, 200 nəfəri göndərmək üçün yetərli vəsait tapılmadığı üçün, missiyanın tərkibi yarıbayarı azaldılıb.
İlkin məlumatlara görə, missiyanın əsas tərkibini fransızlar təşkil edəcək. Onlarla paralel, 15 nəfərlik Almaniya polisi də Ermənistanda olacaq. Eyni zamanda missiyanın silahsız fəaliyyət göstərəcəyi bildirilir.
Azərbaycanın razılığı yoxdur, Rusiya isə...
Digər tərəfdən, Ermənistanın Azərbaycanla sərhədinə missiya göndərilməsinə münasibət də birmənalı deyil. Bu məsələdə birmənalı olaraq, Azərbaycan tərəfinin razılığı yoxdur.
Missiyaya qarşı çıxış edən əsas ölkə isə Rusiyadır. Kreml rəsmiləri açıqlamalarında missiyanın gəlişini, Aİ-nin regiona daxil olması kimi dəyərləndirərək, əlehinə çıxırlar.
Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin yanvarın 18-də verdiyi bəyanatda qeyd olunur:
“Ermənistan KTMT missiyasının gəlişi istiqamətində işlərin məntiqi sonunu gözləmədən Avropanın xeyrinə seçim etdi, əgər erməni müttəfiqlər KTMT potensialından istifadə etməkdə hələ maraqlıdırlarsa, missiya göndərilə bilər”.
Fevralın 20-də isə Rusiya XİN sözçüsü Mariya Zaxarova qeyd edib ki, Avropa İttifaqı və Qərb hər vasitə ilə Rusiyanın müttəfiqi Ermənistanda möhkəmlənmək istəyir:
“Qərb Moskvanın təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətməyə çalışır. Avropa İttifaqının regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil. Brüssel bu sahədə uğurları ilə öyünə bilməz”.
Zaxarova, həmçinin Avropa tərəfindən rəsmi Bakının mövqeyinin nəzərə alınmaması məsələsinə də iradını bildirib və missiyanın mülki xarakter daşımasına şübhə etdiklərini vurğulayıb.
Vəziyyət gərginləşir...
Təbii olaraq, Rusiya Aİ missiyasının regiona göndərilməsini özünə təhdid, eyni zamanda Ermənistanın xəyanəti kimi dəyərləndirir. Bu səbəbdən, məsələ gündəmə gələndən bəri Ermənistan-Rusiya münasibətlərində siyasi çatlar gün keçdikcə daha da dərinləşir.
Və görünən qədərilə, Moskva Ermənistandakı nüfuzunu itirməmək üçün əlindən gələni edəcək. İrəvana təzyiq üçün Rusiyanın Ermənistandakı siyasi, iqtisadi gücü də yetərincədir.
Yəni, Aİ missiyası ilə Rusiyanın maraqlarının Ermənistan meydanında açıq toqquşduğu anda, bundan zərər çəkən Paşinyan iqtidarı olacaq...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:25 / 21.02.2023
Avropa Ermənistana 200 nəfər göndərmək üçün pul tapa bilmədi – Sərhədimizə KİMLƏR GƏLİB?
Hazırda oxunan: Avropa Ermənistana 200 nəfər göndərmək üçün pul tapa bilmədi – Sərhədimizə KİMLƏR GƏLİB?
Hazırda oxunan: Avropa Ermənistana 200 nəfər göndərmək üçün pul tapa bilmədi – Sərhədimizə KİMLƏR GƏLİB?
121669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.