Münxen Təhlükəsizlik Konfransı - Azərbaycan üçün diplomatik təşəbbüslər platforması

Hazırda oxunan: Münxen Təhlükəsizlik Konfransı - Azərbaycan üçün diplomatik təşəbbüslər platforması

120976

Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ön böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.

MTK əsas konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif mövzularda və fərqli regionlarda müzakirə görüşləri təşkil edir. Konfransın ilkin fokusu Trans-Atlantik və Avropa təhlükəsizliyi məsələləri olsa da, son illərdə qlobal əhəmiyyət kəsb edən mövzulara da yer ayrılır, coğrafi şaxələndirmə aparılır. Bir sözlə, Münxen Təhlükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Yəni, ənənəvi milli və hərbi təhlükəsizlik anlayışları ilə məhdudlaşmayaraq, digər əhəmiyyət kəsb edən iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır.

1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı “Dialoq vasitəsilə sülh”dür (Peace through Dialogue).

Təsisçisi Adolf Hitlerə qarşı alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı naşiri və siyasi xadimi Evald fon Klaystdır (Ewald von Kleist). O, təsis olunduğu ildən 1998-ci ilə qədər MTK-nın sədri vəzifəsini həyata keçirib. İlk onilliklərdə MTK əsasən alman siyasətçiləri və hərbçilərinin ABŞ və NATO üzv ölkələrindən olan həmkarları ilə fikir mübadiləsinin aparıldığı məkan idi. İştirakçıların coğrafi əhatəsi və müzakirə mövzularının genişliyi elə də böyük deyildi.

Soyuq müharibənin başa çatması ilə Münxen Təhlükəsizlik Konfransı coğrafi əhatəsini genişləndirərək və ənənəvi “Qərb dünyası”ndan kənara çıxaraq Mərkəzi və Şərqi Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik qazanmış, Latın Amerikası, Asiya, Yaxın Şərq ölkələrini də öz dairəsinə cəlb etməyə başladı.

Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə ediləcək.

Hazırkı sessiya MTK-nın yeni sədri səfir Kristof Hoysqenin rəhbərliyi ilə təşkil edilir və indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olacağı ilə səciyyələnir. Prezident İlham Əliyevin də qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olunub. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər.

Ukraynada davam edən müharibənin birinci ildönümü ərəfəsində təşkil olunan 59-cu Konfransda Ukrayna mövzusunun aparıcı yer tutacağı gözlənilir. Bununla belə, Avropa və onun əsas tərəfdaşı olan Azərbaycan üçün hazırda aktual olan enerji təhlükəsizliyi, yaşıl enerji, Cənubi Qafqazda təhlükəsizlik kimi mövzuların, həmçinin “Qlobal Cənub”a daxil olan Afrika və Asiyanın üzləşdiyi müxtəlif problemlərin də diqqət mərkəzində olacağı gözlənilir. 

Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır

Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir.

Münxen Təhlükəsizlik Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş hadisə - 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi.

Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu.
Heç şübhəsiz, o tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi.

Artıq qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev builki MTK-da iştiraka dəvət olunan və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından biridir. Dövlətimizin başçısı Konfransın əsas proqramı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel müzakirədə əsas natiq kimi çıxış edəcək.

Bəzi məlumatlara görə, sonuncu panel müzakirəyə Ermənistanın baş naziri Nikol Paşinyan dəvət olunsa da, o, iştirakdan imtina edib. Yəqin ki, Paşinyan 2020-ci ilin acı təcrübəsini bir daha yaşamamaq üçün bu addımı atıb.

Dövlətimizin başçısının Konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır.

Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir.
Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin