İlham Əliyev Qananın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Hazırda oxunan: İlham Əliyev Qananın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

120354

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev 2019-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə iştirak etmək üçün Qana Prezidenti Nana Akufo-Addonun Azərbaycana səfərini məmnunluqla xatırladıb. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb, Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyəti vurğulayıb və bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirib. Azərbaycan Prezidenti ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir də öz növbəsində Qana Prezidentinin 2019-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib. Diplomat Azərbaycana Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda yaradılmış infrastrukturdan və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluğunu bildirən səfir ölkəmizin davamlı inkişaf sahəsində təcrübəsinin maraqlı olduğunu qeyd edib. O, həmçinin ölkələrimiz arasında təhsil, kənd təsərrüfatı, mədən sənayesi kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbənin ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil aldığını bildirib.

Səfir təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğulayıb, Azərbaycanın neft-qaz sahəsində ali təhsil müəssisələrinin rolunu xüsusi qeyd edib.

Diplomat Azərbaycana mütəmadi səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın qurulacağına və ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyən ediləcəyinə ümidvar olduğunu deyib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin