''Müharibəni Ermənistan təhrik elədi. Paşinyanın Qarabağda verdiyi bəyanatlar, Tonayanın müharibə ritorikası ilə dolu çıxışları bu işi qaçılmaz etdi''.
Bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Bizim.Media-ya verdiyi özəl müsahibədə səsləndirib.
Müsahibə zamanı Qarabağ münaqişəsindən, sülh bəyanatından və digər siyasi proseslərdən danışan cənab Brayza bir çox maraqlı məqamlara da toxunub.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda müharibə niyə başladı? – ABŞ diplomatından özəl açıqlama
O, hazırda bizneslə məşğul olduğunu, siyasi arenaya qayıtmaq fikrinin olmadığını da qeyd edib.
Metyu Brayza ilə geniş müsahibəni təqdim edirik:
-II Qarabağ Savaşı zamanı Azərbaycan 30 ildən çox erməni işğalı altında olan torpaqlarının əhəmiyyətli hissəsini azad etdi. Bu vaxta qədər aparılan sülh danışıqları bir nəticə vermədi, danışıqlar prosesində iştirak etmiş bir şəxs kimi necə bilirsiz, bu müharibə labüd idimi?
- 2009-cu ilin yanvar ayına qayıtsaq, görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Madrid prinsipləri ilə razılaşıblar. Danışıqların əsas məqsədi ərazilərdə sülhün bərqərar olması idi. Yəni Azərbaycan qanunsuz zəbt edilmiş torpaqlarını özünə qaytarmalı idi, bunun müqabilində isə Dağlıq Qarabağda yaşayan ermənilərə orada qalmalarına zəmanət veriləcəkdi.
Lakin Ermənistanın yeni Baş naziri bu formuladan imtina etdi. 2019-cu ildə Paşinyan və Ermənistanın Müdafiə naziri Madrid Prinsiplərinin artıq qüvvədən düşdüyünü və yeni ərazilər üçün müharibəyə başlayacaqlarını söylədilər.
Müharibənin başlanması yeni hakimiyyətin siyasi seçimi idi. Onlar qalib gələcəklərinə inanırdılar. Azərbaycanın hərbi tərəfdən güclənməsinə, müasir silahlar almasına əhəmiyyət vermədilər. Paşinyan Dağlıq Qarabağda yaşayan ermənilərə Minsk Qrupunun danışıqlarında iştirak etmək imkanını yaratmaq istəyirdi. Bunların hamısı Madrid prinsiplərini alt-üst etdi. Bununla da Paşınyan “mən müharibəyə hazıram” dedi.
- Azərbaycan konflikti sona çatdırmış sayır, amma hələ bəzi məsələlər öz həllini tapmamış qalır. Müharibəni dayandırmaqla Azərbaycan doğru addım atdımı? Bundan sonra hansı gedişlər ediləcək?
- Dağlıq Qarabağın bir hissəsi hələ də Ermənistan tərəfindən işğaldadır. Bu məsələ mübahisəli qalır. Məsələ həll olunmayıb, ortada hələ də dayanıqlı sülh yoxdur. Diplomatik danışıqlar olmalıdır. Azərbaycan Şuşanı geri almaqla tamamilə doğru addımı atıb. Şuşa Azərbaycanın çox ciddi və simvolik mərkəzi sayılır.
Şuşa həmçinin, Azərbaycan üçün starteji olaraq da əhəmiyyətli ərazidir. Yüksəkliklərin alınması Azərbaycanın hərbi gücünün təkbətək döyüşdə nəyə malik olduğunun göstəricisidir. Ermənistan ordusunun Şuşada məğlubiyyəti ölkəniz üçün böyük uğurdur.
Düşünürəm ki, İlham Əliyev çox müdrik addım atıb. Bu savaş və siyasi taktika Əliyevin düşünülmüş addımı oldu. Ermənistan tərəfinin Azərbaycanın etnik təmizləmə iddiaları tamamilə əsassızdır. Azərbaycan çox humanist döyüş nümayiş etdirdi. Ermənilərin evlərinə dönməyinə şərait yaratdı.
İlham Əliyev çıxışlarında dönə-dönə bildirirdi ki, ermənilər Qarabağda evlərinə qayıda bilər və azərbaycanlılarla yaşaya bilərlər. Azərbaycan onlara humanitar kömək üçün də şərait yaradıb. Rəsmi Bakı beynəlxalq səviyyədə yaxşı niyyətini kifayət qədər nümayiş etdirib.
Qısası, Azərbaycan müharibəni qazanmaqla yanaşı diplomatik qalibiyyətə də nail oldu. Şuşanı azad etdikdən sonra atəşkəsə razı oldu. Ümumiyyətlə, Azərbaycan müharibədə qalib çıxdı və ümumi üstünlük əldə etdi, bunu etiraf etmək lazımdır.
- Sülh müqaviləsi imzalandıqdan sonra meşələrdə qanunsuz qalan erməni silahlı qüvvələri (çünki 10 noyabr sazişinə görə, Qarabağda heç bir erməni silahlıları qalmamalı idi) Azərbaycanın azad olan Hadrut ərazisində dekabrın 11-də təxribat törətdilər və 62 erməni terrorçusu ələ keçirildi. Hazırda Ermənistan dünyaya car çəkərək onların müharibə əsiri olduğunu bildirir, Azərbaycandan onları hamıdan-hamıya prinsipi ilə geri tələb edirlər. İstərdim, bu məsələni şərh edəsiniz.
- 62 erməni silahlısının Hadruta girməyi Azərbaycan qüvvələri ilə vuruşmaq istədiklərinin göstəricisidir. Mən onların əsgər yox, terrorist adlandırılması ilə tam razıyam. Bunu deyə bilərəm ki, Azərbaycan çox doğru addım ataraq onları həbs edib. Azərbaycan hələ də sülhün bərqərar olmağı üçün çalışır, beynəlxalq dəstəyi gözləyir, böyük yenidənqurma işlərini başlamaq üçün ortada sabitlik yaratmaq istəyir. Azərbaycan suveren ölkədir. Gördüyü işləri də Beynəlxalq normalara uyğun qayda və qanun çərçivəsində edir.
- Azərbaycan Qarabağda öz hüquqi statusunu bərpa etdikdən sonra, bəzi Avropa ölkələrinin basqıları ilə üzləşdi. Onların arasında, hətta ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər də var. Sizcə bu beynəlxalq hüquq normalarına zidd deyilmi, bu məsələdə ikili standartlar hiss olunur, münasibətiniz necədir?
- Mən düşünürəm ki, Fransa böyük səhv edib. 10 noyabr sazişinin Paşinyan tərəfindən imzalandığını bilə-bilə Fransanın sabiq naziri ictimaiyyətə Dağlıq Qarabağın qanunu statusunun bərpa olunması haqqında açıqlama verib.
Fransa açıq-aşkar Ermənistanın tərəfindən çıxış edir. Fransa senatının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq cəhdi də bunun göstəricisidir. Hətta Qarabağı “Artsax” adlandırması da buna əyani sübutdur.
Əslində bu siyasi səhvi Fransanı avtomatik Minsk Qrupunun həmsədrliyindən çıxarır. Fransanın bu cür davranması onun 10 noyabr sazişini dəyişməyə haqqı olduğunu söyləyə bilməz. Ortaq mövqe tutmaq yerinə Fransa açıq-aşkar tərəf seçimi edərək Ermənistanın mövqeyindən çıxış edir.
- Bəzi ekspertlərin fikrincə, Qarabağ müharibəsinin bitməsi Rusiyanın Qarabağ münaqişəsində rolunu, onun regionda olan mövqeyini gücləndirdi. ABŞ isə bu hadisələrdən sanki kənarda qaldı, bundan əvvəl Gürcüstan məsələsində də geri çəkilmişdi, sizcə Vaşinqtonun Cənubi Qafqaz siyasətində güzəştli mövqedə dayanmağı nə ilə bağlıdır?
- ABŞ Cənubi Qafqazdakı proseslərdən Corc Buş və Barak Obamadan sonra uzaq durmağa çalışıb. Mən Buş və Obamayla birgə işləmişəm. Barak Obamanın dönəmində Rusiya ilə münasibətlər müəyyən qədər dəyişdi. Bu, daha çox problemə səbəb oldu. Nəhayət, Rusiya Ukraynaya məxsus olan Krımı və Donbası ələ keçirdi.
Bu proses 12 il ABŞ-ın Cənubi Qafqazdan uzaqlaşmasına gətirib çıxartdı. Tramp, hətta Cənubi Qafqaza xəritədə belə nəzər yetirməyib. Bir dəfə Milli təhlükəsizliyin nümayəndəsi Con Bolton tərəfindən ora səfər baş tutub.
Bu səfər də İran üzərinə diplomatik təyziqin artması ilə bağlı olub. Fikirləşirəm ki, bu starteji səhv idi. Corc Buş Trampdan daha uzaqgörən siyasət yürüdürdü. Trampın prezident olana qədər siyasətdə elə təcrübəsi olmayıb və Cənubi Qafqazla bağlı da ciddi fikrə malik deyildi.
- Gələk, Co Bayden və ABŞ-da qurulan yeni administrasiyaya. Çoxları Baydeni hər zaman ermənipərəst mövqeyini ortaya qoyan bir şəxs kimi tanıyır. Onun Azərbaycanla əlaqələri necə olacaq? Bildiyimiz kimi Azərbaycan ABŞ-ın enerji sahəsində müttəfiqidir. Baydenin hakimiyyəti dövründə nələr dəyişə bilər?
- Prezident Baydenin Ermənistan və Yunanıstanla bağlılığı var. O, bir az da Türkiyəni sıxışdırmağa çalışıb. Onun səbəblərinin nə olduğunu bilmirəm. Ola bilər ki, buna səbəb seçkilərdə yunan və erməni əsilli seçicilərin səslərini toplamaq taktikası idi. Bayden hər zaman prezident Ərdoğan və Türkiyə haqqında neqativ fikirlər söyləyib. Belə ki, onun hər zaman “Ərdoğanın hakimiyyətdən getməsi daha demokratik olar” kimi fikirləri var.
Baydenin İraqdakı müharibə haqqında “İraqdakı sünni, şiə və kürdlər bölünməlidir” deməsi Türkiyənin narahatlığına səbəb olub. Təbii ki, PKK və kürd terroru haqqında Türkiyənin iradlarını anlamaq olar.
Bayden YPG-nı Suriyada dəstəkləməklə Türkiyəyə qarşı olduğunu göstərib. Bayden administrasiyasındakı Türkiyəyə qarşı fikirlər kifayət qədər çoxdur. Bu kimi faktlar Bayden administrasiyasında Azərbaycana yaxın fikirli adamlara da təsir edir.
Azərbaycan isə ərazidə beynəlxalq normalara və qaydalara yüksək səviyyədə əməl edir. İnsan haqlarına çox hörmətlə yanaşır. Azərbaycan sözdə və əməldə “Qarabağda ermənilər yaşaya və azərbaycanlılarla qapı qonşusu ola bilər” deyir və əməl etdiyini göstərir. Azərbaycan etdiyi düzgün hərəkətləri ilə Bayden administrasiyası tərəfindən qiymətləndirilməlidir. İndi Azərbaycan hər istənilən təzyiqə qarşı özünü müdafiə etmək gücünə sahibdir.
- Azərbaycan haqqında kifayət qədər məlumatlı adamsınız, xalqımız da sizə biganə deyil. Amma Bakıdakı səfirlik fəaliyyətinizin ömrü çox qısa oldu, nədən?
- Təəssüflər olsun ki, mənim Bakıda səfirlik dönəmim 1 il olub. Əslində isə 3 il olmalı idi. Bir qrup erməni ABŞ-dakı Ermənistan milli cəmiyyətinə müraciət etdilər. “Daşnaksütyun” partiyasının fəalları senatı mənim əleyhimə səs vermələri və statusumu əlimdən almaları üçün inandırdılar.
Məni Barak Obama təyin etmişdi. Bununla Ermənistan milli cəmiyyəti Kaliforniyada senator Barbara Bokseri inandıra bildi. Qeyd edim ki, Kaliforniya ən çox erməni yaşayan regionlardan biridir. Onlar, həmçinin senator Robert Menendesi də buna inandırdılar.
Hamısı hələ də ermənilərin tərəfində olan dövlət adamlarıdır. Kaliforniyada ermənilər çox olduğu üçün Bokser buna məcbur oldu. Menendesin səbəbi isə Türkiyəni sevməməsi idi. O zamanlar Obama əmr imzalayaraq mən daxil olmaqla Türkiyəyə, Çexiyaya, Suriyaya səfirlər təyin etdi. Bu fərmana isə konqres belə qarşı çıxa bilməzdi. Onun səfiri senatın icazəsi olmadan da göndərməyə ixtiyarı var. Ancaq belə olduğu halda səfirin yalnız bir il həmin ölkədə xidmət etmək haqqı var. Buna görə də 1 il sonra Azərbaycanı tərk etmək məcburiyyətində qaldım.
- Hazırda nəylə məşğulsunuz, diplomatik fəaliyyətə qayıtmaq üçün düşüncəniz və şanslarınız varmı?
- Mən bu yaxın vaxt ərzində siyasətə qayıtmaq niyyətində deyiləm. Heç mənə bu barədə Bayden administrasiyasından təklif də gəlməyib (gülür). Mən arada öz siyasi təcrübəmi yeni administrasiyada olan dostlarımla bölüşürəm.
Hazırda yaşadığım həyat məni qane edir və bizneslə məşğul olmağı sevirəm. İndiki dönəmdə həyatımda nəyisə dəyişmək fikrim yoxdur. Müstəqil ekspert kimi fəaliyyət göstərməyə daha üstünlük verirəm. Bizneslə məşğul olmağım uğurlu alınıb.
Bilmək olmaz, bəlkə də nə vaxtsa siyasətə qayıtdım və hətta konqresə namizədliyimi irəli sürdüm. Mən diplomatik fəaliyyətimi Bakıda bitirmişəm və indi bu işlə məşğul olmaq istəmirəm. Ancaq nə vaxtsa ABŞ-da mənim siyasi biliklərimə ehtiyac duyularsa, bir vətəndaş kimi borcumu sonuna qədər yerinə yetirməyə hazıram.
Vüsalə Balayeva, Bizim.Media