“Qarabağda döyüşlər gedirdi. Bir tərəfdə Ayaz Mütəllibov artıq Moskvaya sığınmışdı. Başqa bir tərəfdən də Yaqub Məmmədov da hakimiyyət uğrunda o qədər də həvəsli deyildi. Yaranmış situasiyadan istifadə edərək Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətə gəlməyə çalışırdı”.
Bunu Bizim.Media-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı dedi.
MÖVZU İLƏ BAĞLI:
"Laçını da, Şuşanı da eyni adamlar satıb'' - İlham Əliyev
Deputat əlavə etdi ki, “ona görə də onlar Bakıda mövqelərini möhkəmləndirmək üçün Şuşa-Laçın istiqamətindən döyüşən qüvvələri və texnikanı paytaxta cəmlədilər.
Şuşa ilə Laçının işğalı ərəfəsində və ondan sonra bütün bunlar açıq şəkildə özünü göstərdi.
Həmin dövrdə indiki Müsavat partiyasının başqanı Arif Hacıyevin dediyi kimi, hakimiyyətə onların gəlməsi üçün 12 dövlətin razılığı alındı”.
Partiya sədrindən torpaqlar müqabilində AXC-Müsavat cütlüyünə hakimiyyət razılığı verən 12 dövlətin hansılar olduğunu soruşduq və Fəzail Ağamalı bildirdi ki, o vaxt ölkələrin sayı açıqlansa da, siyahıda hansı dövlətlərin olduğu sirr saxlanıldı.
“Bütün qüvvələri səfərbər edərək ermənilərə qarşı döyüşmək əvəzinə o vaxt üçün onsuz da zəif olan müdafiə sistemimizi hakimiyət davası naminə daha da çökdürdülər. Ermənilər isə bundan istifadə etdi.
Yaqub Məmmədovla Levon Ter-Petrosyan İranın vasitəçiliyi ilə Tehranda danışıqlara dəvət olundu. Onlar İranda olan zaman Şuşa işğal edildi”.
Fəzail Ağamalı bildirdi ki, Prezident İlham Əliyevin Laçının Güləbird kəndində çıxışı zamanı söylədikləri də belə tarixi faktlara söykənir.
Anar Rəhimov, Bizim.Media