Yanvarın 28-də Cənubi Azərbaycanın Xoy şəhərində güclü zəlzələ baş verib. Hadisə nəticəsində, minlərlə soydaşımız ev-eşiyindən didərgin düşüb, çadırlara sığınmağa məcbur olub.
Normal ölkələrdə bu cür təbii fəlakət hallarında hökumətlər vətəndaşların qayğısına qalmaq üçün bütün güclərini səfərbər edirlər. Üstəlik xarici ölkələrdən gələn yardımlar da belə hallarda dövlətlərin dadına çatır.
Bəs, İran nə edir?
Zəlzələ bölgəsindən yayılan görüntülərə əsasən deyə bilərik ki, molla rejimi əhalinin ən zəruri ehtiyaclarını belə təmin etmir. Müntəzəm olaraq, çadır düşərgələrindən insanların etiraz səsləri gəlir. Onların ən vacib tələbatları, su, qida ehtiyacları belə ödənilmir.
Eyni zamanda heç ailəbaşına bir çadır belə ayrılmayıb. Bəzi hallarda 7-8 ailənin bir çadıra sığınmağa məcbur olduğu görünür. Durum o qədər acınacaqlıdır ki, zəlzələdən sonrakı 1 həftə ərzində çadırlarda 116 nəfər dəm qazından zəhərlənib.
MÖVZU İLƏ BAĞLI:
İranın Xoy rayonunda 116 nəfər çadırlarda dəm qazından zəhərləndi
Durumun acınacaqlı olması bir tərəfə, İran rəsmilərinin rəzil davranışları və laqeyd açıqlamaları daha çox ikrah doğurur. Məsələn, İran Prezidenti İbrahim Rəisi yalnız zəlzələdən bir həftə sonra, hadisə yerinə gəlib, zərərçəkənləri ziyarət etməyə müəssər olub.
Xoy şəhərinin qubernatoru Zəbihullah Kazeminin açıqlamaları isə daha çox hiddət doğurub.
İran rəsmisi zəlzələdən zərərçəkənlərin şəraitinin tamamilə normal olduğunu və büdcədən zəlzələdən zərər çəkənlərə ayrılan pulların hara xərcləndiyini açıqlayıb:
"Biz zəlzələdən zərərçəkənlərə ayrılan pulları Xoyda ziyarətgahların abadlaşdırılması üçün xərclədik. İnşallah, növbəti zəlzələ olsa, vətəndaşlara kompensasiya ödəyəcəyik".
Öz əlindən bir iş gəlməyən, ya da qəsdən heç nə etməyən molla rejimi digər ölkələrdən gələn yardım təkliflərini də qulaqardına vurur.
Mollaların qarınağrısı nədir?
Doğrusu, İranın sosial-iqtisadi durumunun acınacaqlı vəziyyətdə olması məlumdur. Ona görə də, Xoyda zəlzələdən zərərçəkənlərə zəruri yardımların ayrılmamasınsa birinci səbəb, daha doğrusu bəhanə kimi bu məqamı ön plana çıxarmaq cəhdləri sezilir.
Amma bu belə deyil. Çünki İran onsuz da seysmik aktiv zonada yerləşir. Son illərdə İranın bir çox bölgələrində Xoydakından daha ağır təkanlar baş verib, daha çox dağıntılar, ölümlər olub. Ancaq onların heç birində Xoydakı qədər ağır vəziyyət yaşanmayıb. Məsələn, ötən ilin iyulunda Hörmüzqanda (İranın cənub ostanı) Xoydakından daha güclü, 6,3 ballıq təkanlar yaşandı.
Minlərlə sakin evlərindən didərgin düşsə də, ən azı zərərçəkmişlərin zəruri ehtiyacları hökumət tərəfindən qarşılanırdı.
Yəni, iqtisadi durumun ağırlığı yalançı bəhanədir. Mollaların Xoy sakinlərinə divan tutmasının başlıca səbəbi onların etnik kimliyidir. Fars-molla rejimi təbii hadisənin belə cəzasını azərbaycanlılara, soydaşlarımıza kəsir.
Xoydakı durum isə ürəklərimizi dağlayır, xüsusilə də, Xoyun Azərbaycan tarixində tutduğu yeri göz önünə gətirəndə. Bu tarixi türk şəhəri yüzlərlə qədim abidələrimizə ev sahibliyi edir. Hələ 18-ci əsr xanlıqlar dönəmində Xoy xanlığı vahid Azərbaycan qurmaq ideyası uğrunda mübarizə aparırdı. Digər tərəfdən xoylular 20-ci əsr boyu azadlıq mübarizəsində fəallıqları, mübarizlikləri ilə fərqləniblər.
Və unutmaq olmaz ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, eləcə də baş və xarici işlər naziri olmuş Fətəli xan Xoyski də əslən bu şəhərdəndir.
Bəlkə də, mollalar xoylulardan tarixi mübarizələrindən ötrü bu cür namərdliklə intiqam alırlar...
Murad Əhmədov, Bizim.Media