Hal-hazırda İran adlı dövlətin yerləşdiyi coğrafiyada türk sülalələrinin davamlı olaraq min ilə yaxın hökmranlıq etdiyi məlumdur. Söhbət Ərəb Xilafətinin zəifləməsindən sonrakı dönəmdən 1925-ci ilə qədər olan dövrdən gedir.
Onu da qeyd etməliyik ki, İrana hökmranlıq edən sonuncu türk sülaləsi Qacarların hakimiyyətinin son dönəmlərindən etibarən farslar hakimiyyətdə yüksək vəzifələrdə daha çox təmsil olunmağa başladılar. Bu vəziyyət türk əhaliyə qarşı diskriminasiyanın yaranmasına gətirib çıxardı. Nəticədə, XX əsrdə, əsasən də, mərkəzi Cənubi Azərbaycan olmaqla üç böyük xalq hərəkatı baş verdi.
Məşrutə hərəkatı
1908-1910-cu illəri əhatə edən Məşrutə hərəkatının mərkəzi Güney Azərbaycan, Təbriz idi. Hərəkata Səttar xan rəhbərlik edirdi. Şah qüvvələrinin Rusiya və İngiltərədən aldığı dəstəklə dəfələrlə Təbrizə hücum etməsinə rəğmən hərakatı yatırmaq mümkün olmur. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttar xanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, Səttar xan bu təklifi rədd edir.
Daha sonra isə hiyləyə əl atılır. Səttar xan və Bağır xan başda olmaqla Məşrutənin əsas öndərləri Məhəmməd Əli şahın dəvəti ilə Tehrana yollanır.
Maraqlıdır ki, Şah bu qərarı İngiltərədən gələn teleqramdan sonra verir. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər.
Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı güllə yarasından sonra əsir düşən Səttar xana Təbrizə geri dönməyə icazə verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişdi.
Xiyabani Hərəkatı
1918-ci ildə Osmanlı qoşunları Mudros müqaviləsinə əsasən Cənubi Azərbaycanı tərk etdilər və onların yerini ingilislər tutdu. 1919-cu ildə İranla İngiltərə arasında imzalanan saziş Qacarları Krallıqdan asılı duruma saldı. Bu vəziyyət Cənubi Azərbaycan xalqını ayağa qaldırdı. Hərəkata Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi. O, Şah və ingilis hərbi dəstələrini Təbrizdən çıxarmağa nail olur. 1920-ci ilin aprelində üsyan qan axıdılmadan qələbə qazanır və Xiyabani Güney Azərbaycanın adını Azadıstan olaraq dəyişir.
Həmin ilin iyununda milli hökumət yaradılır. Hərəkatın liderləri İranda yeni hökumətin qurulacağını və bu prosesdə azərbaycanlıların mühüm rol oynayacaqlarını düşünürdülər. Həmin günlərd Əhməd şah üzdə Xiyabani ilə danışıqlar aparsa da, əslində Təbrizə hücum planı hazırlığında idi. Sentyabrın 12-də hücum başlayır. 2 gün müqavimət göstərilsə də, Xiyabaninin öldürülməsi ilə hərəkat yatırılır. Bununla da şah rejimi Güney Azərbaycanın müstəqilliyinin önünə sədd çəkir.
Bəzi mənbələr İranın Ali Rəhbəri Əli Xameneinin Xiyabaninin qaynı oğlu olduğunu yazırlar.
1 Azər Hərəkatı
Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Azərbaycan Milli Höküməti İranda Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlayıb, daha sonra isə siyasi dəst-xəttinə müstəqil dövlətçilik istiqamətində yön verib.
Lakin Millki Hökumətin ömrü cəmi 1 il sürür. 1946-cı ilin 12-dekabrında, 21 Azərin başladağı gündə İran şahı Rza Pəhləvinin ordusu Təbrizə daxil olur və hərəkat süquta uğrayır. Milli hökumətə və yerli xalqa isə divan tutulur.
Tarixi mənbələrə görə, təkcə Təbrizdə 30 min insan qətlə yetirilir. Pişəvəri başda olmaqla milli hökumətin yüzlərlə fəalı Arazın şimalına üz tutmağa məcbur qalır.
Pişəvəri iyulun 12-də müəmmalı avtomobil qəzasından sonra dünyasını dəyişir. Lakin hadisənin sadəcə qəza olduğuna əksəriyyət bu günə kimi inanmır. Belə ki, qəzaya uğrayan avtomobili idarə edən şəxs Karnik Melixyan adlı erməni olub. 1944-49-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Komitəsi Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Lətif Salayevin şahid ifadəsində deyildiyi kimi, Karnik Melixyanın xarici kəşfiyyatın agenti olması DTK rəhbəri Yemelyanova məlum idi.
Əvvəlcədən qurulmuş maşın qəzasında Pişəvərinin sağ qalır. Bu, "əməliyyatın" tam həyata keçirilməməsi demək idi.
Ona görə də Pişəvərinin ölümü, təşkil olunmalı idi. 1947-ci il iyul ayının 11-də Pişəvəri ölümcül halda Yevlax rayon xəstəxanasına gətiriləndə huşu özündə idi. Həkimlərdən xahiş edir ki, Bakıdan doğma qardaşını gətirsinlər, o, həkim-cərrahdır. Əvəzində Xankəndindən cərrah Ərsiyan gəlir. Pişəvəri cərrahiyyə əməliyyatından ayağa qalxmadı. Erməni həkimi Ərsiyanın vurduğu zəhərli iynə onun həyatına son qoydu.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:30 / 04.02.2023
İranı silkələyən TÜRK ÜSYANLARI – Fars-erməni qardaşlığı soydaşlarımıza necə divan tutdu?
Hazırda oxunan: İranı silkələyən TÜRK ÜSYANLARI – Fars-erməni qardaşlığı soydaşlarımıza necə divan tutdu?
Hazırda oxunan: İranı silkələyən TÜRK ÜSYANLARI – Fars-erməni qardaşlığı soydaşlarımıza necə divan tutdu?
118296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.