Son günlərdə Ermənistan rəhbərliyi xarici işlər nazirliyi səviyyəsində Türkiyə ilə sərhədlərin açılması məsələsini gündəmə gətirir.
Ara Ayvazyan Eerməni kütləvi informasiya vasitələrinə verdiyi açıqlamasında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmaması üçün hər hansı səbəbin olmadığını qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Sərhədlər nə vaxt açıla bilər? - “Ermənistan yavaş-yavaş razılığa gəlir” - Politoloq
Baş verənlərin qəribə tərəfi ondadır ki, bu gün Ermənistan rəhbərliyi Türkiyə ilə sərhədlərin açılmasından danışır, lakin bir neçə ay əvvəl Türkiyədən gətirilən mallarla bağlı 6 ay müddətində rəsmi qadağa qoyulmuşdu. 6 ay bitməmiş Ermənistan tərəfi nəinki Türkiyədən malların gətirilməsini, hətta sərhədlərin açılıması belə təklif edəcək vəziyyətə gəlib.
Xarici işlər nazirinin çıxışı ilə eyni vaxtda “Past” qəzeti isə Ermənistan iqtisadiyyatının son vəziyyəti ilə bağlı mənzərini təqdim edir.
Hazırda Ermənistanda çox çətin bir iqtisadi vəziyyət yarandığını qeyd edən qəzet, böhranlı vəziyyətin daha da ağırlaşmaqda olduğunu vurğulayır.
Fakt budur ki, müharibə ilə əlaqədar olaraq onsuz da kövrək olan Ermənistan iqtisadiyyatına birbaşa təsir göstərən dayanıqlı maliyyə mənbələri və bütün müəssisələr ölkədən çıxarılıb.
Qəzet rəsmi səlahiyyətlilərin bütün səylərinin bu günə qədər nəticəsiz qaldığını bildirir. Üstəlik, qəzetin yazdığına görə, bu günlərdə xaricdə çalışan bir sıra sahibkarlar, hakimiyyətin Ermənistandakı işgüzar investisiyalarla bağlı təkliflərini, hətta kifayət qədər əlverişli şərtləri belə “quru şəkildə” rədd ediblər.
Bu vəziyyətdə Ermənistan iqtisadiayyatının təcili şəkildə çıxış yolu tapmalı olduğuna diqqət çəkən qəzet, əks halda vəziyyətin daha da pis ola biləcəyini bildirir.
Bu cür iqtisadi geriləmənin yanaşdığı və xarici investorların ölkəni tərk etdiyi bir vaxtda Ermənistanın Türkiyə ilə sərhədləri açmaq barədə fikirləşməsi olduqca təbiidir.
Lakin onu da nəzərə almaq lazımdır ki, sərhədlərin bağlanması ilə bağlı məsələ Türkiyənin iradəsi ilə həyata keçirilib və Ermənistanın Dağlıq Qarabağdakı işğalçı fəaliyyətlərinə qarşı yönəlib.
Yəni ki, Ermənistanın sərhədlərin açılmasını istəməsi heç də məsələnin həll olunması demək deyil. Gərək Ermənistan bu məsələdə Türkiyəni də razı salmağa nail olsun.
Onu da xatırlatmaq yerinə düşər ki, təkcə Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı iqtisadi əməkdaşlıq Ermənistanla sərhədlərin açılması ilə əldə olunacaq faydadan qat-qat üstündür.
Bu sadəcə olaraq məsələnin iqtisadi tərəfidir. Biz hələ iki ölkə arasındakı hərbi və strateji tərəfdaşlığı, mənəvi qardaşlığı ölçü meyarı kimi istifadə etmədik.
Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılması məsələsi istənilən halda Türkiyənin, dolayısı ilə də Azərbaycanın maraqlarına uyğun şəkildə həyata keçirilməli olan bir məsələdir.
Əgər Ermənistan regionda Türkiyə və Azərbaycanın maraqlarına uyğun olmayan çıxışlar və davranışlar sərgiləməkdə davam edəcəksə, sərhədlərin açılması məsələsi də bir o qədər müddətlik təxirə salınacaq.
Yox, əgər Ermənistan dinc birgəyaşayışa əsaslanan qonşuluq prinsiplərinə əməl etdiyini nümayiş etdirəcəksə və 11 yanvar razılaşamsından irəli gələn öhdəliklərini yerinə yetirəcəksə, irəlidə Türkiyə ilə sərhədlərin açılması məsələsi uğurlu şəkildə həll olunacaq.
Bu addım da bütün region üçün istisadi əməkdaşlığa öz töhvəsini verəcək.
Lakin son aylarda Ermənistan tərəfinin sərgilədiyi qeyri-konstruktiv mövqe heç də bu məsələnin yaxın zamanda həll olunmayacağını göstərir.
Rəvan Əliyev, Bizim.Media