BBQ Ermənistan-Azərbaycan arasında ÜÇÜNCÜ SAVAŞIN olacağını bildirdi – Real vəziyyət necədir? 

Hazırda oxunan: BBQ Ermənistan-Azərbaycan arasında ÜÇÜNCÜ SAVAŞIN olacağını bildirdi – Real vəziyyət necədir? 

118094

Beynəlxalq Böhran Qrupu yeni hesabatını yayıb. Hesabatın bölgəmizlə bağlı hissəsində deyilir ki, Qarabağ uğrunda ikinci müharibədən iki il sonra Ermənistan və Azərbaycan narahat şəkildə üçüncü savaşın başlamasına yaxınlaşır.

"2022-ci il ərzində vasitəçilər hərtərəfli sülh sazişi üzrə danışıqlar aparmağa çalışsalar da, üç böyük toqquşma vəziyyətin kövrəkliyini göstərdi.
Dağlıq Qarabağın dağlıq anklavının gələcəyi qonşular arasında münaqişənin mərkəzində qaldığı halda, sentyabrda sərhədlərboyu və Ermənistan daxilində gedən toqquşmalar döyüş meydanını genişləndirdi”, deyə Beynəlxalq Böhran Qrupunun hesabatında deyilir.

Qeyd edilir ki, Azərbaycanın hərbi cəhətdən xeyli üstün olduğu və Rusiyanın Ukraynadakı müharibə ilə diqqətini yayındırdığı bir vaxtda, danışıqlarda səbirsizliyə düçar olarsa, Bakının bu yeni cəbhədə öz üstünlüyündən istifadə etməsinə çətin ki, nəsə mane ola bilsin. 

Müharibənin başa çatmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan sülhə hazır olmadığını əməlilə göstərməkdə davam edir. Onun son dövrlərdə sərgilədiyi fəaliyyəti əslində məhz sülhün əldə edilməsinə əngəl olmaq məqsədi daşıyır.

İrəvan Prosesə vəziyyəti qızışdırmağa meylli bəzi xarici qüvvələri də cəlb etməyə çalışır. Bu isə vəziyyətin kəskinləşməsinə xidmət edən amildir. Digər tərəfdən, Ermənistan hələ də 10 noyabr sazişinin bir sıra müddəalarına əməl etmir.

Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Hansı ki, bunun özü də prosesin dinc müstəvidə getməsi və sülhə nail olmaq yolunda başlıca maneədir. 

Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev də qeyd edir ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yenidən alovlanması ehtimalı olduqca böyükdür: 

“Ona görə ki, Ermənistan tərəfi birtərəfli qaydada sülhə nail olmaqdan yayınır, bu prosesi sabotaj etməklə pozur. Qərb və Rusiya tərəfindən masaya qoyulan sülh variantlarına sözdə hazır olduğunu bəyan etsə də, İrəvan reallıqda son hərəkətlərilə buna qarşı çıxdığını nümayiş etdirir.

Ermənistanın Azərbaycanın bölgədəki mövqeyini nəzərə almadan Avropa İttifaqının mülki missiyasını sərhədə gətirməsi o deməkdir ki, İrəvan məsələni daha çox beynəlxalq müstəviyə çıxarmaqla eskalasiyanın yaranmasına çalışır.
Bu isə Azərbaycanın təhlükəsizliyi və milli maraqlarına, ölkəmiz tərəfindən təklif olunan sülh gündəliyinə uyğun deyil. Məsələnin həlli üçün 30 il ərzində beynəlxalq təşkilatlara etibar etməklə ortada 30 ili itirdik. Sonda problemi Azərbaycan özü həll etdi.

Ermənistanın sülh gündəliyini gecikdirməsi, müəyyən bəhanələr uydurması artıq Azərbaycanı yenidən antiterror əməliyyatlarına başlamağa sövq edə bilər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin