İran səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI

Hazırda oxunan: İran səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI

116994

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəmizin İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunub ki, görüşdə Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.

Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.

İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.

Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.  

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin