Avropada Quran yandırılır, ərəblər susur... – Bəs, Qərb Türkiyəni niyə hədəfə götürüb?  

Hazırda oxunan: Avropada Quran yandırılır, ərəblər susur... – Bəs, Qərb Türkiyəni niyə hədəfə götürüb?  

116765

Avropada müqəddəs Qurani-Kərimi yandırmaq artıq trend olub. İsveçdən sonra bu dəfə Niderlandda "Pegia" qrupunun lideri Edvin Vaqensveld Qurani-Kərimin vərəqlərini cıraraq yandırıb. Yenə də polislərin müşaiyyəti ilə.

Avropa siyasətçiləri nəyin sorağındadır?

Təəssüflə deməliyik ki, çox qorxulu bir proses başlayıb. Kütləvi şəkildə və nümayişkəranə şəkildə Qurani-Kərmin yandırılması təkcə islam dünyasının heysiyyatıyla oynamaq deyil, həm də digər dindən olan insanları birbaşa təxribata təşviq etməkdir. Əvvəllər də belə hallar olub. Amma o zamanlar bu davamlı olmayıb. Digər tərəfdənsə o zaman bu hadisəni törədən sıradan adamlar olub. İndi isə bu təxribatı törədənlər siyasətçilərdir. Bu məsələdə diqqət çəkən bir məqam da var. Danimarkalı siyasətçi gedib İsveçdə, Almaniyalı siyasətçi isə gedib Niderlandda Qurani-Kərimi yandırır. 

Bu isə ondan xəbər verir ki, bu təsadüfi yox, məqsədyönlü və qabaqcadan planlaşdırılmış təxribatlardır. 

Burda iki məqam var. Avropa el dili ilə desək “eşşəyə gücü çatmadığından palanı döyür”. Heç kimə sirr deyil ki, avropalılar ABŞ-ın təşkilatçılığı ilə əvvəl islam ölkələrində, daha sonra isə Ukraynada yaradılan qaynar nöqtələrin icraçılarıdır. İndi Avropa özünün yaratdığı problemlərin məngənəsində sıxılır. 

Hələ 20 il əvvəl bir çox siyasətçilər deyirdi ki, “ərəb baharı” inqilablarının fəsadları gec-tez Avropanı vuracaq. Və o zaman artıq yetişib. Pandemiyanın yaratdığı iqtisadi sıxıntılar, Rusiyaya qarşı sanksiyalara məcburi şəkildə qoşulma və ən nəhayət Ukraynadakı müharibə Avropanı geri dönüşü olmayan labirintə soxub.

Həm infilyasiya, həm də qanunsuz miqrant axını Avropanı çətin duruma salıb. Və çox təəssüf ki, bu vəziyyətin yaranmasına əsas səbəbkar olan Avropa liderləri günahı özlərində görmür. Günahkar nə yazıq ki, kənarda axtarılır. Avropalıların nəzərincə bu məsələdə 2 günahkar var. Bunun biri ABŞ, digəri isə Türkiyədir. ABŞ-a açıq şəkildə etiraz etməyə cəsarətləri çatmayan avropalılar dolayısı ilə bu hayıfı da Türkiyədən almaq istəyirlər. 

Türkiyənin bu işdə günahı nədir?

Yada salaq ki, Avropa Türkiyə ilə razılaşmışdı ki, Suriyadan Türkiyəyə gələn 3 milyon qaçqın Avropaya buraxılmayacaq. Türkiyə 10 ilə yaxın öz öhdəliyini yerinə yetirdi. Amma Aİ rəsmi Ankara qarşısında bunun müqabilində götürdüyü öhdəliyi yerinə yetirmədi. Ona görə də Türkiyə Suriya və digər müsəlman ölkələrdən gələn qaçqınların Avropaya gedişinə artıq əngəl olmur. Bu hesaba da Avropa dövlətlərində ac-yalavac müsəlman miqrantlarla doludur. Bu günlərdə Avropa mediasında Parisin mərkəzi küçələrində gecələyən müsəlman miqrantların foto və video görüntüləri yayılmışdı.

Avropalıların Türkiyəyə qarşı nifrətinin digər səbəbi isə bu ölkənin dünyada söz və güc sahibi olmasıdır. Türkiyənin iştirakı olmadan artıq dünyada hansısa qlobal məsələ ilə bağlı konsensus olmur.

İsveçin NATO-ya üzvlük məsələsi, eləcə də “Taxıl dəhlizi” faktorunda Türkiyənin son söz sahibi olması Avropa dövlətlərini ciddi narahat edir.

Ona görə də Qurani-Kərimin yandırılmasının trend olması dolayısı ilə Türkiyəyə etirazdır. Təsadüfi deyil ki, Qurani-Kərimin yandırılmasına hələlik təkcə Türkiyə rəsmi etirazını bildirib. Özünü qatı islam ölkəsi hesab edən ölkələrsə susur. Bu susqunluq da onu ifadə edir ki, hər kəs hədəfin Türkiyə olduğunu çox yaxşı bilir.

Nəzərə alaq ki, Türkiyə prezident seçkiləri ərəfəsindədir. Belə bir həssas məqamda Avropanın dinc duracağı heç də ağlabatan deyil. Yəqin ki, yaxın zamanlarda biz daha başqa təxribatlara şahidlik etməli olacağıq.
Amma Türkiyə bu təxribatlara cavab verməyə hazır görünür. İndi iqisadi, siyasi və hərbi gücü kifayət qədər yüksək olan Ankaranın yaxınlarda YEKUN SÖZÜ deyəcəyini görəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin