Vahid Əhmədov: “İnvestisiya Holdinqinə verilən şirkətlərdə korrupsiya halları çox idi”

Hazırda oxunan: Vahid Əhmədov: “İnvestisiya Holdinqinə verilən şirkətlərdə korrupsiya halları çox idi”

11651

Bu gün Prezident İlham Əliyevin verdiyi sərəncam ilə daha dörd şirkət, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

İqtisadçı ekspertlərin fikrincə, ölkənin mühüm şirkətlərinə bir qurum tərəfindən nazərət olunması bəzi xoşagəlməz halların qarşısını da almaqda yardımçı olacaq.  

Milət vəkili Vahid Əhmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu ölkə başçısı tərəfindən atılmış çox mühüm addımdır.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL, ADY, “Bakı Metropoliteni” və “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM


Onun sözlərinə görə bununla şirkətlərdə olan qanunsuzluqlar və dgər problemlər aradan qalxacaq:

“Bununla Azərbaycan İnvestisiya Holdinqi yüksək qurum olaraq bu şirkətlərin gəlir və xərclərinə nəzarət edəcək, o cümlədən qurumların strukturlarını təkminləşdirmək üçün müəyyən işlər aparacaq.

Çünki bu şirkətlərlə bağlı müəyyən problemlər var idi. Bu barədə cənab Prezident dəfələrlə çıxışları zamanı deyib.

Artıq bu problemləri aradan qaldırmaq üçün müəyyən addımlar atılır. Bu şirkətlərdə müəyyən kadr və struktur islahatları da aparılacaq. Amma əsas odur ki, şirkətlərin gəlir və xərclərinə kənar bir orqan nəzarət edəcək, bu çox vacib və əhəmiyyətlidir”, - deyə o bildirib. 

Millət vəkili bu şirkətlərin bəzilərinin gələcəkdə özəlləşdirməyə verilə biləcəyini də deyib və qərarın ölkə iqtisadiyyatına və şirkətlərin normal fəaliyyət göstərməsinə də imkan verəcəyini vurğulayıb:

“Bu şirkətlərin müəyyən bir hissəsində bir-sıra problemlər vardı. Bəziləri banklardan götürdükləri kreditləri geri ödəməyib, bəzilərində şirkət rəhbəri ətrafına ancaq qohum-əqrəbasını toplayıb, qruplaşma yaradıb, bundan başqa korrupsiya halları da çox idi. Ona görə atılan bu addım bu şirkətlərin normal fəaliyyət göstərməsi üçün də zəmin yaradacaq”.

Xatırladaq ki, Azərbaycan İnvestisiya Holdinqi Prezident İlham Əliyevin 2020-ci il 7 avqustda imzaladığı fərmanla yaradılıb.

Holdinqin İdarə Heyətinin sədri Mətin Balasən oğlu Eynullayevdir. 

Qeyd edək ki, bir müddət əvvəl Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də daxil olmaqla daha bir neçə şirkətin İnvestisiya Holdinqin idarəedilməsinə verilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin