Bakı Vaşinqtonun ikili siyasətinə öyrəncəlidir - TƏHLİL

Hazırda oxunan: Bakı Vaşinqtonun ikili siyasətinə öyrəncəlidir - TƏHLİL

116507

"ABŞ-ın dövlət katibi Entoni Blinken 18/23 yanvar tarixlərində Ermənistan və Azərbaycan liderlərinə zəng edib. Paşinyanla danışıq zamanı Blinken “baş nazirin sülhə sadiqliyini alqışlayıb... Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən” narahat olduğunu bildirib və Azərbaycanla ikitərəfli danışıqların yenidən başlaması üçün atılacaq addımları müzakirə edib". 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) təhlilində yer alıb.

“Azərbaycan prezidenti ilə danışıq zamanı Blinken “Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasından, humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtmasından” danışıb, Bakını İrəvanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa çağırıb.

Qeyri-obyektiv yanaşma

Bakı Vaşinqtonun ikili siyasətinə öyrəncəlidir. İlk dəfə deyil ki, Bakı ilə danışıqda istifadə olunmayan “Dağlıq Qarabağ” ifadəsi İrəvanla danışıqlarda peyda olur. Lakin, bu dəfə ikili siyasətə qeyri-obyektivlik və irrasionallıq elementləri də əlavə olunub. Aksiyanın səbəblərinə toxunmadan, yolun yalnız humanitar məqsədlər üçün istifadə edilməli olduğunu qeyd etmədən aksiyanın dayandırılmasını tələb etmək obyektivlikdən çox uzaqdır.

Bakı ABŞ-ın çağırışına uyğun aksiyanı dayandırsa, Ermənistan bu yoldan yenə də Qarabağa silah/hərbçilər daşımaq, təbii resursları talan etmək və sülh prosesinə zərbə endirmək üçün istifadə edəcək. Bunun Ermənistana 2 illik Aİ missiyasının gəldiyi vaxtda edilməsi isə xüsusi təhlükəlidir: yolun nəzarətsiz qalması şəraitində Ermənistan Aİ missiyasına arxalanıb, hərbi-iqtisadi resursların bir qismini şərti sərhəddən Qarabağa göndərəcək.

İrrasional yanaşma

Rusiyanı regiondan sıxışdırmaq üçün ABŞ-a sülh sazişi lazımdır. Ölkələr arasında sülh Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yol açacaq. Qarşılıqlı ərazi iddialarının olmaması, regional kommunikasiyaların açılması, iqtisadi münasibətlərin qurulması Ermənistanın Rusiyadan iqtisadi, perspektivdə isə hərbi-siyasi asılılığına son qoyacaq. Vaxtı gəldikdə İrəvan Türkiyə ilə sərhəddə duran rus hərbçilərini və Gümrü/Erebunidə yerləşən rus hərbi bazalarını ölkədən çıxara biləcək. Bakı-Xankəndi arasında (assimetrik) dialoqun və etibar mühitinin formalaşması isə 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinə şərait yaradacaq. Xatırladaq ki, Vaşinqton görüşündə razılaşdırılan Bakı-Xankəndi dialoqu “Moskvadan çox aydın bir gündəliklə göndərilən” Vardanyan tərəfindən pozulmuşdur. Bildiyimiz kimi ekoaskiyanın əsas tələblərindən biri isə Vardanyanın Qarabağı tərk etməsidir.

Geosiyasi ziddiyyətlər

ABŞ-ın yanaşması geosiyasi cəhətdən ziddiyyətlidir. İrəvan-Bakı/Ankara münasibətlərini normallaşdırmadan Ermənistanı Rusiyadan ayırmaq qeyri-mümkündür. Ermənistanın Rusiyadan birtərəfli qaydada üz döndərməsi Moskva ilə münasibətlərin kəskinləşməsinə gətirəcək. İki bağlı sərhədlə Rusiyaya qarşı tab gətirmək yalnız ABŞ və Aİ kimi nəhəng himayədarlər sayəsində mümkündür. ABŞ/Aİ-nin Ermənistanda möhkəmlənməsi isə axırıncının İranla münasibətlərinə xələl gətirəcək. Nəticə etibarı ilə ABŞ/Aİ tərəfindən dəstəklənən Ermənistan regionda Azərbaycan, Türkiyə, Rusiya və İrana qarşı tək cəbhə təşkil etməli olacaq ki, bu da nəzəri cəhətdən az ehtimal olunan, praktiki cəhətdən isə qeyri-mümkündür.
 
Nəticə

Moskva “Vardanyan layihəsi”, “status məsələsini gələcək nəsillərə saxlamağı” nəzərdə tutan sülh sazişi təklifləri ilə regionda uzunmüddətli mövcudluğunu təmin etməyə çalışır. Azərbaycan Rusiyanın sülh sazişini rədd etdiyi və “Vardanyan layihəsini” aradan qaldırmağa çalışdığı halda Paşinyan Rusiyanın təklif etdiyi sülh sazişini “100% dəstəklədiyini” bildirir. Azərbaycanı dəstəkləyərək Rusiyanın regionda hərbi-siyasi mövcudluğuna son qoymaq əvəzinə Vaşinqton İrəvan və erməni diasporunun narrativlərini təkrarlayaraq Rusiyanın regionda möhkəmlənməsinə şərait yaradır”, - deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin