“Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın düzgün hesablanmaması, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi əməkdaşlığı çətinləşdirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO
Bunun etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxardığını qeyd edən Prezident deyib:
“Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.
Dövlətimizin başçısı müxbirin müvafiq sualına cavab verərkən bildirib ki, siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür.
O, buna daha bir misal olaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səylərini göstərib.
“Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
İlham Əliyev pandemiya dövründə xarici ölkələrə göstərilən yardımlardan danışıb:
“Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik”.
“1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur, bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır.
Bizim.Media