“Azərbaycanda investisiya mühiti çox müsbətdir, xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO
Dövlətimizin başçısı deyib ki, indi şaxələnmə barədə düşünmək və hərəkət etmək vaxtıdır:
“Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi ipək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.
Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Biz bu səyləri birləşdirməliyik”.
Ölkəmizin başçısı qeyd edib ki, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib:
“Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək”.
Prezident İlham Əliyev deyib ki, bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var:
“Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil”.
Bizim.Media